İslahatların təhlili mərkəzinin işi bilindi

İslahatların təhlili mərkəzinin işi bilindi
1 Dekabr 2016
Mətni dəyiş
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dövlət qurumlarının sifarişi əsasında göstərəcəyi xidmətlər müəyyənləşib.
Noyabrın 30-da prezident İlham Əliyev “Dövlət qurumları tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi və maliyyələşdirilməsi qaydası”nın təsdiq edilməsi haqqında" fərman imzalayıb.
Qaydalarda qeyd olunur ki, Mərkəz dövlət proqramlarının, iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını aparmalı və həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğular keçirməlidir.
Bundan başqa, sənaye parklarında, məhəllələrində, aqroparklarda həyata keçirilən fəaliyyətin və iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi aparmalıdır.
Habelə, icra müddəti bitmiş iqtisadi yönümlü dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsi də bu Mərkəzin xidmətlərinə daxildir.
Qeyd olunan xidmətlərin göstərilməsi məqsədi ilə dövlət orqanları növbəti ilin sifarişlərini cari il mayın 1-dək Mərkəzə təqdim etməlidirlər.
Mərkəz sifarişi qəbul etdikdən sonra 10 iş günü müddətində görüləcək işin müddəti və maliyyə-iqtisadi əsaslandırılma ilə bağlı məlumatı sifarişi verən subyektə təqdim edir. Xidmətlərin maliyyələşməsi ilə bağlı tədbirləri Maliyyə nazirliyi həll edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan prezidentinin fərmanı ilə bu ilin aprelində yaradılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun