Asiya Bankı da TANAP-ın tikintisinə 600 milyon dollar ayırdı

Asiya Bankı da TANAP-ın tikintisinə 600 milyon dollar ayırdı
21 Dekabr 2016
Mətni dəyiş
Asiya İnvestisiya Bankının (AİB) Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit ayırdığı bildirilir. Bununla bağlı qərar dekabrın 21-də imzalanıb.
Bu barədə bankın Pekindəki baş ofisindən məlumat verilib.
AİB-in vitse-prezidenti DJ Pandian bunu açıqlayıb.
O, deyib ki, Asiya ilə Avropa arasında enerji infrastrukturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyini təmin edəcək.
Kreditə Azərbaycan hökuməti zəmanət verib. Vəsait “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.
AİB-in cari ildə dövlət zəmanəti ilə Azərbaycana ayırdığı kreditin ümumi məbləği 1,73 milyard dollara çatıb.
Dekabrın 21-də Dünya Bankının (DB) da Azərbaycana kredit ayırdığı açıqlanmışdı.
DB-nin Direktorlar Şurası Trans - Anadolu Kəməri (TANAP) layihəsinə 800 milyon dollar kredit ayrılması ilə bağlı qərar qəbul etmişdi.
Həmin kreditin 400 mln. dolları Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə, yerdə qalan hissəsi isə Türkiyə dövlətinin zəmanəti ilə BOTAŞ şirkətinə veriləcək.
TANAP Azərbaycandan təbii qazı Türkiyəyə, oradan isə Avropaya nəql edəcək. Bununla da Azərbaycan qaz ixracı bazarlarını şaxələndirəcək.
Uzunluğu 1850 km olan TANAP Azərbaycandan İtaliyaya uzanacaq 3500 km-lik "Cənub Qaz Dəhlizi"nin yarısından çoxunu əhatə edir. Türkiyənin Gürcüstanla sərhədindən başlayan kəmər şərqdən qərbə doğru uzanaraq Yunanıstan sərhədində TAP-la (Trans Adriatik Qaz Kəməri) birləşəcək və qazı Avropa bazarlarına ötürəcək.
Bu ilin əvvəlində SOCAR rəsmiləri bildirmişdilər ki, Azərbaycana Cənub Qaz Dəhlizi üzrə öhdəliklərini tam yerinə yetirməkdən ötrü 7 milyard dollar vəsait lazımdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun