Merkel: Amerika və Britaniyaya güvənə bilmərik

Merkel: Amerika və Britaniyaya güvənə bilmərik
29 May 2017
Mətni dəyiş
"The Telegraph" yazır ki, Almaniya kansleri Angela Merkel, Brexit və Trump-a görə Avropanın bundan sonra bir müttəfiq kimi ABŞ və Birləşmiş Krallığa güvənə bilməyəcəyinə işarə vurub.
O bildirib ki, qitə öz taleyini əllərinə almalıdır. Bu bəyanatı xanım Merkel Avropa liderlərinin ABŞ prezidenti Donald Trump-la G7 sammitindəki görüşünün dərhal ardınca verib.
Bavariyada keçirilən bir seçki kampaniyası tədbirində, pivə çadırında əyləşən xanım Merkel deyib ki, bu görüş ayılmaq vaxtının gəldiyini göstərib.
O deyib: "Bizim kiməsə güvənə biləcəyimiz vaxtlar, bir növ başa çatıb və mən bunun son bir-iki gündə şahidi olmuşam".
"Və deməliyəm ki, biz avropalılar öz taleyimizi əlimizə almalıyıq" - deyib kansler.
Merkel deyib: "Hərçənd bizim gərək ABŞ, Birləşmiş Krallıq və Rusiya da daxil, başqaları ilə yaxşı münasibətlərimiz olsun".
"Amma biz öz gələcəyimiz, avropalı kimi öz taleyimiz üçün özümüz mübarizə aparmalıyıq" - deyib Almaniya lideri.
Fransa przeidenti Emmanuel Macron-u seçki qələbəsi münasibəti ilə təbrik edən Merkel deyib ki, "Almaniya harada bacarsa, köməyini əsirgəməyəcək, çünki Almaniyanın işləri Avropanın işləri yaxşı gedəndə yaxşı olacaq".
Yeri gəlmişkən, Macron "Journal du Dimanche" qəzetinə deyib: "Donald Trump, Türkiyə prezidenti və ya Rusiya prezidenti hər şeyə güc bucağından baxırlar, bu mənim mövqeyim deyil".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun