Həbsdə aclıq edən cəbhəçinin səhhətinin pisləşdiyi bildirilir

Həbsdə aclıq edən cəbhəçinin səhhətinin pisləşdiyi bildirilir
25 Mart 2024
Mətni dəyiş

Partiyanın məlumatında qeyd olunur ki,  Niyaməddin Əhmədov 14 gündür aclıq edir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun aclıqdan sonra səhhətinin pisləşdiyi bildirilir. 

Bu barədə məlumatı AXCP yayıb. 

12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan N.Əhmədovun 14 gündür aclıq etdiyi bildirilir. 

Məlumata görə, Əhmədova evdən gətirilən bəzi qida məhsulları çatdırılmayıb, ailəsilə görüşünə problem yaradılıb, hüquq və vəzifələrinin qeyd olunduğu daxili nizamnamə göstərilməyib. O, buna etiraz edəndə isə karsa salınıb. 

Əhmədov cərimə kamerasında müddətini başa vursa da, yenidən təzyiqlərlə üzləşib. 

"Niyaməddin bəydən məhbəsdə də əl çəkmirlər. Karsa salırlar, qoluna qandal vurub başını qırxırlar. Niyaməddin bəy də üzləşdiyi haqsızlıqlara xalqımızın diqqətini cəlb etmək üçün aclıq aksiyası keçirdir. Aclığın 13-cü günündə vəziyyəti pisləşib. Ona heç bir tibbi yardım göstərilmir", – deyə AXCP sədri Əli Kərimli özünün "Facebook” hesabında yazıb.  

Hazırda Bakıda qeyri-iş günü olduğundan Penitensiar Xidmətlə əlaqə saxlamaq mümkün olmayıb.

N.Əhmədov 2020-ci ildə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra, ona Cinayət Məcəlləsinin 28.281-ci (dövlət əleyhinə açıq çağırışlara hazırlıq) 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə iki yeni ittiham irəli sürülüb. 

Niyaməddin Əhmədov 2021-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus hesab edirlər. Azərbaycan rəsmiləri bir qayda olaraq ölkədə siyasi məhbus olmadığını bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun