Daha bir AXCP fəalının saxlandığı bildirilir

Daha bir AXCP fəalının saxlandığı bildirilir
10 Yanvar 2017
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir gənc fəalını polislərin saxladığı deyilir.
Bu haqda partiyanın mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, AXCP fəalı Nicat Nizamovu yanvarın 9-u saat 16:00-da Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb.
Onun Suraxanı Rayon Polis İdarəsinin 30-cu Bölməsinə aparıldığı, orda saxlandığı bildirilir. Gənc fəalın hansı səbəbdən saxlanması haqda bölmənin həyətində olan AXCP üzvlərinə məlumat verilməyib.
"Azadlıq Radiosu"nun xəbərinə görə, partiyanın gənclər komitəsinin bəyanatında isə Nicat Nizamovun heç bir qanunsuz əmələ yol vermədiyi vurğulanır.
“Bəyan edirik ki, Nicat Nizamov heç bir qanundan kənar əməl törətməyib. Onun saxlanmasını qanunsuz və hökumətin AXCP-yə qarşı sistematik repressiyasının tərkib hissəsi hesab edirik”, bəyanatda bildirilib.
Suraxanı Rayon Polis İdarəsindən cəbhəçi gəncin saxlanmasına aydınlıq gətirmək mümkün olmayıb. Polis idarəsindən bu haqda onlarda məlumatın olmadığını deyiblər. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Bölməsindən isə suala hər hansı cavab verilməyib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun