Azərbaycanda illik inflyasiya 11%-i ötüb

Azərbaycanda illik inflyasiya 11%-i ötüb
7 Oktyabr 2016
Mətni dəyiş
Bu ilin yanvar-sentyabr ayları ərzində istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə müqayisədə 11,2 faiz bahalaşıb. Ərzaq məhsullarının 12,7, qeyri-ərzaq məhsullarının 15,9, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3 faiz bahalaşıb.
Ərzaq məhsullarının 4, qeyri-ərzaq məhsullarının 1,6, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6 faiz artıb.
Ay ərzində düyünün, unun, çörəyin, makaron məmulatlarının, qarabaşaq, yulaf və arpa yarmasının qiyməti bahalaşıb. Habelə, mal, qoyun, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, südün, yumurtanın, kərə və bitki yağlarının qiymətinin artdığı bildirilir.
Bundan başqa, şəkər, şəkər tozunun, limonun, bananın, üzümün, kələmin, göyərtinin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kartofun, kökün, çuğundurun, sarımsağın, tütün məmulatlarının qiymətlərində də artım var.
Almanın, balqabağın, soğanın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sentyabr ayında avqust ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabılarınqiymətlərində artım baş verib. İnşaat materiallarının, mebel və ev əşyalarının da bahalaşdığı açıqlanıb.
Habelə, məişət cihazlarının, televizor, telefon , fotoaparat, kompüter, dəftərxana ləvazimatlarının, minik avtomobillərinin ehtiyat hissələrinin qiymətlərində də artım müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşımada qiymətləri azalıb.
Ali təhsil müəssisələrində təhsil haqlarının, respublikadan kənara istirahət turlarının, mənzillərin icarə haqlarının, paltarların təmizlənməsinin, təmiri xidmətlərinin və kosmetik xidmətlərin qiymətləri isə artıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun