AzadlıqRadiosu-nun Bakı bürosunun vergi qərarından verdiyi şikayətə baxılıb

AzadlıqRadiosu-nun Bakı bürosunun vergi qərarından verdiyi şikayətə baxılıb
3 Avqust 2016
Mətni dəyiş
İqtisad Məhkəməsində AzadlıqRadiosu Bakı bürosunun mənfəət vergisini ödəməməsi ilə bağlı 2016-cı ildə tərtib edilən aktdan və çıxarılan qərardan verdiyi şikayətə baxışın hazırlıq iclası keçirilib. Bu barədə vəkil Adil İsmayılov jurnalistlərə açıqlama verib.
A.İsmayılov şikayətin məzmunu ilə bağlı danışıb: "AzadlıqRadiosu-nun Bakı bürosunda 2015-ci ildə vergi yoxlaması aparılıb və yazılmış akta görə qərar qəbul olunub ki (2016-cı ilin aprelin 21-də), qurum mənfəət vergisini ödəməyib və onlara qarşı 135 min manat vergi hesablanıb. Bununla əlaqədar vergi sanksiyası tətbiq olunub".
Vəkil Adil İsmayılovun sözlərinə görə şikayətlə bağlı məhkəmənin baxış iclası avqustun 17-nə təyin olunub.
AzadlıqRadiosu isə proseslə bağlı qurumun prezidenti Thomas Kentin sözlərinə yer verib: “Kommersiya məhkəməsi bizə qarşı irəli sürülmüş iddiaların əsassızlığı barədə qərar çıxarmalı, prokuror ləngimədən Bakı bürosunun dondurulmuş bank hesablarının açılması, şirkətin 2014-cü ilin dekabrından müsadirə edilmiş möhür, ştamp və sənədlərinin qaytarılması, Bakı bürosu əməkdaşlarının şəxsi bank hesablarının açılması və bizim, Azərbaycan xalqına müstəqil xəbər və məlumatları çatdırmaq kimi jurnalist missiyamızı davam etdirməyimiz üçün müvafiq tədbirləri görməlidir”.
Xatırladaq ki, AzadlıqRadiosu Bakı bürosunun ofisində 2014-cü ilin dekabr ayında prokurorluq əməkdaşları tərəfindən “ağır cinayətlə” bağlı aparılan axtarışdan sonra ofisin qapısı möhürlənərək polisə təhvil verilib.
Axtarışın növbəti günü AzadlıqRadiosu-nun Azərbaycan Xidmətinin rəhbəri Kənan Əliyev, qurumda işləyən jurnalistlər və ştatdan kənar əməkdaşın fəaliyyətləri ilə əlaqədar Baş Prokurorluğa çağrıldığını bildirib.
Hadisələrin gedişatı zamanı AzadlıqRadiosunun əməkdaşı, jurnalist Xədicə İsmayılova 2014-cü ilin sonunda həbs olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 aylıq azadlıqdan məhrum edilmişdi. 2016-cı il may ayının 25-də Ali Məhkəmənin qərarı ilə Xədicə İsmayılovaşərti azadlığa buraxılıb.
Polisin axtarışları, AzadlıqRadiosu Bakı Bürosunun möhürlənməsi və Xədicə İsmayılovanın həbsi sonrası jurnalist və onun tərəfdarları ittihamların siyasi motivli olduğunu deyirlər. Azərbaycan hökuməti isə öz növbəsində bu iddiaları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun