Əli İnsanovun həbs müddəti uzadılıb

Əli İnsanovun həbs müddəti uzadılıb
11 Yanvar 2017
Mətni dəyiş
Qaradağ Rayon Məhkəməsi yanvarın 10-u sabiq səhiyyə naziri Əli İnsanovun həbs müddətinin uzadılmasına qərar verib.
Bu haqda onun vəkili Toğrul Babayev bildirib.
Müdafiə tərəfinin arqumentlərini qəbul etməyən məhkəmə prokurorluğun təqdimatını uyğun bilib. Sabiq nazirin məhkəməyə qədər həbs müddəti daha 2 aylığa uzadılıb.
Xatırladaq ki, Ə. İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub.
"Azadlıq Radiosu"nun məlumatına görə, azadlığa çıxmasına bir neçə ay qalmış - ötən il avqustun 24-də Ə.İnsanova yeni cinayət işi açılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.
Qaradağ Rayon Məhkəməsi avqustda keçmiş səhiyyə nazirinin məhkəməyə qədər 3 ay həbsdə tutulmasına qərar vermişdi. Həmin qərarda qeyd edilirdi ki, Ə. İnsanov xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoruna zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb.
Ə.İnsanov ittihamları qəbul etmir. Bunu onu həbsdə saxlamaqdan ötrü düşünülmüş ssenari sayır.
Oktyabrda sabiq nazirin həbs müddəti daha 3 aylığa artırılmışdı.
Həmin müddət sabah, yanvarın 11-də başa çatırdı.
Ə. İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla üzləşən sabiq nazir 11 il azadlıqdan məhrum olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun