Ələsgər Məmmədli: "Televiziyaların ödədiyi vergi bilinsə..."

Ələsgər Məmmədli: "Televiziyaların ödədiyi vergi bilinsə..."
30 Avqust 2016
Mətni dəyiş
Telekanallar sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində (referendum) ödənişli təşviqat aparılması üçün tarif cədvəlini açıqlayıb.
Ən bahalı efir vaxtı "Xəzər" televiziyası tərəfindən müəyyənləşdirilib. Telekanal saat 19.00-dan sonra 5-7 dəqiqəlik efir vaxtı üçün 8000 manat müəyyənləşdirib.
İctimai Televiziyada (İTV) hər təşviqat müddəti 5 dəqiqə (günün müxtəlif vaxtlarında 3 və ya 4 dəqiqə də ola bilər) olmaqla efirin saniyəsi üçün tarif 20 AZN-dən 50 AZN-dək müəyyən edilib. İctimai Radioda isə hər təşviqat müddəti 4 dəqiqə olmaqla efir saniyəsinin tarifi 7 AZN-dən 25 AZN-dək müəyyənləşdirilib.
"Bu yanaşma düzgün deyil"
Media eksperti Ələsgər Məmmədli saytımıza açıqlamasında bildirib ki, astronomik rəqəmlərin və qiymət limitinin tətbiq edilməməsi böyük suallar doğurur:
"Məsələ bundadır ki, siyasi təşviqat vaxtı əmtəə reklamı deyil və demokratik cəmiyyət üçün, siyasi plüralizm üçün həyati əhəmiyyət daşıyır. Təəssüf ki, ölkə qanunvericiliyində dəyişikliklər üçün çoxsaylı müraciətlərə baxmayaraq, siyasi təşviqat vaxtının ödənişli mərhələsinə bir qiymət limiti tətbiq edilmir. Bu da TV-lərin və habelə mətbu qurumların astronomik qiymətlər müəyyən etməsinə səbəb olur".
Ekspert deyir ki, bütünlüklə dövlət büdcəsindən maliyyələşən İTV-nin prime-time da ödənişli efirinin qiyməti bir saata 180 000 manat, Xəzər TV-də də ona yaxın - 144 000 manat müəyyən edilib.
"Bir sual yaranır, bu TV-lər reklam 1 saat üçün reklam qiymətini 150-200 min manat arası müəyən edirsə, görəsən onlar aylıq nə qədər vergi ödəyir? Çünki 144 000 manat bir saat üçün çox yüksək qiymətdir. TV-lərin gün ərzində hər saat ərzində 9 dəqiqə olmaqla, cəmi 3.5 saat reklam vaxtı var. Bura əlavə olaraq 1 saatdan çox teleticarət də əlavə edə bilərlər. Beləliklə, gün ərzində ümumi efir vaxtının beşdə biri bu məqsədlə doldurula bilər. Məntiqlə düşünsək, TV-lər belə yüksək qiymətə reklam satırlarsa, gündəlik gəlirləri milyon manatdan çox olmalıdır. Əgər telekanalların ödədiyi vergini də öyrənə bilsək, tablo daha aydın şəkildə ortaya çıxar", - deyə Ələsgər Məmmədli bildirib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun