Cəmil Həsənli: “DİN cinayət əməlinə yol verib”

Cəmil Həsənli: “DİN cinayət əməlinə yol verib”
21 İyul 2016
Mətni dəyiş
İyul ayının 19-dan qurama “Nardaran işi” ilə bağlı məhkəmə prosesi başlayıb. Ötən ilin noyabrında Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) ikisi polis işçisi olmaqla 6 vətəndaşın ölümü ilə nəticələnmiş əməliyyatının mahiyyəti elə ilk iclaslarda ifşa olundu. “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə məhkəmədəki ifadəsində dedi ki, ondan tələb edirdilər ki, Nardaran hadisələrini Milli Şuranın, Cəmil Həsənli və Əli Kərimlinin təşkil elədiyini desin. Əli Kərimliyə və mənə qarşı bu ifadəni almaq üçün hacı Taleyə dəhşətli işgəncələr veriblər. O, məhkəmə prosesində bəyan etdiyi ifadəsində deyir: “Bandotdeldə mənə 3  gün ərzində ağlasığmaz işgəncələr verildi. Biri var, adamı döyələr, cərəyana verələr, bunlar adi şeylərdir. Amma söhbət dəhşətli, ağlasığmaz işgəncələrdən gedir. Tələb edirdilər ki, mən Nardaran hadisələrinin arxasında Milli Şuranın, Əli Kərimlinin, Cəmil Həsənlinin dayandığı barədə ifadə verim”. Əlbəttə, hacı Tale bu dözümünə, nahaq işə getmədiyinə, bütün ağlasığmaz işgəncələrə rəğmən rejimin bu cinayətin ifşa etdiyinə görə hər cür hörmətə layiq bir insandır, gerçəkdən mömin bir din adamıdır. Əslində bu ifadə Nardaran hadisələrinin gizlin məqamlarını ortaya qoydu. Məlum oldu ki, DİN Nardaranda hansı çirkin məqsədlərlə bu əməliyyatı keçirib. DİN-in özünün hazırladığı əməliyyata olmayan dövlət çevrilişi və terror qruplaşmasına qarşı  mübarizə adı niyə verilib? Zatən burada məqsəd yalnız Tale Bağırzadə və tərəfdarlarını həbs etmək deyil, daha geniş dairədə repressiya siyasətini həyata keçirmək olub. Məqsəd hakimiyyətin  mahiyyətini ardıcıl ifşa edən Milli Şuranın guya Nardaran hadisələrinin əsas təşkilatçısı olduğunu “sübuta” yetirməkdən ibarət idi. DİN-in öz vətəndaşlarına qarşı keçirdiyi qanunsuz əməliyyatında ikisi polis olmaqla 6 vətəndaşın ölsürülməsi isə Əli Kərimlinin və mənim maddəmi ağırlaşdırmaq, insan ölümünə səbəb olan ixtişaşların təşkilatçısı “missiyası”nı bizim üzərimizə qoymaqdan ibarət idi. Əslində göründüyü kimi, Azərbaycan qanunlarına görə, DİN, istintaq orqanları birbaşa cinayət əməlinə yol verib. Ağır işgəncələr altında məhbusdan (yəni döyülərək burnu sındırılmış hacı Tale Bağırzadədən) aidiyyəti olmadığımız işə görə Əli Kərimli və mənə qarşı böhtan xarakterli ifadələr almağa cəhd göstəriblər. Bu, öz-özlüyündə hüquq-mühafizə orqanlarının konkret olaraq bizə qarşı cinayət törətdiyinin açıq ifadəsidir. Göründüyü kimi, istintaq prosesində hakimiyyətin başlıca rəqibi olan siyasi fəaliyyətlə məşğul olan konkret vətəndaşlara qarşı hüquq-mühafizə orqanlarının əli ilə dövlət səviyyəsində cinayət əməli həyata keçirilib. Lakin göründüyü kimi məhkəmə bu cinayət əməlinin üstündən sükutla keçir.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun