Nigar Həzi: "Seymur Həzinin müayinəsi üçün heç bir addım atılmır"

Nigar Həzi: "Seymur Həzinin müayinəsi üçün heç bir addım atılmır"
19 Noyabr 2016
Mətni dəyiş
"Ədliyyə Nazirliyindən verilən açıqlama tamamilə yalandır"
Siyasi məhbus, Azadlıq qəzetinin siyasi şərhçisi Seymur Həzinin səhhətində problemlər qalmaqdadır. 
Bu haqda jurnalistin xanımı Nigar Həzi sosial şəbəkədə məlumat yayıb. O, Seymur Həzinin vəkili Şəhla Hümbətovanın 17 saylı cəzaçəkmə müəssisəsində onunla görüşdüyünü bildirib. Görüş zamanı Seymur Həzi son iki həftə ərzində müayinəsi üçün heç bir addım atılmadığını deyib.
Nigar Həzi qeyd edib ki, Ədliyyə Nazirliyindən verilən açıqlama tamamilə yalandır. Onun səhhətinəki problemlər öz ağırlığını qoruyur:
"Müəssisənin daxilində qan analizi götürmək üçün heç bir texniki avadanlıq yoxdur. Bu bir daha göstərir ki, müəssisə məhbuslar arasında ayrı-seçkilik edir. Bu rejimin siyasi məhbuslara fərqli yanaşmasıdır".
Seymur Həzinin dediyinə görə, onun səhhətinin yaxşılaşması üçün heç bir addım atmayan müəssisə rəhbərliyinin, həmçinin Ədliyyə Nazirliyinin bu məsələyə biganə olması hakimiyyətin onun səhhətinin pisləşməsində maraqlı olduğunu göstərir.
Qeyd edək ki, Seymur Həzi “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” verilişinin redaktoru və aparıcısı işləyib. O, 2014-cü ilin avqustun 30-da həbs edilib. Jurnalist xuliqanlıqda ittiham olunaraq Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.
S.Həzi bu ittihamı qondarma adlandırıb və həbsini hakimiyyəti tənqid edən yazıları və çıxışları ilə əlaqələndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun