Əli Kərimli prokurorluqda ifadə verir

Əli Kərimli prokurorluqda ifadə verir
21 Aprel 2017
Mətni dəyiş
Əli Kərimli saxta sənədlərlə xaricdə sığınacaq almaq faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə dindirilir
Aprelin 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Bakı vaxtı ilə saat 10.30-dan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilir. O prokurorluğa vəkili Fəxrəddin Mehdiyevlə birgə gedib.
AXCP sədri saxta sənədlərlə xaricdə sığınacaq almaq faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə dindirlıir.
Prokurorluq binası qarşısında Kərimlini bir qrup partiya üzvü alqışlarla qarşılayıb.
O dindirilmədən öncə jurnalistlərə bildirib ki, bu Milli Şuranın 8 aprel mitinqində “Talana, yalana, monarxiyaya yox!” deməyinə görə quraşdırılmış bir işdir.
“Bu işin bizə aidiyyatı yoxdur. Biz bu prosesdə əslində zərərçəkmişik. Çünki bizim təşkilatımızın adından müəyyən saxta sənədlər veriblər. İnternetdə bu saxta sənədləri verənlər barədə çox yazılıb. İstəsələr bizim iştirakımız olmadan da saxta sənədləri verənləri tapa bilərlər. O saxta sənədləri verənlər bizim reputasiyamıza zərbə də vurub. İndi isə bizim başımızı qatmaq istəyirlər. İstəyirlər ki, süni şəkildə bizim adımız bu prosesdə ən azı hallansın. Bu AXCP-yə qarşı növbəti bir mərhələdir. Amma, biz çox görmüşük belə işləri. Bunlar bizim “Talana, yalana, monarxiyaya qarşı mübarizəmizi durdura bilməz”, o qeyd edib.
Kərimli AXCP adından saxta sənədlər verən şəbəkə ilə bağlı sualın cavabında deyib ki, mən də internetdən oxumuşam ki, belə bir qrup var.
“Onlar cəzasızlıqlarına o qədər arxayındırlar ki, əziyyət çəkib sənədləri əslinə belə heç oxşatmayıblar. Nə ekspert olmağa, nə xüsusi bir təhsliə ehtiyac var. İstənilən bir adam, adam kimi adam, oturub o sənədlərə baxsa, görəcək ki, bu saxta sənəddir”.
O istintaqın AXCP-ni zərərçəkmiş kimi tanıması üçün müraciət edəcəyini bildirib.
Ə. Kərimlinin saxta sənədlərlə xarici ölkələrdə nə qədər adamın siyasi sığnacaq alması barədə məlumatı yoxdur.
“Bizə hansı xarici ölkənin diplomatik idarəsindən, miqrasiya idarəsindən müraciət olunubsa saxta olanları təsdiq etməmişik. Həqiqətən AXCP üzvü olanlar isə təsdiq olunub”.
O AXCP üzvlüyünə son zamanlar qəbul olunanlardan üzr istəyib və deyib:
“Biz son iki ildə ümumiyyətlə üzvlük vəsiqəsi vermirik”, Əli Kərimli qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun