Özbəkistanın yeni prezidenti yeni siyasət gətirəcəkmi?

Özbəkistanın yeni prezidenti yeni siyasət gətirəcəkmi?
8 Dekabr 2016
Mətni dəyiş
Özbəkistan prezidentinin seçkisində inamlı qələbəni baş nazir Şavkat Mirziyoyev qazanıb.
Sabiq prezident İslam Kərimov keçmiş sovet respublikası olmuş müstəqil Özbəkistana əsrin dörddə biri müddətində başçılıq edib. Hakimiyyətin ötürülməsi dinc yolla və nəzərəçarpacaq mübarizəsiz keçib, lakin Özbəkistanda son aylarda yaşanan gərginlik hələ də qalırdı.
Dövlətin yeni başçısı haqqında nə deyə bilərik? O, İslam Kərimovun kursunu dönmədən davam etdirəcəkmi? Hakimiyyət dəyişikliyi Özbəkistanın ətraf aləmlə, o cümlədən Rusiya ilə münasibətlərini necə təsirləndirəcək?
BBC Rus xidmətinin "Beşinci mərtəbə" proqramının aparıcısı Aleksandr Kan bu suallara öz qonaqları - Londondakı Şərq və Afrika Araşdırmaları məktəbinin elmi əməkdaşı Alişer İlhamovla və Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnovlabirlikdə cavablar axtarıb.
Aleksandr Kan: Şavkat Mirziyoyev proqnozlaşdırılan və gözlənilən qələbə qazanıb. Ona 87 faiz seçicinin dəstək verməsi isə göstərir ki, seçkinin nəticəsi də əvvəldən bəlli olub.
Bu seçkidə hətta Mirziyoyevin rəqiblərindən biri, Kərimovun ölümündən sonra onun səlahiyyətlərini icra edən Senat sədri Niqmatulla Yuldaşev də onun xeyrinə namizədliyini geri götürüb.
Keçmiş prezidentin qızı Gülnarə haqqında sonra ayrıca danışacağıq. Seçkinin belə nəticəsi ondan xəbər verirmi ki, ölkənin ali nomenklaturasında varis barədə heç bir fikir ayrılığı olmayıb?
Alişer İlhamov: Hər şeydən belə görünür ki, Özbəkistan yenidən paktlar dövrünə qədəm qoyub. Əslində, Kərimov da belə başlamışdı.
O sırf avtoritar bir lider idi və prezidentlik karyerasının əvvəllərində respublikanın ən nüfuzlu fiqurları ilə meüəyyən qeyri-rəsmi razılaşma əldə etmişdi.
Hazırda Mirziyoyevlə bağlı da eyni mənzərini müşahidə edirik. O hələlik ölkədəki vəziyyətə 100 faiz nəzarət etmir.
O ölkəyə azı iki-üç başqa nüfuzlu fiqurun razılıq və dəstəyi ilə nəzarət edir. Burada söhbət ilk növbədə Milli Təhlükəszilik Şurasının başçısı İnoyatovdan və baş nazirin müavini Rüstəm Əliyevdən gedir. Mən xarici işlər naziri Kamilovu da bura daxil edərdim. Elə bir koalsiya yaranıb ki, Mirziyoyevi dəstəkləyir.
А.К.: Yəni Özbəkistanın yüksək nomenklaturasında Mirziyoyevə qarşı heç bir müqavimət olmayıb. Bəs onda yeni prezident haqqında nə demək olar? Tezliklə onun 60 yaşı tamam olacaq və bioqrafiyasının xəsis sətirlərindən göründüyü kimi o karyerasına adi partiya-təsərrüfat işçisi kimi başlayıb.
Təşkilatın katibi olub, sonra partkom, Daşkənd İrriqasiya və Meliorasiya İnstitutunun birinci prorektoru, texnika elmələri namizədi…
1990-cı ildə Özbəkistan Ali Sovetinə deputat seçilib. Tipik sovet bioqrafiyasıdır. Amma biz bilirik ki, Özbəkistanda istənilən rəhbər görkəmli və nüfuzlu klanlardan birinə bağlıdır. Biz rəsmi bioqrafiyasından başqa Mirziyoyev barəsində nəsə bilirikmi?
Arkadi Dubnov: Mən Özbəkistan klanları üzrə mütəxəsis deyiləm, amma düşünürəm ki, bu gün Mirziyoyevə klanlar arasında rəqabətin məhsulu kimi baxmamalıyıq. Məsələ burasındadır ki, Özbəkistan elitası hər hansı başqa bir əsasda sıx birləşə bilib.
Yəni İslam Kərimovun səhhəti ilə bağlı nə isə problemin yarandığını eşidəndən bəri biz heç bir proqnozlaşdırlmayan hadisənin şahidi olmamışıq. Bizim əlimizdə olan ilkin proqnozlar respublikanın artıq yaranmış rəhbərliyinin simasında tamamilə doğrulub.
Biz Kərimovun varisliyi üçün hər hansı çarpışmanın baş verdiyini də eşitməmişik. Mənə elə gəlir ki, siz bir az yanlışlığa yol verdiniz. Yuldaşev Mirziyoyevin rəqibi olmayıb.
O heç varis kimi görünməyib də, çünki hələ hakimiyyət barədə məsələ həll edilməzdən əvvəl namizədliyini geri götürüb. Onun belə bir vaxtda namizədliyini geri götürməsi əslində mövcud konstitusiyanın pozulması demək idi. Çünki konstitusiyada namizədliyin geri götürülməsi, ümumiyyətlə nəzərdə tutulmayıb.
А.К.: Buna baxmayaraq o, Kərimovun ölümündən sonra onun səlahiyyətlərinin icraçısı təyin edilmişdi. Avtopritar ölkələrdə bu, adətən onun siqnalı sayılır ki, əvəz edən şəxs ölmüş liderin rıəsmi varisi olacaq…
А.D.: Ola bilsin ki, mən üç ay əvvəl baş vermis hadisələri unutmağa başlayıram, amma məncə məsələ bir az başqa cür olub. Bu o qədər də mühüm deyil. Məsələ burasındadır ki, onu heç kim ciddi varis kimi qəbul etmirdi. O lap bu vəzifəni icra etsə də, bəlli idi ki, bu, seçkiyə qədər olan üç ay üçündür. Məsələ burasındadır ki, heç kəs İslam Kərimovun belə sonluğunu gözləmirdi.
Konstitusiyanın normaları elə işlənib ki, məhz Yuldaşev Kərimovun varisi olmalıydı. Bütün bunlar onu göstərir ki, baş verənlər elita üçün qəfil olmuşdu. Çünki Yuldaşevin uzun müddət üçün vəzifəni qəbul edib saxlaya biləcəyi inandırıcı görünmürdü. Bu tam bir gözlənilməzlik idi və Kərimov belə perspektivə hazırlaşmamışdı.
А.İ.: Mənə belə gəlir ki, situasiyaya nəzarət edən qeyri-formal qruplaşmalar mövcuddur. Onlar keçmişdə olduğu kimi regional xarakter daşımır. Əvəllər deyirdilər ki, Səmərqənd, Daşkənd, Fərqanə klanı…İndi bu yoxdur. Klan mübarizəısi yüksək səviyyədə gedir. Orada regional mənsubiyyət yoxdur. Klanlar müəyyən fiqur və strukturların ətrafında cəmləşirlər. Mənim bildiyimə görə, Mirziyoyevin baş nazirin müavini ilə indiyədək davam edən sıx münasibətləri var. Düşünmək olar ki, parlamentin keçmiş spikeri Azimovla da belə münasibətlər saxlanır. Burada daxili etimadı olan qrup var.
İnoyatova gəlincə isə, onun mövqeyi əlahiddədir. Burada yəqin ki, hansısa paritetlər barədə hansısa razıalşmalar var. Bu razılaşmalara görə tərəflər muxtariyyət əldə ediblər. Deyilməlidir ki, onların bu muxtariyyəti Kərimovun vaxtında olduğundan daha genişdir. İnoyatov hazırda ölkənin təhlükəsizliyi sahəsində ağadır və nəyi lazım bilirsə, onu edir. Mən düşünmürəm ki, o hətta öz fəaliyyətini yeni prezidentlə razılaşdırır.
Məncə Azimov da muxtariyyət alıb. Hansısa texnokratik islahatları həyata keçirmək üçün. Az əvvəl valyuta sistemində ikinci islahat barədə xəbər verilmişdi. Ola bilsin ki, hətta Özbəkistan somunun daha sərbəst məzənnəsi müəyyən edilsin. Bu bir növ pakt razılaşmasıdır.
Bu struktur hələlik işləyir. Lakin əgər tarixi yaddaşımız bizi aldatmırsa, Kərimov da belə başlamışdı. Sonra o vaxtlar çox nüfuzlu fiqur sayılan Mirsaidovla münaqişə başlandı. Nəticədə Kərimov hakimiyyəti öz əlində cəmləşdirməyi bacardı və getdikcə bu sistemi daha da sərtləşdirdi.
Hazırda bu strukturun üzvləri arasında hakimiyyətlərin qeyri-rəsmi bölüşdürülməsi gedir. Lakin müəyyən bir müddətdən sonra düşünürəm ki, Mirziyoyev avtoritar rejimlərin məntiqinə uyğun olaraq hakimiyyəti öz əllərində cəmləşdirməyə çalışacaq və o zaman bu paktın üzvləri arasında münaqişənin baş verməsi mümkündür.
А.К.: Biz bu barədə hələ daşınışacağıq. Maraqlıdır, islahatlar müəyyən mənada işə düşəcəkmi? Mən burada bir maraqlı - intriqalı fiqura da toxunmaq istərdim. Bu, Gülnarə Kərimovadır. İrsi varislik postsovet Mərkəzi Asiyası və Cənubi Qafqazda çox mühüm faktordur. Bunun parlaq nümunəsi Azərbaycandır. Orada İlham Əliyevə hakimiyyət atasından keçib.
Bəs Gülnarə Kərimovaya atasının varisi olmaqda nə mane olub? Bir vaxtlar buna tamamilə real nəticə kimi baxılırdı. Burada doğrudanmı əsas rolu ABŞ və Avropada başladılan cinayət işləri oynayıb. Yoxsa əksinə bu işlərin özü Özbəkistanda daxili hakimiyyət çəkişməsinin nəticəsi olaraq ortaya çıxıb?
А.D.: Məncə Gülnarə Kərimova ilə əlaqədar situasiya bir qədər şişirdilib. Mən əvvəllər bu barədə yazmışam və mənim fikirlərimi təkzib edən heç bir hadisə baş verməyib. Gülnarə Kərimovaın dövlət başçısı olmaq üçün real şansları heç vaxt olmayıb. Hətta ən şirin, ən loyal vaxtlarında da, Xarici İşlər Nazirliyində yüksək postlar tutanda, nazir müavini olanda, UNESCO-ya, İspaniyaya səfir təyin ediləndə də onun real şansları yox idi.
Hələ çox illər bundan əvvəl mən bu mövzunu Özbəkistanın rəhbərlərindən biri ilə müzakirə etmişdim. O qəhqəhə çəkərək deyirdi ki, bu mövzuda heç danışmağına da dəyməz. Gülnarə Kərimova müxtəlif konstruksiyaların, öz fəaliyyəti haqqında üfürüb doldurduğu hava şarlarının, öz imicinin, öz aktyor sənətinin səriştəli piar qurucusudur. Bütün bunlar onun böyük təsirə malik olduğu barədə müəyyən ilyuziya yaradırdı. Əlbəttə, populyarlığı vardı. O öz fondu ətrafında böyük sayda istedadlı, gələcəyinə inanan gənclər toplaya bilmişdi.
Amma müəyyən bir məqamda onun ayağı sürüşdü. O hakimiyyətdəki başqa qruplaşmalarla biznes maraqları münaqişəsinə girdi. Onun Qərbdə təmiz olmayan biznes fəaliyyəti də aşkarlandı. Biz bilirik ki, günü bu gün də Qərbi Avropada, Avropanın bir neçə ölkəsində ABŞ hakimiyyət orqanları tərəfindən həbs qoyulmuş 850 milyon dollar var. Bugünkü miqyaslarla bəzi ölkələr üçün çox da böyük olmayan, lakin Özbəkistan üçün böyük olan bu məbləğin taleyi hələ də naməlum qalır.
Bu gün Qulnara Kərimovanın ətrafında xeyli sayda faciəli hadislər baş verir və mənə belə gəlir ki, bu pulların gələcək taleyindən asılı olmayaraq, Özbəkistanın yeni hakimiyyətinin yaxın vaxtlarda ləyaqətlə çıxmağa çalışacağı problemlərdən biri də bu 850 milyon dollar əhvalatı olacaq. Ona görə ki, Özbəkistanı xaricdə mübhəm zindanlarında taleyi naməlum gözəl şahzadələrin buxovlandığı ölkə kimi uzun müddət təqdim etmək mümkün olmayacaq. Nəhayət həqiqəti demək lazım gələcək.
А.К.: Siz Qulnara Kərimovanın varislik üçün heç bir şansı olmadığı barədə fikirlə razısınızmı? Burada gender faktoru rol oynamayıb ki?..
А.İ.: Mənim üçün onun şansları barədə mülahizə yürütmək çətindir, lakin ambisiyalarının böyük olduğunu inkar etmək olmaz. Mənə görə onun gender problemi yox, nəyi istədiyini özünün də bilməməsi problemi var idi. O öz prioritetlərini qura bilmirdi: Yəni bilmirdi ki, bizneslə məşğul olsa, necə davranmalıdır, siyasətlə məşğul olsa özünü necə aparmalıdır. Ya da qlamur fiqur olmaq istəyirdisə, onda gərək daim ictimaiyyət qarşısında olaydı, musiqi kliplərini çəkəydi. Bütün bu istiqamətlər bir-biri ilə ziddiyyətdə idi.
O bir çox işlərlə məşğul olduğundan bir məqamda nəzarəti itirdi və onun pulları İsveçrə bankında donduruldu. Bu elə bir fırtına yaratdı ki, İslam Kərimov ondan imtina etməli oldu. Onun Gülnarə barəsində hansısa planları vardı, qızına kart-blanş vermişdi.
O dövlət içində biznes imperiyası qururdu. O milli təhlükəsizlik idməti də daxil, dövlətin bir sıra nüfuzlu strukturlarını özünə qulluq elətdirirdi. Bütün bunlar Özbəkistan elitasının sıralarında diskomfort yaradırdı. Belə vəziyyət xüsusilə də milli təhlükəsizlik orqanlarını narahat edirdi, çünki bu gedişlə ölkənin stabilliyi üçün problemlər yarana bilərdi.
Belə görünür ki, elita məhz Gülnarə xaricdə "ilişəndən" sonra onu hakimiyyətə varis kimi ləğv etmək qərarına gəlmişdi.
А.К.: Gəlin ondan danışaq ki, yeni prezident ölkənin xarici siyasətini necə quracaq? Əlbəttə, bizi ilk növbədə Rusiya ilə münasibətlər maraqlandırır. Son 25 ildə bu münasibətlər müxtəlif olub. Şavkat Mirziyoyevin Rusiya ilə, Mərkəzi Asiya qonşuları, Çin və ABŞ-la münasibətləri necə quracağının proqnozunu vermək mümkündürmü?
А.D.: Mənə belə gəlir ki, xarici siyasətdəki dəyişiklik yeni prezident üçün özünün yeni kursunun nümayiş etdirilməsində istifadə etməsi üçün ən sadə resurs olacaq. Bu ona görə sadədir ki, ən asan alətdir. Mirziyoyev bununla da göstərəcək ki, o Moskvaya qarşı bütün şəxsi fobiaları, xürafatı, kini bir tərəfə tullayır. Bütün bu hisslər Kərimovu bütün siyasi hakimiyyyəti dövründə müşayiət edirdi.
Biz xatırlayırıq ki, onun Moskvadan inciklikləri çox idi. Bütün bunları bir tərəfə atmaq kifayətdir ki, Rusiya ilə münasibətlər nizamlansın, yoluna qoyulsun və bizneslər başlasın. Milli valyutanı da sərbəstləşdirmək olar ki, münasibətlərə mane olmasın. Həm də təkcə Rusiya ilə yox. Bütün bunlar Kərimovun vaxtında mümkün deyildi.
Lakin Mirziyoyev üçün bu gün ən başlıcası bu olardı ki, yaxın qonşularla münasibətləri bərpa etsin. Özbəkistanın bütün keçmiş sovet Orta Asiya respublikaları və Əfqanıstanla sərhədi var. Biz bildirik ki, artıq Özbəkistanın yeni prezidenti tacik lideri İmomali Rahmonla telefon söhbəti edib. Onlar yaxın planları və sair müzakirə ediblər.
Özbəkistanın xarci siyasətin bu sahəsində ən çətin istiqaməti Tacikistan idi. Sonra Qırğızıstan gəlir və Qazaxıstan lideri Nazarbayevlə şəxsi münasibətlərdən başqa heç bir problem də olmayıb. Türkmənistanla da bütün problemlər yoluna qoyula bilər. Bu Özbəkistana özünü regionda nüfuzlu və güclü resurslara malik ölkə kimi bərqərar etmək imkanı verərdi.
Bütün bunlarla yanaşı Rusiyaya doğru dərin və prinsipial meyl olmayacaq. Özbəkistan KTMT-yə qayıtmayacaq və Avrasiya İttifaqına daxil olmayacaq. Özbəkistan Rusiya ilə ikitərəfli münasibətləri inkişaf etdirəcək.
İslam Kərimov tərəfindən qurulmuş xarici siyasət konsepsiyası Özbəkistanın siyasi elitası üçün bu gün də uyğundur. Bu elitanı Kərimov yaradıb, o tərbiyə edib. Ölkənin ərazisində heç bir xarici baza olmamalıdır, hərbi bloklarda iştirak ola bilməz, özbək hərbçilər ölkənin xaricində heç bir yerdə qulluq edə bilməzlər və sair.
Buna görə də ABŞ tərəfə də kəskin dönüş olmayacaq. Washinqtonda Əndicana görə inciklik hələ də qalır. Xarici münasibətlər bütün vektorlar üzrə möhkəmləndiriləcək. Lakin bundan uzağa gedən nərticələr çıxarmaq lazım deyil. Özbəkistan heç kimin cibində olmayacaq.
A.İ.: Ümumən mən bu fikirlə razıyam. Biz hələlik daxili siyasətdə xüsusi bir dəyişikliklər görməsək də, xarici siyasətdəki bəzi korrektələri müşahidə edirik. Hazırda Kərimovun xüsusilə də qonşulara münasibətdə sərt və bəzən hətta təkəbbürlü, kompromissiz münasibətindən geri çəkilmələr baş verir.
Biz indi qonşularla münasibətlərin isinməsini görürük. Bunun nə dərəcədə uzunmüddətli xarakter daşıyacağımı bilmirəm. Rusiya ilə münasibətlərdə Kərimovun vaxtında olandan daha çox yaxınlaşma gedir.
Hərçənd ömrünün son ilində Kərimov da Rusiyadakı böhrandan fürsətlənərək bu ölkəyə meyvə-tərəvəz ixracını artırmağa çalışmışdı. Bundan başqa Rusiya və Özbəkistan arasında hərbi saziş də imzalanmışdı. Amma mən hələlik deyə bilmərəm ki, bütün bunlar Özbəkistanın KTMT-yə qoşulması ilə nəticələnəcək. Yəqin ki, bu məsələ alver predmeti olacaq.
Yenə Özbəkistan hansı istiqamətdən daha çox fayda götürsə, onunla gedəcək. Hələliksə Özbəkistan çətin ki, Rusiyadan, xüsusilə iqtisadi sahədə nəsə fayda götürə bilsin.
Eyni zamanda biz hazırda Avriopa İttifaqı ilə yaxınlaşma görürük. Kamilov son bir neçə ildə Brüsselə səfər edərək yaxınlaşmaya nail olmağa cəhdlər göstərib. Hazırda Aİ Özbəkistanla "toxuculuq protokolunun" qəbulu məsələsinə baxır. Bu protokol məcburi əmək prinsipi ilə bağlı Avropa Parlamenti tərəfindən rədd edilib.
İndi isə deyəsən Aİ bu protokolu imzalamaq istəyir. Bir sözlə Daşkənd çoxvektorlu siyasət yürütməyə çalışır, lakin bu siyasətin konturları yalnız gələcəkdə müəyyən olunacaq.
Mən xüsusilə vurğulamaq istəyirəm ki, bu siyasət şəxsən Mirziyoyevin kursu deyil. Dediyim paktın sayəsində nüfuzlu fiqurlar, Kamilov da daxil müstəqil təşəbbüs üçün bir növ kart-blanş alıblar. Qismən dı xarici siyasətdəki son təşəbbüslər onun öz şəxsiyyəti ilə bağlıdır.
А.K.: Maraqlıdır ki, sizlərdən heç kim Çin məsələsinə toxunmadı. Özbəkistanın yeri geosiyasi və coğrafi baxımdan Çinə bitişikdir. Çin hələlik ehtiyatlılıq nümayiş etdirir, lakin özünün geosiyasi təsir gücünü artırır. Şübhəsiz ki, Çinin dünyadakı təsiri günbəgün yox, saatbasaat artıq. Daşkənd tərəfindən Çinə hər hansı yaxınlaşmalar ola bilərmi?
A.D.: Mən bu gün Çinin təsirinin günbəgün yox, saatbasaat artması barədə fikir söyləməyə tələsməzdim. Cənab Trump tezliklə Oval kabinetdə qərar tutacaq və biz Çinin "dünya jandarmının" yeni siyasətinə qarşı çıxmaq üçün nə qədər resurslara malik olduğunun şahidi olacağıq.
Mən Alişerlə razıyam ki, Daşkənddə Kamilov xarici işlər naziri olaraq qalsa, belə təcrübəli diplomat böyük liderlərin dünya çarpışmalarının bütün dolanbaclarından baş çıxara biləcək. Onun Pekin və Moskva, digər tərəfdən isə Vaşinqton arasında ləngər vurmaq üçün alətləri olacaq.
Xatırladım ki, Özbəkistan Çin tərəfindən qurulan iqtisadi qurşaq layihəsi - Böyük İpək Yolu əməkdaşlığı çərçivəsindıə bəzi istiqamətlərə inadkarcasına qarşı çıxan yeganə Mərkəzi Asiya ölkəsidir.
Özbəkistan Çinin rəhbərlik etdiyi Şanxay əməkdalşlıq təşkilatı çərçivəsində əfqan məsələsinin tənzimlənməsi üçün ümumi səylərə qarşı çıxırdı. Kərimovun vaxtında məhz Daşkənd Şanxay qrupundan Əfqanıstan münaqişəsinin tənzimlənməsi üçün alət kimi istifadə edilməsi təklifini rədd etmişdi.
Buna görə də mən deyərdim ki, Daşkənd üçün ən maraqlısı, proqnozlaşdırlmayanı və çətini Çinlə münasibətlərin qurulması olacaq. Və mənim üçün bu istiqamətdə yeni özbək rəhbərliyinin addımlarını izləmək maraqlı olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun