Vəkili Fuad Əhmədli ilə görüşüb

Vəkili Fuad Əhmədli ilə görüşüb
14 Sentyabr 2016
Mətni dəyiş
“Kürdəxanı istintaq təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc üzvi Fuad Əhmədlinin heç bir maddi və ruhi sıxıntısı yoxdur”.
Bu sözləri sentyabrın 14-də Fuad Əhmədli ilə görüşən vəkil Əsabəli Mustafayev deyib.
Avqustun 18-də saxlanılan Fuad Əhmədli ilə görüşə və telefon danışığına qadağa qoyulduğu bildirilirdi. Vəkili nəhayət, bu gün onunla görüşə bilib.
Vəkil cəbhəçinin durumunun yaxşı olduğunu qeyd edib: "Həmişə olduğu kimi əhvalı yaxşıdır. Bütün dostlara möhkəmlik, fədakarlıq və fəallıq arzulayır. Darıxdığı olur, ona görə də, dostlarından yaxşı oxumalı kitablar istədi. Bu haqda atasına demişəm”.
Ə.Mustafayev həmçinin, bir neçə gün əvvəl Qırmızı Xaç Komitəsinin nümayəndələrinin F.Əhmədli ilə görüşdüyünü deyib.
Qeyd edək ki, Fuad Əhmədli avqustun 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İstintaq orqanlarının iddiasına görə, F.Əhmədlinin yaşadığı evdə axtarış aparılan zaman oradan bu il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırılan Fethullah Gülen-in kitabları tapılıb.
Vəkil bütün ittihamları rədd edir. AXCP-nin yaydığı bəyanatda isə bildirilirdi ki, hakimiyyət Fethullah Gülen amilindən öz rəqiblərini vurmaqdan ötrü istifadə edir.
Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-in özü də Türkiyədə dövlət çevrilişini himayə etməsi ilə bağlı iddiaları yalanlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun