Nardaran hadisələrində təqsirləndirilən şəxslər ifadə veriblər

Nardaran hadisələrində təqsirləndirilən şəxslər ifadə veriblər
11 Avqust 2016
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Quliyev ifadə verib. O, ibtidai istintaq zamanı verdiyi ifadələrdən imtina edib. A.Quliyev bildirib ki, Nardaranda məlum hadisə baş verən evin sahibi onun qohumudur və həmin evdə olan yaşlı qadına dərman verməyə gedəndə onu tutublar.
Prokuror Ramin Nağdəliyev ondan ifadəsini oxuyub-oxumadığını, təşkilatla əlaqəsinin olub-olmadığını, Taleh Bağırovu tanıyıb-tanımadığını soruşub. Təqsirləndirilən şəxs Taleh Bağırovu tanıdığını, lakin təşkilatla əlaqəsinin olmadığını vurğulayıb.
Təqsirləndirilən İbrahim Xudaverdiyev də ibtidai istintaqa ifadələrindən imtina edib. Prokurorun suallarına cavab olaraq bildirib ki, həmin evə oğlunun dalınca gedib.
İclasda ifadə verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da ittihamlarla razılaşmayıb.
Proses fasilədən sonra davam etdiriləcək.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun