Müsavat Partiyası baş prokuroru məhkəməyə verib

Müsavat Partiyası baş prokuroru məhkəməyə verib
2 Avqust 2016
Mətni dəyiş
Baş Prokurorluğun üzərinə "Panama Papers"i araşdırmaq vəzifəsi qoyan qərar çıxarılması istənilir
Müsavat Partiyası “Panama Papers”in araşdırılması ilə bağlı müraciətlərinə reaksiya verilmədiyinə görə, baş prokuror Zakir Qaralovu məhkəməyə verib. Bu barədə Azadlıq Radiosu partiyanın hüquqi nümayəndəsi, vəkil Nemət Kərimliyə istinadən məlumat yayıb.
Səbail Rayon Məhkəməsinə təqdim olunan iddia ərizəsində bildirilir ki, aprel-may aylarında dünya və ölkə mətbuatında prezidentin övladlarının, yaxın qohumlarının, dövlət məmurlarının əmlak dövriyyələri barədə araşdırma yazılar dərc olunub. Müsavat Partiyası iyunda həmin yazılardakı bilgilərin araşdırılması istəyi ilə baş prokurora müraciət edib.
Ancaq prokurorluq həmin müraciətə heç bir cavab verməyib.
Partiya hesab edir ki, baş prokurorun müxalif partiyanın müraciətinə səssiz qalması qanunsuzdur. İddia ərizəsində göstərilir ki, müraciətin araşdırılmaması Konstitusiyaya, cinayət prosessual qanunvericiliyə, prokurorluq və “Vətəndaşların müraciətləri haqqında” qanunlara ziddir.
Buna da bax: “Prezidentin qəsri də olar, imarəti də”
Partiya məhkəmədən xahiş edib ki, Baş Prokurorluğun üzərinə müraciəti araşdırmaq və toplumu bu haqda bilgiləndirmək vəzifəsi qoyan qətnamə qəbul etsin.
Müsavat Partiyasının başqanı Arif Hacılı “Panama sənədləri” ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət etmişdi.
Müraciətdə prezident İlham Əliyevin qızları Leyla , Arzu Əliyevalar, onların dayısı oğlanları Mircəlal və Mircamal Paşayevlərin Londondakı dəyəri milyonlarla ölçülən mülkləri haqda yazılanların araşdırılması istənilirdi.
Ondan əvvəl əsas müxalif birliklərdən olan Milli Şura da sözügedən bilgilərin araşdırılmasını tələb edən bəyanat yaymışdı.
Hökumət də bu çağırışlara reaksiya verməmişdi.
Bu il aprelin əvvəllərində ICIJ, Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin (OCCRP) üzvləri Mossack Fonseca firmasından sızmış sənədlərin (Panama Papers) əsasında apardıqları təhqiqatın nəticələrini dərc etmişdilər.
Panama sənədlərində 50-dən çox ölkənin dövlət və hökumət başçılarının, rəsmilərinin, məmurlarının adları var. Bunların arasında Ukrayna prezidenti Petro Poroshenko-nun, Azərbaycan prezidenti İlham Əliyevin qızlarının, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nəvəsinin və başqalarının adları da çəkilir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun