"Təslim olub əlimi qaldırsam da, məni güllələdilər"

"Təslim olub əlimi qaldırsam da, məni güllələdilər"
15 Sentyabr 2016
Mətni dəyiş
Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi " Hərəkatının üzvü Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Nardaran hadisələrində təqsirləndirillən digərlərinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşı Kənan Heybətov ifadə verib. Baş İdarəyə Taleh Bağırzadə və digərləri haqqında məlumatın daxil olduğunu deyən K.Heybətov bildirib ki, Nardaranda Taleh Bağırzadənin yaşadığı evdə keçirilən əməliyyat zamanı Bəhruz Əsgərovu zərərsizləşdirib. Bildirib ki, B.Əsgərovun əlində qumbara və beşbarmaq olub.
"Nə vaxt istəsən xəbər göndər, səni bağışlayım"
Vəkillərin suallarını cavablandıran K.Heybətov Bəhruz Əsgərova güllə atdığını, lakin ona dəyib-dəyməməsini bilmədiyini söyləyib. Vəkil Yalçın İmanov deyib ki, digər əməliyyatçı Müslüm Tarverdiyev ötən iclas zamanı ifadə verərək Bəhruzun keçəl olduğunu deyib. Lakin Kənan Heybətov onun saçının olduğunu vurğulayır. Vəkil bu ziddiyyətə aydınlıq gətirilməsini istəyib. Şahid bildirib ki, Bəhruzu özü zərərsizləşdirib, lakin Müslüm Tarverdiyev ona kömək edib. Vəkil Yalçın İmanov ondan zərərçəkmiş kimi istintaqa müraciət edib-etməməsini soruşub. Şahid müraciət etmədiyini, lakin müstəntiqin onu da zərərçəkmiş kimi tanıdığını deyib. Vəkil Yalçın İmanov deyib ki, güllə Bəhruza arxa tərəfdən dəyib: "Siz Bəhruzla qarşı-qarşıya dayanmısınız. Onda belə çıxır ki, sizinlə qarşı tərəfdə duran polislər də siz olan tərəfə atəş açıb? Bəhruza ona yaxın rezin güllə də dəyib". Şahid suala belə cavab verib: "Bu əməliyyatdır. Ola bilər ki, yaxınlıqdakı polislər atəş açıb. Məndə rezin güllə olmayıb". Vəkil Yalçın İmanov isə rezin güllə atan silahın yalnız ölən polislərdə olduğunu deyib.
B. Əsgərov isə onu K.Heybətovun saxlamadığını, onu ilk dəfə BMCMİ-də gördüyünü deyib. B.Əsgərov hadisə zamanı güllə yarası aldığını və xəstəxanaya kənd camaatı tərəfindən aparıldığını da söyləyib: "Mən heç bir polislə qarşılaşmamışam. Mən yaralı idim. Müstəntiqə dedim ki, məndən nə çıxıbsa, gətir göstər. Dedi: "Səndə beşbarmaqla, qumbara olub ki, görmək də istəyirsən?" Bu da gəldi orda üzümə durdu. Sən mənim balamı atasız qoyursan. Mən də sənə arzu edirəm ki, Allah sənə uzun ömür versin. Öz balalarının üzünə baxanda mənim balamı fikirləşəsən. Özün də bilirsən ki, sən məni günahsız yerə şərləyirsən. Nə vaxt istəsən xəbər göndər, mən səni bağışlayım. Mən sənə qarğış etmirəm. Sən nəyəsə görə məni bədbəxt etdin. Mən zindandan, şəhadətdən qorxmuram. Xalqımıza görə başımdan da keçərəm. Allah səni hidayət eləsin. Sən başa düş ki, mənim həyatımı qaraltmısan. Mən təslim olub əlimi qaldırmışdım. Bir də gördüm məni güllələdilər. Sabunçu xəstəxanasında isə polislər məni vurmaq istəyirdilər. Səhlab Bağırov qoymadı. Dedi, camaat görür".
"Aksiyalar hakimiyyətin canına qorxu salıb"
Daha sonra iclasda fasilə elan edilib. Fasilə zamanı Taleh Bağırzadə çıxış edib. O bildirib ki, zülmün qarşısında dayanmaq müsəlmanın borcudur: "Bu gün ölkədə nə qədər intihar var, ac adamlar var. Bu hakimiyyət bilməlidir ki, biz artıq əvvəlki adamlar deyilik. İnsanların aksiyalarda iştirakı bunların canına qorxu salıb. O gün televiziyada görürəm ki, Kəbə evinin içinə girib deyir, ki, xoşbəxt adamam. Deyir, keçən dəfə əhd eləmişdim ki, böyük məscid tikim. Bu dəfə də gəldim Kəbə evinə, dedim ki, məscidi tikmişəm. Sənin əlin qana batıb. Sən orada seçki saxtalaşdırmamaq, haqsızlıq etməmək haqqında əhd edərdin".
Daha sonra proses davam edib. İclasda Taleh Bağırzadə Kənan Heybətova sual verib. Bildirib ki, Nardaranın özünəməxsus xüsusiyyətləri var: "Orada Heydər Əliyevin adına bir küçə, heykəl yoxdur. Oranın spesifik xüsusiyyətləri var. Siz əməliyyata gedəndə bunları nəzərə almışdınız?"
Şahid hər şeyin nəzərə alındığını deyib: "Nardaran Kolumbiy-zad deyil ki".
"Demokratik ölkə olsaydı..."
Təqsirləndirilən İbrahim Xudaverdiyev isə bildirib ki, terrorist onlar yox, yalan ifadə verən polislərdir: "Onların etdikləri elə vətənə xəyanətdir. Mən çoxdan evimdə olmalıydım. Əgər bu hadisə demoktarik bir ölkədə olsaydı, məndən üz istəyərdilər. Burada yaşamaqdansa, Avropada yaşamaq yaxşıdır. Onsuz da imkanı olanların hamısı qaçıb gedib. Rusiyada rusdan çox azərbaycanlı var. Son söz xalqın olmalıdır".
Taleh Bağırzadə deyib ki, polislər ifadə verdikcə yalanları üzə çıxır: "Hamısı eyni ifadəni versə, işimizi bilərik. Hərəsi gəlib bir söz danışır. O zülmlər kimə olunsa, çətin ki, rahat qarşılaya. Onlar cinayətkardır. Azərbaycan xalqı Nardaran hadisələri ilə bağlı Azərbaycan hakimiyyətinə qarşı cinayət işi açıb. Öldürülən polislərin anası bizə dua edir. Bu, siyasi işdir. Sizlik nəsə yoxdur".
Hakim Əlövsət Abbasov isə təqsirləndirilən şəxslərə bildirib ki, bütün şahidlər ifadə verməlidirlər: "Burada gəlib ifadə verən şahidlərin sözləri sizin xoşunuza gəlmir. Lakin mən tövsiyə edirəm ki, təhqiredici ifadələrdən çəkinəsiniz. Məhkəməni şouya çevirmək lazım deyil. Şahidlər ittiham tərəfinin adamlarıdır və onların ifadələrinin sizin xoşunuza gəlməyəcəyini biz də bilirik. Əgər belədirsə, gəlin saxlayaq, bəri başdan hər şeyə qiymət verirsiniz. Gəlin o zaman onların ifadələrin elan edək, qurtarsın. Məhkəmənin qaydası belədir ki, hamı ifadə verməlidir. Biz heç kimə güldən artıq söz demirik, nə sizə, nə qarşı tərəfə".
"Heç kimə təzyiq olmayıb"
Daha sonra iclasda BMCMİ-nin əməkdaşı Nadir Novruzov ifadə verib. O da oxşar ifadə verərək bildirib ki, əməliyyat zamanı Abbas Quliyevi zərərsizləşdirib və onun üzərindən bıçaq, qumbara aşkar edilib.
Vəkillərin suallarına cavab olaraq şahid bildirib ki, təsirləndirilən şəxslərə qarşı fiziki təzyiq, işgəncə olmayıb və belə bir hadisənin şahidi olmayıb. Vəkil Yalçın İmanov ondan niyə bütün şahidlərin ifadələrinin eyni olduğunun səbəbini soruşub. Şahid ifadələrin müstəntiq tərəfindən yazıldığını bildirib. Yalçın İmanov deyib, ekspert Abbas Quliyevlə bağlı verdiyi rəydə yazıb ki, o, bərk əşya ilə vurula bilər. Şahid Abbas Quliyevə qarşı idman fəndi işlətdiyini, onu vurmadığını deyib. Vəkil Yalçın İmanov deyib ki, polislərin ünvanı kimi BMCMİ-nin ünvanı göstərilib. Hakim deyib ki, bütün polislərdə belə yazılıb: "Əgər sizə maraqlıdırsa,onların idarəsinə sorğu verin, cavab alın. Polis əməkdaşı olduqları üçün onların ünvanı göstərilməyib".
Təqsirləndirilən Abbas Quliyev isə onu saxlayan şəxsin üzünü görməsə də, hündürboylu olduğunu deyib. Başına isə avtomatla maşında vurduqlarını bildirib.
Proses sentyabrın 21-də davam edəcək.
T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə də daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Bildirib ki, onlara öldürmək yox, silah tətbiqi əmri verilib. B. Əsgərovu zərərsizləşdirəndə onlara müqavimət göərməyib. Vəkil Yalçın İmanov bildirib ki, B. əsgərova güllə arxa tərəfdən dəyib, lakin K. Heybətov onunla qarşı-qarşıya durub və atəş qarşı tərəfdən açılıb. Vəkil bunun necə baş verməsini soruşub. Şahid hadisə vaxtı digər polis əməkdaşlarının da atəş açdığını, digər polislərin açdığı atəşin ona dəydiyini ehtimal etdiyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun