Keçmiş MTN generalına yeni ittihamlar

Keçmiş MTN generalına yeni ittihamlar
5 Sentyabr 2016
Mətni dəyiş
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarova yeni maddə ilə ittiham irəli sürülüb.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, baş prokuror Zakir Qaralov tərəfindən təsdiqlənən ittiham aktında A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 179.3.1 (Mənimsəmə və ya israf etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib. A.Çovdarov bu maddə üzrə dövlət büdcəsini mənimsəməkdə təqsirləndirilir. O, büdcədən təxminən 1 milyon manat pulu agentura şəbəkəsinin saxlanması adı ilə götürərək mənimsəyib.
Akif Çovdarov istintaqda ifadəsi zamanı ittihamı qəbul etmədiyini bildirib. O deyib ki, pullar həqiqətən də agentlərə ödənib. Lakin, A.Çovdarov agentlərin kimliyini istintaqa açıqlamaqdan imtina edib.
Xatırladaq ki, Akif Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O zaman Baş Prokurorluğun yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Onlardan 19-u hazırda həbsdədir.
A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma ) və daha bir neçə ağır maddələr ilə ittiham irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun