"Elgiz Qəhrəman siyasi sifariş nəticəsində həbsdədir"

"Elgiz Qəhrəman siyasi sifariş nəticəsində həbsdədir"
6 Yanvar 2017
Mətni dəyiş
"Elgiz Qəhrəmana 6 il həbs cəzasının istənilməsi siyasi sifarişdir".
Bunu Toplum Tv-yə Nida Vətəndaş Hərakatının İdarə Heyətinin üzvü Ülvi Həsənli prokurorun Elgiz Qəhrəmana 6 il həbs cəzası istəməsini şərh edərkən deyib.
Ü.Həsənlinin sözlərinə görə, bu, onlar üçün gözlənilən idi: "Dünən məhkəmədə iştirak edirdik. Prokurorun qərarı ona görə gözlənilən idi ki, iş onsuz da əvvəlcədən hüquqsuz bir şəraitdə keçirildi. Hamı bilir ki, Elgizin narkotik ittihamı ilə heç bir bağlılığı yoxdur. Bu, siyasi sifariş idi. Ona görə də hamımız bunu gözləyirdik. Yəni təəccüblü bir hadisə baş vermədi. Bir sözlə, bunu birmənalı şifarişli qərar hesab edirik”.
Elgiz Qəhrəmanın atası Camal Qəhrəmanov isə bildirib ki, prokurorun bu qədər ağır cəza istəməsi onlar üçün gözlənilməz olub: "Vallah, dünəndən bəri donub qalmışıq. Anası heç tərpənə bilmir. Evdə hamı şoka düşüb ki, axı bu nə deməkdir?”
Elgiz Qəhrəmanın vəkili Fariz Namazlı isə prokurorun ittihamını əsassız hesab edib: "Biz Elgiz həbsə düşən andan etibarən həm istintaq, həm də məhkəmə dövründə onun sifariş əsasında həbs olunduğunun, ittihamın saxta və qurama olduğunu bildirmişik. Təbii ki, o yolla da gedəcəyik. Bəraət almaq niyyətimiz var. Təbii ki, yerli məhkəmədə tələbimiz bərpa edilməsə, Avropa Məhkəməsinə şikayət verəcəyik”.
Hüquq müdafiəçisi Rəsul Cəfərli isə bildirib ki, Elgiz Qəhrəman siyasi məhbusdur: "Hesab edirik ki, o, siyasi sifariş nəticəsində həbsdədir. Ona qarşı irəli sürülmüş narkotik ittihamı da sübuta yetirilməyib. Azərbaycanda il ərzində minlərlə insan bu ittihamla həbs edilir. Biz onların hamısını müdafiə etmirik, işində sübut olmayan, siyasi motiv açıq-aşkar görünən şəxsləri müdafiə edirik ki, Elgiz də onlardan biridir. Dünən prokurorun da ona 6 il azadlıqdan məhrum edilməsini istəməsinə münasibətim, əlbəttə ki, pisdir. Elgiz Qəhrəman azadlığa buraxılmalı və ona bəraət verilməlidir. Hazırda "Siyasi məhbus" siyahısında gənc fəal kateqoriyası üzrə 5 nəfər var. Elgizi azad etməklə bu sayı azalda bilərlər”.
Milli Məclisin İnsan haqları komitəsinin üzvü Fazil Mustafa isə Elgiz Qəhrəmanı tanımadığını bildirib: "Mən o şəxs haqqında eşitməmişəm. Məsələnin mahiyyətindən xəbərim yoxdur. Məhkəmə prosesini də izləməmişəm"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun