"Nardaran hadisələrində öldürülən kənd sakinlərinin qəbirləri polislər tərəfindən dağıdılıb"

"Nardaran hadisələrində öldürülən kənd sakinlərinin qəbirləri polislər tərəfindən dağıdılıb"
18 Noyabr 2016
Mətni dəyiş
Noyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərin məhkəməsi davam edib.
Hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda Abbas Hüseynov çıxış edib.
O, məhkəməyə sədrlik edən hakimin ötən iclas zamanı təqsirləndirilən şəxslərlə aqressiya ilə danışdığını deyib:
"Polis əməkdaşı Emin Babayevə ünvanlanan sualların qarşısını aldınız. Dediniz ki, hamınız cavabınızı alacaqsınız".
Hakim isə deyib ki aqressiya ilə danışmayıb, məhkəmə qaydalarını pozanların cəzalanacağını bildirib.
Daha sonra çıxış edən Cabbar Cabbarov bildirib ki, Nardaran hadisələrində öldürülən kənd sakinlərinin qəbirləri polislər tərəfindən dağıdılıb:"Həmin qəbirlərin üstü ailələri tərəfindən düzəldilib. Lakin onları söküblər. Bu, necə özbaşınalıqdır? Bu, insanlığa sığmır axı. Bunlar ölülərə də təzyiq edirlər. Bu özbaşınalıq yox, ən axırıncı hərəkətdir. Bununla bağlı qərar vermək lazımdır".
Hakim bildirib ki, bununla bağlı qərar vermək səlahiyyəti yoxdur. Çünki məhkəmədə konkret işə baxılır.
C.Cabbarov isə ona "Həmin işdə olan adamlardı də. Onlar da öldürlməsəydilər, bizimlə birlikdə mühakimə olunacaqdılar. Bundan prezidentin xəbəri yoxdur?" cavabını verib. Hakim isə bildirib ki, bununla bağlı həmin şəxslərin ailə üzvləri prokurorluğa şikayət edə bilərlər: "Siz məndən mənim səlahiyyətimdən artıq şeylər tələb edirsiniz".
C. Cabbarov isə deyib ki, bununla bağlı ölçü götürülməlidir: "Bunu ya 42-ci bölmənin, ya Sabunçu Polis İdarəsinin işçiləri edib. O, bu, sizlik deyil, bəs nə sizlikdi?"
Taleh Bağırzadə baş verənləri vandalizm adlandırıb:
"Bu hakimiyyət İŞİD-i geridə qoyub. Vəhhabilər imamların qəbrin dağıdır. Vəhhabilərin himayəçisi Azərbaycan hakimiyyəti də qəbirləri dağıdır. Sabah onlar hakimiyyətdən gedəndə dədələrinin, özlərinin qəbirləri heykəlləri bu xalq tərəfindən dağıdılacaq. Bizim sözümüz İlham Əliyevədir".
Cabbar Cabbarov isə deyib: "İlham Əliyev xanımını söyənlərin üstünə düşsün, qəbirlərin yox".
Təqsirləndirilən İbrahim Xudaverdiyev hakimə sual verib:"Siz bir vətəndaş olaraq bu hərəkətə nifrət edirsiniz?" Hakim deyib ki, qəbri dağıtmaq cinayətdir və bunu edənlər cəzalanmalıdır.
Abbas Hüseynov bunu qisasçılıq hesab edib:
"Qisas almaq üçün şəhidlərin qəbirlərini dağıdırlar. Burda, ya da erməni əsrliyində ölməyin heç bir fərqi yoxdur".
Daha sonra vəkil Yalçın İmanov Nardarandakı əməliyyata rəhbərlik edən Kərim Əlimərdanovun və “Beynəlxalq Bank”ın həbsdəki idarə heyətinin sədri Cahangir Hacıyevin məhkəməyə çağrılmalarını istəyib. Bildirib ki, Abbas Hüseynov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində C.Hacıyevlə eyni kamerada saxlanılıb və o, Abbas Hüseynova edilən işgəncələri görüb. Hakim vəsatətləri müzakirə edəcəklərini deyib.
Proses davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun