Apple maliyyə rekordları əldə etməkdə davam edir

Apple maliyyə rekordları əldə etməkdə davam edir
11 May 2017
Mətni dəyiş
Apple bazar kapitalı 800 milyard dollardan çox olan ilk Amerika şirkəti oldu. Bu göstərici şirkətlərin mövcud səhmlərinin həmin ana olan dəyərlərin cəmini ifadə edir.
Apple-ın səhmlərinin dəyəri son aylarda sabit olaraq artmaqda idi. Bunun səbəbinin sentyabr ayında bazara buraxılacaq yeni nəsil iPhone modeli ilə bağlı gözləntilərin olduğu hesab edilir. Barron maliyyə sərmayələri nəşrinə əsasən Apple səhmlərinin dəyəri 1980-ci ildə yarandığı tarixdən bu günə qədər 57,000 faiz artıb. On il öncəki göstərici ilə müqayisədə isə şirkətin səhmlərinin dəyəri 7.5 dəfə çoxdur.
Son rübdə Apple-ın satışları aşağı düşsə də, əldə etdiyi gəlir artmaqdadır. Verilən məlumata görə, şirkətin səhmlərinin builki artımı 30 faizə yaxındır. Ekspertlərin fikrincə, Apple şirkətinin bu nailiyyəti onların gəlirlərinin davamlı artacağına zəmanət vermir.
9 may tarixində Apple şirkətinin bir səhminin dəyəri 154 dollar idi. 5 milyarddan artıq səhmə sahib olan şirkətin bir səhminin dəyəri 202 dollar nöqtəsinə çatanda, Apple-ın bazar kapitalizasıyası 1 trilyon dollar olacaq.
Bazar kapitalizasiyasına görə Apple şirkətindən geri qalan Google-ın ana şirkəti Alphabet və Microsoft şirkətlərinin səhmlərini dəyəri müvafiq olaraq 659 milyard və 533 milyard dollar təşkil edir. Amazon şirkəti isə 455 milyard dollar bazar kapitalizasiyası ilə dördüncü yerdə qərarlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun