"DTX əməkdaşlarının cəzaçəkmə müəssisəsinə gəlib İlkinlə görüşməsi qanunsuzdur"

"DTX əməkdaşlarının cəzaçəkmə müəssisəsinə gəlib İlkinlə görüşməsi qanunsuzdur"
5 May 2017
Mətni dəyiş
13 saylı cəzaçəkmə müəssisəsində 4 ildir həbs həyatı yaşayan NİDA üzvü İlkin Rüstəmzadə ona təzyiqlər edildiyini deyir. O, ailəsi ilə telefon danışıqlarında Dövlət Təhlükəsizlik Xidmətinin işçilərinin onu əməkdaşlığa dəvət etdiyini bildirib. 
“Açıq şəkildə deyiblər ki, əgər sən biz dediyimizi eləməsən, səni nə hospitala buraxmayacağıq, nə də buradan çıxmayacaqsan, elə burada qalacaqsan. Bunu gör kim gəlib deyir?! Hökumət nümayəndəsi gəlib deyir. Lap tutaq ki, İlkin cinayətkardır, cinayət eləyib, tutulub, məhkəmə olub, hökm kəsilib. Qoy o cəzasın çəksin. Sən niyə gəlib dövlət adından onu təhdid edirsən?! Milli Təhlükəsizlik Nazirliyin ləğv elədilər, yerində bu qurum fərqli oldu? Bu qurum ondan da betərdi”.
İlkin Rüstəmzadənin vəkili Nemət Kərimli MeydanTV-yə bildirib ki, DTX əməkdaşlarının cəzaçəkmə müəssisəsinə gəlib İlkinlə görüşməsi qanunsuzdur.
“Mən içəri daxil olmaq istəyəndə içəridən iki nəfər çıxdı. Amma paltarlarından, geyim formalarından hiss olunurdu ki, bu, Ədliyyə Nazirliyinin işçiləri deyil. Mən otağa daxil olandan sonra İlkin dedi ki, indi iki nəfər çıxdı. Dedim, onlarla qarşılaşdım. O bildirdi ki, onlar DTX-nın əməkdaşlarıdırlar və onlar gəlib konkret təzyiqlər edirlər. O, DTX-ya işləməlidir, müəyyən məlumatlar çatdırmalıdır və s. O da konkret olaraq imtina edib. Ona bildiriblər ki, belə olduğu halda sən uzun müddət həbsdə saxlanılacaqsan”.
13 saylı cəzaçəkmə müəssisəsindən ötən il azadlığa çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu bildirir ki, həbsxanada İlkin Rüstəmzadəyə qarşı ayrı-seçkilik edilirdi.
“İlkinin görməsində, bir az da çəkisində problem var. O gələn gündən xahiş edir ki, ona ikinci mərtəbədə yer verməsinlər, orada çarpayılar ikiqatdır. Mən çıxana qədər onun o problemin həll eləmədilər. Hamı da bilir ki, o günahsız insandır, işıqlı gəncdir, ona işgəncə vermək nəyə lazımdır? Onun səhhətində ciddi problemlər var, mərkəzi hospitala getməlidir. Mətbuat yazdı, amma yenə onu ora aparmadılar”.
Dövlət Təhlükəsizlik Xidmətindən məsələni araşdırıb cavab verəcəklərini bildirsələr də, daha sonra zənglərimizi açmadılar.
Penitensiar Xidmət məsələni araşdıraraq daha sonra məlumat yayacaqlarını bildirib.
Bu ilin fevralında NİDA Hərəkatının keçmiş üzvü Rəşad Həsənov həbsxanada olduğu vaxt  DTX işçilərinin  yanına gələrək əməkdaşlıq təklif etdiklərini demişdi. O, ailə üzvləri ilə təhdid olunduğuna görə əməkdaşlığa razılaşdığını bildirib. Sonda o, sövdələşmədən imtina etmək üçün ölkəni tərk etməyə məcbur qaldığını deyib.
İ. Rüstəmzadə “Əsgər ölümlərinə son” aksiyasının təşkilatçısı olub. O, 2013-cü ilin mayında Baş Prokurorluğun təqdimatı əsasında həbs olunub. Əvvəlcə xuliqanlıqda və hakimiyyət nümayəndəsinə müqavimətdə ittiham olunsa da, daha sonra kütləvi iğtişaşların təşkilində günhalandırılıb. O, 8 il azadlıqdan məhrum edilib. İlkin Rüstəmzadə ilə birlikdə həbs olunan 7 nəfər çoxdan azad olunub.
Avropa İnsan Hüquqları Məhkəməsi İ.Rüstəmzadənin işini araşdırır. “Amnesty International” təşkilatı İ.Rüstəmzadəni vicdan məhbusu kimi tanıyıb.
İ.Rüstəmzadənin anası son baş verənlərdən narahatdır. “DTX işçilərinin gəlib onunla görüşüb danışmaqlarından narahatam. Valideyn kimi bildirmək istəyirəm ki, orada İlkinin başından bir tük əskik olsa, bunun bütün məsuliyyəti onun yanına gələnlərin, hakimiyyətin üzərindədir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun