"Moody`s" ABB-nin reytinqlərini endirib

"Moody`s" ABB-nin reytinqlərini endirib
7 Fevral 2017
Mətni dəyiş
"Moody`s" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xarici valyutada uzunmüddətli və qısamüddətli depozit reytinqini "Ba3" bəndindən "B1" bəndinədək endirib.
"APA-Economics"in məlumatına görə, bununla yanaşı, bankın prioritet təmin olunmamış borcu üzrə reytinqi "Ba3" bəndindən "B1" bəndinədək, uzunmüddətli xarici öhdəlikləri üzrə reytinqi isə "B1" bəndindən "B2" bəndinədək aşağı salınıb.
Paralel olaraq, qısamüddətli depozit reytinqi və kontragentin risk qiymətləndirməsi "Not-Prime" səviyyəsində təsdiqlənib.
Bankın uzunmüddətli və təmin olunmamış depozit reytinqləri üzrə proqnoz neqativdir.
Agentlik reytinqlərin endirilməsinin əsas səbəbi kimi 2016-cı ilin sonunda bankın maliyyə dayanıqlılığının pozulmasını göstərir.
"Bank öz risklərini hecləşdirmək imkanı tapmayıb. Halbuki belə bir niyyət olub. Yaxın zamanda baş tutan 600 mln. manatlıq kapitalizasiyaya baxmayaraq, 2017-ci ilin yanvarın 23-nə əsasən bankın kapital mövqeyi neqativdir. Buna isə əvvəllər yığılmış zərər səbəb olub", - deyə agentliyin açıqlamasında bildirilir.
Agentliyin mütəxəssislərinin hesablamalarına görə, 2016-cı ilin sonuna bankın xarici öhdəliklərinin həcmi 4 mlrd. manat və ya 2,1 mlrd. dollar təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun