Əsgər anası: "Oğlumu əsgərliyə sağ göndərib, cansız bədənini qarşıladım"

Əsgər anası: "Oğlumu əsgərliyə sağ göndərib, cansız bədənini qarşıladım"
6 Noyabr 2016
Mətni dəyiş
Dünyasını dəyişən əsgərin anası komandir müavini Elbrus Həsənovu günahlandırır
"Oğlumu əsgərliyə sağ göndərib, cansız bədənini qarşıladım. Özü də əsgərliyinin bitməsinə ikicə ay qalmış" - deyir, İsmayıllının Qüşencə kəndinin sakini Günay Cəbiyeva.
Günay Cəbiyeva oğlu Rahim Cəbiyevi hərbi xidmətə 2015-ci ilin iyununda yollayıb. O, Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmət edirmiş.

"Ana, bu adam məni təhqir edir, şillələyir, bezmişəm"

Anası deyir ki, Rahim Cəbiyev xidmət etdiyi dövrlərdə hərbi hissədən, komandirindən narazı olmayıb. Hətta nümunəvi xidmətinə görə dəfələrlə diplomla təltif olunub:
"Rahim rabitəçi idi. Yaxşı əsgər olduğundan oğlumu manqa komandiri təyin etmişdilər. Tək şikayəti komandirin tərbiyəvi işlər üzrə müavini Elbrus Həsənovdan idi. Telefonla danışanda dəfələrlə "ana, bu adam məni təhqir edir, şillələyir, bezmişəm", - deyirdi. Hətta bir dəfə danışdı ki, Elbrus Həsənov otağa girən kəsəyənə görə də onun üstünə qışqırıb. Kəsəyəni tutmasını əmr edib. Gah da zeytun yığmağı tapşırırmış, deyirmiş, topladığı zeytunların hamısı bir boyda olmalıdır. Oğlumu hədələyirmiş ki, "sən ipdən asılmısan, ipi kəsərəm, düşərsən yerə". Dediyini etdi. İpi kəsdi və oğlumu öldürdü".

Ya mən Elbrus Həsənovu öldürəcəm, ya da özümü...

Günay Cəbiyeva deyir ki, oğlu sonuncu dəfə zəng edəndə ona deyib: "Ya mən Elbrus Həsənovu öldürəcəm, ya da özümü. Daha dözə bilmirəm, bezmişəm".
"Mən ona ikicə ayı qaldığını, səbrli olmasını söylədim. Hətta oğlumla işi olmasın deyə Elbrus Həsənova 200 manata nərd taxta, 20 manata iri ölçülü şəkil qoymaq üçün çərçivə düzəltdirib göndərdim. Təki, Rahimlə işi olmasın. Onu da deyim ki, bunları bizdən Elbrus Həsənov öz dili ilə istəmişdi. Ancaq olmadı, əl çəkmədi oğlumdan".
Xəstəxanaya gedəndə oğlumun komada olduğunu gördüm
Günay Cəbiyeva deyir ki, Rahim Elbrus Həsənovla yola getmədiyini qardaşına da deyibmiş:
"Qardaşım zəng edib hissə komandirini məlumatlandırmışdı. Sonradan Elbrus Həsənov Rahimi hədələyib ki, bir də hansısa qohumun mənə zəng etsə, özündən küs. Hadisə olan ərəfələrdə hərbi hissə komandiri İlham Həsənov işdə olmayıb. Əməliyyat edildiyi üçün onu müavini Elburus Həsənov əvəz edirmiş. Komandiri zəng edib bizə dedi ki, Rahim sudurqa keçirib, xəstəxanadadır. Biz ora gedəndə gördük ki, Rahim komadadır".
Xəstəxanaya anadangəlmə tutması olduğu ilə bağlı rəy vermələri tapşırılıb
Bundan sonra ana Müdafiə Nazirliyinə şikayət edib:
"Xahiş etdim ki, yardım etsinlər. Ancaq heç kəs kömək etmədi. Nəticədə, oğlum öldü. Rahimin sol tərəfdə gicgahında və alnında qara ləkə var idi. Onu Elbrus Həsənov vuraraq öldürüb. Bunu bütün hissə, şəxsi heyət bilir. Sadəcə, onlara da, xəstəxanaya da anadangəlmə tutması olduğu ilə bağlı rəy vermələri tapşırılıb. Oğlumun sağlamlığında heç vaxt problem olmayıb. Hələ Naxçıvanski adına hərbi liseyə yazılmaq istəyəndə hərbi həkim komissiyasından keçmişdi, heç bir problem çıxmamışdı. Əsgərliyə gedəndə də həkim komissiyasından keçmişdi. Necə xəstə oldu ki, kimsənin xəbəri olmadı? Xəstə idisə, əsgərliyə niyə aparırdılar?"
Oğlumun qanının batırılmasına izin verməyin
Anası deyir ki, Rahimin ən böyük arzusu hərbidə qalıb işləmək imiş. Gizir olmaq üçün hazırlaşırmış:
"Ancaq Elburus Həsənov onun bu arzusunu ürəyində qoydu. Mən prezident cənab İlham Əliyevə müraciət edirəm. Xahiş edirəm, mənə kömək etsin. Oğlumun qanının batırılmasına izin verməyin".
Rəsmi qurum cavab vermir, statistika isə deyir ki...
Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmadı. Nazirliyin mətbuat xidməti Meydan TV-nin suallarını cavablandırmır. Elbrus Həsənov hərbi xidmətdə olduğu üçün nazirliyin razılığı olmadan onun münasibətini öyrənmək mümkün deyil.
"Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) Azərbaycanın rəsmi qurumlarının məlumatları, Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə, 2016-cı ilin ötən dövründə (sentyabrın 25-dək) AzərbaycandaTəhlükəsizlik və Müdafiə sektorunda 134 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 105 nəfəri döyüş, 29 nəfəri isə qeyri-döyüş itkisidir.
Silahlı Qüvvələrin 105 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub (bəziləri mina partlayışından dünyasını dəyişib). Bundan başqa, 2 hərbi qulluqçu avtomobil qəzası, 3 hərbçi xəstəlik nəticəsində, 7 nəfərin intihar etdiyi, 2 nəfərin ehtiyatsızlıqdan, 5 nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. 8 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. 3 nəfərin isə naməlum səbəbdən dünyasını dəyişdiyi bildirilir.
Dünyasını dəyişənlərin 74 nəfəri əsgər, 17-si müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 12 gizir, 31 nəfərsə zabit olub. Onlardan 130 nəfəri Müdafiə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Ədliyyə Nazirliyinin, 2-i isə Dövlət Sərhəd Xidmətinin hərbiqulluqçuları olublar.
Ötən dövrdə ümumilikdə 56 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 48 hərbçi erməni tərəfinin gülləsindən yaralanıb, 5 nəfər minaya düşüb. Bundan başqa, bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb. Bir nəfər əsgərsə ağır vəziyyətdə hospitala yerləşdirilib. Onunla bağlı Müdafiə Nazirliyinin açıqlaması yoxdur.
[embed]https://www.youtube.com/watch?v=cxSplENTC6A[/embed]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun