Hakim “Abzas Media”nın jurnalistlərini zaldan zorakılıqla çıxartdırıb

Hakim “Abzas Media”nın jurnalistlərini zaldan zorakılıqla çıxartdırıb
10 Aprel 2024
Mətni dəyiş

Sevinc Vaqifqızı: “Xaricdə hesablarımızın olub-olmadığını araşdıranda prezidentin köməkçisinin ailəsinin Gürcüstanda tikdirdiyi şəhərciyi də araşdırın”

Aprelin 9-da “Abzas Media işi” üzrə həbs edilən jurnalistlər və onların ailə üzvlərinin xarici bank məlumatlarının əldə edilməsindən verilən apellyasiya şikayətinə baxılıb.

Gürcüstan banklarına maliyyə əməliyyatları və bank hesablarının vəziyyətinə dair sorğu bu iş üzrə şahid qismində cəlb edilmiş jurnalistlər də daxil olmaqla, ümumilikdə 17 nəfəri əhatə edir.

Bu il martın 27-də Xətai Rayon Məhkəməsi Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Toğrul Hüseynovun vəsatəti əsasında Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyevin təqdimatına baxıb, təmin edib.

Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyilə keçirilən prosesdə ittiham tərəfinin iştirak etməməsi gərginlik yaradıb.

İş üzrə təqsirləndirilən şəxs qismində həbs edilmiş jurnalist Elnarə Qasımova çıxış edərək bildirib ki, həbsdə onlar yox, korrupsiya əməllərini araşdırdıqları məmurlar olmalı idi.

“Bizi araşdırmalarımıza görə tutublar. Əgər ölkədə normal, ədalətli hüquq mühafizə orqanları, məhkəmələr olsaydı, həbsdə biz yox, korrupsiya əməllərini ifşa etdiyimiz məmurlar olardı. İndi bu məhkəmədən də gözləntim yoxdur, çünki siz hakimlər o korrupsioner oliqarxlardan əmr alırsınız”, – deyə jurnalist vurğulayıb.

“Abzas Media"nin baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) prosesdə müstəntiqlərin iştirakını tələb edib:

“Müstəntiqin burada olmasını istəyərdim. Çünki ona bir neçə sualım var idi. Bizim xaricdə hesablarımızın olub-olmadığını araşdırmaq istəyirlər. Elə getmişkən prezidentin köməkçisi Şahmar Mövsümovun qardaşının Gürcüstanda yaratdığı kiçik şəhərciyi araşdırsın, onu hansı pullarla əldə etdiyini öyrənsin. Sizin ədalətli qərar çıxaracağınızı gözləmirəm. Çünki hamınız əmr qulusunuz. Elə o korrupsionerlərdən əmr alıb qərarlar verirsiniz".

Hakim Anar İbrahimov jurnalistin sözünü kəsib və onun zaldan çıxarılması ilə bağlı göstəriş verib. Digər jurnalistlər buna etiraz etdikdə isə hakim bütün iştirakçıların zaldan məcburi şəkildə çıxarılması ilə bağlı göstəriş verib.

Penitensiar Xidmətin əməkdaşları hakimin göstərişini xüsusi zorakılıq göstərərək icra edib və jurnalistləri zaldan çıxarıb.

Onlar Apellyasiya Məhkəməsinin arxasında təqsirləndirilən şəxslər üçün ayrılan gözləmə otağında xüsusi kameralara salınıblar. Penitensiar Xidmətin əməkdaşı hər kəsin içində Ülvi Həsənlini təhqir edib. Təcridxanaya aparılarkən isə onun qollarını əzab vermək niyyətilə sərt şəkildə sıxıblar.

Daha sonra hakim onların bir-bir zala geri qaytarılıb çıxış etməsi barədə göstəriş verib. Lakin həm təqsirləndirilən şəxslər, həm də digər şikayətçilər məhkəmədə iştirakdan imtina ediblər.

Hakim etirazları nəzərə almayıb və qərar müdafiə hüquqları təmin olunmadan verilib. Məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını qəbul etsə jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.

Jurnalistlər isə öz ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Fevralın 24-dən başlayaraq "Abzas Media işi" üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay artırılıb.

Beynəlxalq təşkilatlar bu qərarları istintaqın əsassız aparılması ilə əlaqələndirib, jurnalistlər üzərində təzyiq olduğunu bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun