Xarici borca ehtiyac yoxdursa, niyə artıb?!

Xarici borca ehtiyac yoxdursa, niyə artıb?!
20 Fevral 2017
Mətni dəyiş
Azərbaycan Prezidenti İlham Əliyev "Al Jazeera" televiziyasına müsahibəsində xarici dövlət borclarından danışıb. Prezident deyib ki, Azərbaycan beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyil.
"Bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri də iqtisadi müstəqillik idi. Çünki biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, müstəqil siyasət yürütmək çətin olardı və xarici borcun aşağı səviyyədə saxlanılması, – onu deyim ki, bu gün xarici borc 20 faiz səviyyəsindədir, – bizə yalnız öz resurslarımıza güvənməyə imkan yaradır. Biz beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyilik. Bizim xərclərimiz həmişə gəlirlərimizdən az olub", – deyə prezident bildirib.
Xarici borc azalmayıb
Ancaq xarici borcla bağlı durum prezidentin qeyd etdiyi kimi deyil. Birincisi, xarici dövlət borcu azalmayıb, artıb. İkincisi, Azərbaycan əksər iri layihələrini gerçəkləşdirməyə ötən ilin sonundan xaricdən kreditlər alır. Mərkəzi Bankın bu günlərdə açıqladığı Pul Siyasəti İcmalından da görünür ki, Azərbaycanın xarici dövlət borcu 9 milyard dolları keçib. Sənəddə vurğulanır ki, 2016-cı ilin sonuna strateji valyuta ehtiyatları 37.6 milyard ABŞ dolları olub. Bu da xarici dövlət borcunu 4.1 dəfə üstələyib.
Bu isə ötən ilin sonuna Azərbaycanın xarici dövlət borcunun 9 milyard 17 milyon dollara çatdığı anlamına gəlir. Xarici dövlət borcu ilə bağlı ən son rəsmi məlumat ötən ilin oktyabrın 1-də yayılıb. Maliyyə Nazirliyinin məlumatına görə, həmin vaxta xarici dövlət borcu 7 milyard 650.7 milyon ABŞ dolları təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Bu il dövlətin xarici borcları üzrə 1 milyard 580 milyon 636.323 min manat məbləğində ödəniş olunacaq. Son 2-3 ildə xarici borcun ümumi daxili məhsulda (ÜDM-də) payı 7.5 faizdən 21 faizə kimi yüksəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun