Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərinə Azərbaycandan müsbət cavab gözləyir

Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərinə Azərbaycandan müsbət cavab gözləyir Foto: Reuters
10 Aprel 2024
Mətni dəyiş

"Ermənistanın suverenliyinin və dövlətçiliyinin gələcək inkişafının açarı qonşuları ilə münasibətlərin normallaşması və dərinləşməsidir". 

“Armenpress” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdə çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, Azərbaycanın Ermənistan ordusunda islahatlar aparılması, yeni müdafiə strukturlarının formalaşdırılması və döyüş sursatlarının alınması ilə bağlı bəyanatları ölkənin daxili işlərinə qarışmaqdan və aqressiv siyasətdən başqa bir şey deyil.

“Yəni, Ermənistan Respublikasının öz ölkəsini müdafiə etmək üçün ordusunun olmaması ilə bağlı Azərbaycanın müddəaları nədir?

Mən dəfələrlə demişəm və bir daha vurğulamaq istəyirəm ki, döyüşə hazır orduya malik olmaq hər bir ölkənin suveren hüququdur. Digər tərəfdən, biz də hesab edirik ki, regionda silahlanma yarışının qızışdırılması yaxşı nəticələrə gətirib çıxara bilməz. Reallıq odur ki, biz Azərbaycanla silahlanma yarışında iştirak etmək istəmirik.

Əgər Azərbaycan belə düşünmürsə, o zaman bizim bu işlə bağlı təklifimiz var və biz bu təklif haqqında daha əvvəl də danışmışıq: qarşılıqlı silahlanmaya nəzarət mexanizmi yaratmaq, qoşunların sərhəd xəttindən güzgü effekti ilə uzaqlaşdırılmasını həyata keçirmək.

Beləliklə, həm Azərbaycanın qeyd etdiyi dörd kəndin, həm də bizim 31 kəndin problemi öz həllini tapacaq. Biz təklif etdik ki, sərhədyanı ərazilər demilitarlaşdırılsın və bütün sərhədin mühafizəsi sərhəd qoşunlarına verilsin, Müdafiə Nazirliyinin bölmələri öz daimi qərargahlarına qaytarılsın. Bu, həm də qoşunların güzgü effekti ilə uzaqlaşdırılması konsepsiyası halında həyata keçirilə bilər”, - Paşinyan qeyd edib.

Baş nazirin sözlərinə görə, Ermənistanın bütün bu təklifləri Azərbaycan tərəfindən cavabsız qalır.

“Biz martın 14-də Azərbaycana təhvil verilən sülh müqaviləsinin 8-ci redaktəsinə müsbət cavab alacağımıza ümid edirik”, - Paşinyan çıxışını belə yekunlaşdırıb.

Prezident İlham Əliyev bundan əvvəlki çıxışlarında Qərbin Ermənistanı silahlandırma cəhdlərini Azərbaycanı təzyiq altında saxlamaq, rahat yaşamağa qoymamaq məqsədi daşıdığını bildirib. O əlavə edib ki, bu cəhdlər Qafqazda gərginliyin artmasına səbəb olur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun