İslamçıların lideri "Qobustan" həbsxanasında aclıq aksiyasına başlayıb

İslamçıların lideri "Qobustan" həbsxanasında aclıq aksiyasına başlayıb
31 Avqust 2016
Mətni dəyiş
Qobustan həbsxanasında cəza çəkən İslam Partiyasının lideri Mövsüm Səmədov sentyabrın 26-da keçirilməsi planlaşdırılan Konstitusiyaya dəyişikliklər üzrə referenduma etiraz olaraq müddətsiz quru aclıq aksiyasına başlayıb.
Bu barədə Turan-a onun vəkili Yalçın İmanov bildirib.
Vəkil avqustun 30-da Qobustan həbsxanasında Səmədovla görüşüb. Səmədov vəkilə bildirib ki, aclıq aksiyasına avqustun 29-da başlayıb və həbsxana rəhbərliyinə öz tələblərini yazılı olaraq təqdim edib.
Səmədov düzəlişləri mürtəce hesab edir, onların qəbulu ölkədə monarxiya üsulunun rəsmiləşdirilməsi demək olacaq. Vəkil deyib ki, Səmədov həkim müşahidəsi altında olmaq istəyir.
Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov aclıq aksiyası haqqında məlumatı Turan-a şərh edərkən bildirib ki, bu məsələ ilə bağlı məlumatı yoxdur.
Mövsüm Səmədov Partiya Məclisində Azərbaycan hakimiyyətini kəskin tənqid etdikdən beş gün sonra - 2011-ci il yanvarın 7-də həbs edilib. Oktyabrın 7-də M.Səmədov, daha 6 AİP fəalı və ilahiyyatçı hakimiyyəti ələ keçirməyə cəhd, qanunsuz silah saxlamaq və digər cinayətlərdə ittiham olunaraq uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. M.Səmədov 12 il cəza alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.
 2014-cü ildə  Oktyabrın 9-da Qaradağ rayon Məhkəməsi 12 saylı cəzaçəkmə müəssisəsində keçirilən səyyar iclasında bu müəssisə rəhbərliyinin İslam Partiyasının lideri Mövsüm Səmədovun 2 il müddətinə Qobustan həbsxanasına köçürülməsi haqqında təqdimatını təmin edib. Bu qərar guya Səmədovun nizam-intizamı pozması ilə əsaslandırılıb.
Müdafiə tərəfinin fikrincə, M.Səmədovun cəsalandırılmasının əsl səbəbi onun təsiri ilə məhbusların arasında dindarların sayının artmasıdır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun