"Konstitusiyaya düzəlişlər xalqın hakimiyyətini məhdudlaşdırır"

"Konstitusiyaya düzəlişlər xalqın hakimiyyətini məhdudlaşdırır"
27 İyul 2016
Mətni dəyiş
Konstitusiyaya təklif edilən düzəlişlər Azərbaycanda xalq hakimiyyəti prinsipini daha da məhdudlaşdırır. Bu fikri Turan agentliyinin Çətin Sual verilişinə müsahibəsində məşhur hüquqşünas, Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında 1991-ci il Konstitusiya Aktının müəlliflərindən biri olan Fuad Ağayev bildirib.
Düzəlişlər qəbul edilərsə, ictimai özbaşınalığı və ədalətli mühakimənin olmamasını nəzərə alaraq, bu, yalnız mənfi nəticələrə gətirib çıxaracaq.
Ağayev həmçinin Referendum Aktı layihəsinin əvvəlcədən xalqın müzakirəsinə çıxarılmadığına diqqət çəkib. O xatırladıb ki, 1990-cı ildə belə “Ümumxalq müzakirəsi və referendum haqqında” qanun var idi.
1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ictimaiyyət nümayəndələrinin iştirakı ilə hazırlanırdı.
1995-ci il konstitusiyasını hazırlayan Konstitusiya Komissiyasına müxalifət nümayəndələri də daxil idi.
1977-ci il SSRİ Konstitusiya layihəsi və 1978-ci il Azərbaycan SSR Konstitusiyası layihələri üzrə də ümumxalq müzakirələri keçirilib.
İndi isə Referendum Aktı layihəsi “ildırım sürəti ilə” işə salınıb, Konstitusiya Məhkəməsi cəmi bir həftədə rəy hazırlayıb. Bu, ictimaiyyətin düzəlilər layihəsinin əvvəlcədən müzakirəsindən təcrid edilməsi deməkdir.
Digər tərəfdən, normativ-hüquqi aktlar haqqında konstitusiya layihəsi qanun layihələrinin əvvəlcədən hüquqi, linqvistik və s. ekspertizasını nəzərdə tutur. Amma bütün bunlar edilməyib.
Ağayev Konstitusiyaya dəyişikliklər təşəbbüsünün əsasları ilə bağlı şərh verməyə çətinlik çəkib, mahiyyətindən göründüyü kimi, onların xalq hakimiyyətini daha da məhdudlaşdırdığını qeyd edib.
Belə ki, düzəlişlər dövlət başçısını əvəz edə biləcək birinci vitse-prezident və vitse-prezidentlərin təyin edilməsini nəzərdə tutur. Yəni prezident səlahiyyətlərini xalqdan mandat almamış və hətta parlament tərəfindən təsdiq edilməmiş şəxslər həyata keçirə bilər.
Bu, Konstitusiyanın ölkədə hakimiyyət mənbəyinin xalq olduğu haqqında 1-ci maddəsinə ziddir. 1-ci maddəyə aid müddəalar isə referenduma çıxarıla bilməz (155-ci maddə).
Ümumilikdə düzəlişlər icra hakimiyyətinin səlahiyyətlərini genişləndirərək, hakimiyyət qolları arasında tarazlığa mənfi təsir edir.
Deputatlar və prezident üçün minimum yaş həddinin aradan qaldırılması da tənqidəlayiqdir. Bu məhdudiyyətin mənası ondadır ki, vəzifə tutan şəxsin şəxsi təcrübəsi, həyat və peşə təcrübəsi olmalıdır, deyə Ağayev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun