Elçin Sadıqov gənclərlə görüşüb: "Kameralar çox soyuqdur"

Elçin Sadıqov gənclərlə görüşüb: "Kameralar çox soyuqdur"
24 Noyabr 2016
Mətni dəyiş
Vəkil Elçin Sadıqov noyabrın 23-də Bakı İstintaq Təcridxanasında gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovla görüşüb.
Vəkilin sözlərinə görə, gənclərin əhvalı yaxşıdır. Ancaq gənclər təcridxananın istilik sistemindən narazılıq ediblər.
“Bildirdilər ki, istilik sistemi işləməsinə baxmayaraq kameralar çox soyuqdur. Kameraların hava keçən yerləri də var və həmin yerləri “sellofan”la bağlayıblar”, vəkil deyib.
Vəkil gənclərdən Qiyas İbrahimovun saxlanıldığı kameranı dəyişdirildiyini, onun məhkum olunanların yanına yerləşdirildiyini qeyd edib.
“Onun barəsindəki hökm qüvvəyə minməyib. Buna baxmayaraq onu məhkum olunmuşların kamerasına aparıblar”, deyən vəkil Q. İbrahimovun anası ilə şüşə arxasından deyil, canlı görüşməsinə qanunsuz olaraq imkan verilmədiyini də bildirib.
Xatırladaq ki, Qiyas İbrahimov və Bayram Məmmədov birgə mayın 10-da saxlanıb. Onlara Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirirlər.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Onların məhkəməsi ayrı-ayrılıqda keçirilib. Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi Q. İbrahimova 10 il həbs cəzası verib. O, məhkəmədə məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə, həbs edildiyini bildirib.
Bayram Məmmədovun məhkəməsi isə davam edir. O isə çıxışında Azərbaycanda məhkəmələri tamaşa, prezident İlham Əliyevi də rejissor adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun