Vahid Mustafayevin saytlardan çıxarılan çıxışı - tam mətn

Vahid Mustafayevin saytlardan çıxarılan çıxışı - tam mətn
14 Sentyabr 2016
Mətni dəyiş
Sentyabrın 2-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətləri üzrə keçirilən məhkəməsində Vahid Mustafayevin və Mirşahin Ağayevin çıxışları olmuşdu.
Abzas.net-ə bu proseslər bağlı yeni məlumat daxil olub. Vahid Mustafayevin məhkəmədə çıxışının tam sentyabrın 2-də hökumətyönlü mediada yayılıb, amma qısa müddət sonra saytlardan çıxarılıb. Həmin çıxışın tam mətnini sizə təqdim edirik. Çıxışın səs yazısı da var. Ehtiyac yaranarsa, onu yaya bilərik.
"Allah sizin hakimiyyətinizi bir az da çox eləsin"
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev məhkəmədə vəsatətlərin qəbul edilməməsinə görə kəskin etirazını bildirib və çıxış edib:
"Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında 2016-cı ilin iyun ayının 1-dən bu qurumun ixtiyarı yox idi ki, bizim lisenziyamızı ləğv eləsin. Mən də şirkət, media nümayəndəsi kimi sizə məlumat verməliyəm.
ANS ÇM radiostansiyasının özünün reklam yerləşdirmə ixtiyarı yoxdur. Bu ixtiyarı tam şəkildə ANS Kommers şirkəti verir. Həmin şirkət bu günə qədər əldə etdiyi avans ödəmələr nəticəsində ANS ÇM radiosyansiyasında birbaşa maliyyə işçiləri ilə üz-üzə qalıb və sizin gördüyünüz rəqəmlər yüz minlərlə dollar civarında hesablanır. Ona görə də vəziyyətin bir az da acınacaqlı səviyyəyə gəlib çatmaması üçün və beynəlxalq strukturların bu işə qarışmaması üçün müsbət qərar verin.
Buna da baxın: Mirşahin Ağayev: “İlham Əliyevin siyasi kursu da elə bu təfəkkürə əsaslanıb”
"Hələ ki, beynəlxalq strukturların qarşısını alırıq"
Biz hələ ki, onların qarşısını alırıq. Onlara ümid veririk ki, bu məsələ dövlətimiz tərəfindən müsbət şəkildə həll olunacaq. Hələ ki, bu məsələ beynəlxalq səviyyəyə qalxmayıb. Yoxsa beynəlxalq şirkətlər Teleradio Şurasına qarşı beynəlxalq müstəvidə iddialar qaldıracaq. Çünki Azərbaycan ərazisində onların hüquqları pozulub, söhbət 100 minlərlə dollarla ölçülən itkilərdən gedir. Təkrar edirəm ki, bütün qanun pozuntularının qarşısını alın və ANS ÇM radiostansiyasının yenidən xalqımıza qaytarılmasına qərar verin.
Mən başa düşürəm ki, sizin hakimiyyətiniz böyükdür, Allah sizin hakimiyyətinizi bir az da çox eləsin, iqtidarınızı gücləndirsin. Bu həmin məhkəmədir ki, biz Azərbaycanda belə gözəl məhkəmənin yaranması üçün vuruşmuşuq. Siz bizim hər iddiamızı rədd edə bilərsiniz, amma bizə başa salmırsız, səbəbini anlatmırsız.
"Fəxr edirik ki, müstəqil məhkəməmiz var"
Biz, azərbaycanlı olaraq şirkət qurmuşuq və orda 1000-ə yaxın insan çalışır. O insanlar artıq 2 aydır ki, çətin sosial vəziyyətə düşüblər, onlar hamısı sizin qardaş-bacılarınızdı, bir məmləkətdə yaşayırıq. Dövlət, qanun qarşısında heç bir günahımız olmadan belə bir ağır vəziyyətlə üz-üzəyik. Mən sizi də başa düşürəm, siz də kiməsə tabesiniz. Heç olmasa bizim yaşımıza, tariximizə, şəxsən sizin ailənizə 25 ildir qulluq etdiyimizə görə, iddianı hansı səbəbdən rədd etdiyinizi bizə başa salın, biz də öz səhvimizi bilək. Sizdən bir qardaşınız kimi xahiş edirəm. Cavan yaşınızda siz həmişə bizi izləmisiniz, bizdən xəbərlər götürmüsünüz. Xocalının, Şuşanın, Ağdamın, Füzulinin xəbərlərini biz sizə gətirmişik. Sadəcə bilmək istəyirəm ki, siz iddianı niyə rədd edirsiz? Bəs biz nə edək qardaş, ölək? Bizim nə günahımız var axı? Siz bizim hakimimizsiniz. Biz fəxr edirik ki, bizim müstəqil ölkəmiz, məhkəməmiz var.
"Xahiş edirəm, bizə kömək edin, axı biz sizin ayağınıza gəlmişik"
Bu adam (MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov) qalxıb həmişə nəsə deyir, siz deyirsiz ki, düz deyirsən. Deməli o həmişə qalxıb sözünü deyəndə o düz olacaq, biz səhv? Xahiş edirəm, bizə kömək edin. Axı biz sizin ayağınıza gəlmişik. Sizdən başqa bizim heç kimimiz yoxdur. Biz də sizin vətəndaşlarıq. Mən sizi başa düşürəm, çətin iş rejimidir və hər gün bir neçə işə baxırsız. Amma xahiş edirəm, bu işə diqqət edin. Bu adi yox, tarixi işdir. Bu gün siz burada dövlət imtahanı verirsiz. Başa düşün ki, tarixdə siz və biz qalacağıq, onlar qalmayacaq. Bu adam sadəcə məmur vəzifəsindədir, bu gün burada çalışırsa, sabah başqa yerdə ola bilər. Bəlkə də nə vaxtsa gəlib mənim şirkətimdə işləyəcək. Ola bilər ki, mən onu işə götürüm, çox savadlı hüquqşünasdır. Ancaq sizdən xahiş edirəm, özünüz hesab etdiyiniz səviyyədə bizə hörmət edin.
"Biz onlara yalvarmışıq, ölkədə olan inkişafı, şəraiti göstərmişik"
Sizə qurban kəsim, axı sizin rədd qərarınızla biz yüz minlərlə pul itiririk. Axı biz Prezident Aparatının, Nazirlər Kabinetinin sərəncamları, qanunları əsasında Azərbaycana sərmayədarları gətirib çıxarmışıq. Biz onlara yalvarmışıq, Azərbaycanın inkişafını, ölkədə olan münbit şəraiti göstərmişik ki, burada şirkətlərin qurulması üçün hər cür imkan var.
Mars, Snickers və digər nəhəng xarici şirkətləri ölkəmizə gətirmişik. Mən şəxsən Londonda, Moskvada bu mövzularla bağlı görüşlər keçirmişəm, onlar bizə inanıblar. İndi isə soruşurlar ki, sən mənim pulumu qaytaracaqsan? Mən onların bu sualı qarşısında aciz qalmışam. Bir tərəfdən istəmirəm ki, Azərbaycan həmin şirkətlərin qarşısında pis vəziyyətə düşsün. Ona görə ki, Azərbaycan inkişaf etmiş ölkədir, burada bütün institutlar çox gözəl işləyir. Doğurdan da bütün sərmayədarlar üçün qapılar bizə açıqdır, bütün imkanlar yaratmaq olar.
"Güvənsizlik olsa, bütün pullarını çıxaracaqlar"
Bizə yol göstərin, bizi öyrədin ki, biz onlara nəsə deyək və biabır olmayaq. Onlar respublikamıza yüz minlərlə dollar yatırım ediblər. Söhbət Vahiddən, Mirşahindən, Sevdadan getmir. Söhbət bizim dövlətçiliyimizdən gedir. Onlar inanıblar və indi biz aciz durumda qalmışıq. Sizin vaxtınızı alıram, ancaq mən bütün həyatımı bu işə qoymuşam. Yəni siz məni bir insan kimi görün, qardaşınız kimi. Nə cavab verim xarici şirkətlərə, təşkilatlara? Digər televiziya və radiolara da milyonlarla pul xərcliyiblər, ancaq bu cür güvənsizlik olsa, bütün pullarını çıxaracaqlar.
"Mən istəyirəm ki, biz birlikdə dövlətimizi xarici ölkələr qarşısında xilas edək"
Biz həyatımızda belə bir şey görməmişik, bir gün ərzində dedilər ki, fəaliyyətinizə son verildi. Nəyə görə, niyə məhz televiziyanın bağlanma gününə təsadüf etdi? Biz deyirik ki, bizim məhkəməmiz var, o bizim tərəfimizdə olacaq, bizə cavablar verəcək, günahımızın olmadığını sübut edəcək. Deyirlər ki, qanun pozuntuları baş verib. Niyə bu günə qədər pozuntular barədə məlumat verilməyib? Niyə görə birdən-birə hər şey eyni gündə bağlandı? Mən istəyirəm ki, siz mənə dəstək olasız və biz birlikdə dövlətimizi xarici ölkələr qarşısında xilas edək.
"Başa düşürəm, onu göndəriblər ki, get hər şeyi rədd elə"
ANS ÇM radiostansiyasında reklam və ya sponsor qəbul etmək üçün heç bir şöbə yoxdur. O yalnız yayım işləri ilə məşğuldur. ANS Kommers isə onu reklamla təmin edən, maliyyələşdirən qurumdur.
Siz iddianı rədd edəcəksizsə, mən sizə ancaq hörmət eləyə bilərəm. Ancaq özüm də qanun çərçivəsində müəyyən addımlar ata bilərəm. Yenə də fikirləşin, axı mənim dediklərimdə həqiqət var. Mən bu qardaşımızı başa düşürəm, onu göndəriblər ki, get hər şeyi rədd elə. Amma o özü də mənim doğruları danışdığımı başa düşür.
"Bizi heç kim "öldürmək" istəmir, buna görə hökumətə minnətdarıq"
Bizi heç kim "öldürmək" istəmir, əgər istəsəydilər mən bu gün türmədə olardım. Digər şirkətlərimiz hamısı işləyir, hər şey gözəldir, vəziyyətimiz çox əladır. İşləyirik, ailəmizlə bulvara gedirik, yeyirik. Bizə qarşı heç bir problem yoxdur. Respublikada bizə heç kim pislik etmək istəmir. Bunu bilirik və buna görə də bütün hökümət qurumlarına minnətdarıq. Amma adamlar ac qalırlar, evdə xəstələri var. Sevda xərçəng xəstəsidir, onun üzünə baxın. Hər həftə qanını dəyişirik. Belə olmaz, axı biz bu pulları haradansa əldə etməliyik. Mən oğru, bandit, rüşvətxor deyiləm. Dövlət təşkilatı deyiləm ki, büdcədən pul oğurlayım. Bunların heç birinə bizim əlimiz çatmır.
"Öldürmək istəyirsinizsə, aparın öldürün"
Sizə qurban kəsim, siz indi bizim padşahımızsız, ən böyük adam sizsiniz. Biz hardansa çörək yeməyə nəsə almalıyıq? Bu adamlara çörək verməliyik? Əgər siz rəhbərsizsə, padşahsızsa gərək öz nökərləriniz haqda fikirləşəsiniz.
Öldürmək fikriniz varsa, bu başqa məsələ. Əgər bunu istəyirsinizsə, problem yoxdur, aparın öldürün. Biz 1987-ci ildən kəfəni belimizə bağlamışıq. Bəlkə də sən heç onda doğulmamışdın, ancaq mən müharibəni qarış-qarış keçmişəm. Bütün bədənim tikə-tikədir.
Bax bu Çingiz Mustafayevin oğlu Fuad Mustafayevdir. Yaxşı, niyə bağlamısınız radiostansiyanı? Biz qulduruq, biz banditik?
"Öldürməyin bizi, qoyun yaşayaq, nəfəs alaq"
Bağladınız, araşdırmalar gedir. Ancaq heç olmasa insanları küçələrdə ac qoymayın. Biz düşmənik? Siz bizi Azərbaycan xalqına düşmən hesab edirsiz?
Əgər belə hesab etmirsizsə, öldürməyin bizi, qoyun yaşayaq, nəfəs alaq. Bəlkə sabah sizin yenə də bizə ehtiyacınız olacaq. Gəlin dost olaq, bir-birimizlə düşmənçilik etməyək. Siz orda oturursuz, bir burda. Gəlin bir yerdə oturaq, qardaş olaq. Əgər düşmənçilik yoxdursa, bu insanları güllələməyiblərsə, türməyə salmayıblarsa deməli onlar vətəndaşdırlar. İmkan vermək lazımdır ki, onlar da işləsin. Hazırda ANS Kommers şirkəti, ANS ÇM radionstansiyası işçiləri üçün xəstələrinə dərman, yemək almaq üçün yeganə imkandır.
"Bir az mərhəmətli olun"
Sizin evinizdə oturan insanlar da, digər milyonlarla insan da ANS-in açılmağını arzulayır. Çünki sabah bir problem olsa, yenə ANS sinəsini qabağa verəcək. Biz yenə Azərbaycana qulluq edəcəyik.
Heç olmasa 3 vəsatətdən birini təmin edin, mən də öz kollektivimin qabağına üzüağ qayıdım. Xahiş edirəm sizdən, bir az mərhəmətli olun. Nəzərə alın ki, biz də sizin vətəndaşlarıq".
Qeyd edək ki, MTRŞ-nin 18 iyulda keçirilmiş iclasında “ANS ÇM Yayım və Media” Şirkətinə verilmiş lisenziyaya xitam verilməsi barədə qərar qəbul edilib. “ANS ÇM Yayım və Media” Şirkəti dəymiş maddi və mənəvi ziyana görə MTRŞ-dan 1 milyon manat təzminat tələb edir.
Həmin iddia üzrə keçirilən iclasda “ANS ÇM Yayım və Media” Şirkətinin vəkili Raqif Mustafayev vəsatət verib. O, bildirib ki, MTRŞ-ın qərarları nəticəsində şirkətə külli miqdarda maddi ziyan dəyib və işçilərə maaş vermək mümkün olmayıb:
“Maddi ziyanın həcmi hər gün artır. Buna görə də biz sizə müraciət edirik ki, radionun fəaliyyətinin dərhal bərpa edilməsi haqda cavabdehin üzərinə vəzifə qoyasınız”.
Vəsatətə münasibət bildirən MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov isə onun əsassız olduğunu deyib və təmin edilməməsini xahiş edib.
Hakim vəsatətə növbəti iclasda baxılacağını bildirib.
Daha sonra vəkil R. Mustafayev radionun bağlanması ilə bağlı MTRŞ-ın qərarının indiyə kimi şirkətə təqdim etmədiyini deyib və ANS Şirkətlər Qrupunun 3-cü tərəf kimi işə cəlb olunması barədə vəsatət verib. Lakin məhkəmə bu vəsatəti də təmin etməyib. Vəkil R.Mustafayev hakimə vəsatətləri təmin etmədiyi üçün etiraz edib və etiraz məktubunun hazırlanması üçün məhkəmədən vaxt istəyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun