Sərsəng su anbarında suyun həcmi son 30 ilin ən aşağı səviyyəsinə düşüb

Sərsəng su anbarında suyun həcmi son 30 ilin ən aşağı səviyyəsinə düşüb Sərsəng su anbarı. Foto: Ani Balayan/CivilNet
9 May 2023
Mətni dəyiş

Yaranmış vəziyyətə görə hər iki ölkə bir-birini ittiham edir 

Ermənistan rəsmiləri Qarabağın şimalındakı Sərsəng su anbarında suyun həcminin son 30 ilin ən aşağı səviyyəsinə düşdüyünü açıqlayıb.

120 mindən çox insanın əsas elektrik enerjisi mənbəyinə çevrilən anbarda suyun səviyyəsi 25 metr aşağı düşüb.

Azərbaycanın nəzarətində olan ərazilərdə Ermənistandan elektrik enerjisi nəql edən naqillər zədələndikdən sonra Qarabağın ümidi yanvar ayından yerli istehsal olunan elektrik enerjisinə qalıb.

Xankəndidəki erməni icması Azərbaycan hökumətini təmir briqadalarını zədələnmiş əraziyə buraxmamaqda günahlandırır. Erməni icması qabaqlayıcı tədbir kimi vaxtaşırı elektrik enerjisini kəsir və su elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisinin həcmini artırır.

Sərsəng SES-in direktoru Qriqor Qriqoryanın sözlərinə görə, son ay yarım ərzində stansiyanın istehsal etdiyi elektrik enerjisinin həcmi əvvəlki ilin eyni dövrünü iki dəfə yarımdan çox üstələyib.

Qarabağda erməni icmasının yaratdığı “Artsax Su Komitəsi”nin rəhbəri Georgi Hayriyan AzadlıqRadiosuna deyib ki, su anbarında suyun səviyyəsinin aşağı düşməsi məsələsi həll edilməsə, regionda yay ayları üçün kifayət qədər elektrik enerjisi olmaya bilər və qışda elektrik enerjisi istehsalı çətinləşə bilər.

Qarabağın tanınmamış “dövlət naziri” Qurgen Nersisyan mayın 6-da bildirib ki, regionda elektrik enerjisini altı su elektrik stansiyası təmin edir, “bunlardan təkcə Sərsəng su anbarı ümumi gücün təxminən 70%-ni təşkil edir”.

Nersisyan yazır ki, “Azərbaycanın elektrik enerjisi təchizatı dayandırılana qədər yerli istehsal tələbatın təxminən 30%-ni ödəyirdi. Yanvarın 9-dan etibarən əhalinin minimum enerji tələbatını ödəmək üçün erməni icmasının nümayəndəliyi bütün iri müəssisələrin işinin dayandırılması, gündəlik elektrik enerjisinin kəsilməsi və mövcud elektrik stansiyalarının maksimum enerji ilə işləməsi kimi bir sıra əlavə tədbirlər gördü”.

Quraqlığın su anbarına gedən su axışını iki dəfə azaltdığını qeyd edən “dövlət naziri” Qarabağa elektrik enerjisinin verilişinin dayandırılmasına görə Azərbaycanın məsuliyyət daşıdığını bildirib və bunu “iqtisadi, humanitar və ekoloji terror” adlandırıb.

O əlavə edib ki, su anbarının ehtiyatları 88 milyon kubmetrlik "kritik həddə" çatır, "istifadəyə yararsız" 70 milyon kubmetr həcmə yaxınlaşır.

Nersisyan həmçinin su anbarının tükənməsinin Azərbaycanda yaşayan insanlara mənfi təsir edəcəyini iddia edərək, bu anbarın Azərbaycanda təxminən 96 min hektar kənd təsərrüfatı sahəsinin suvarılması üçün istifadə olunan suyu təmin etdiyini iddia edib.

Rəsmi Bakı isə deyir ki, Ermənistan təkcə Sərsəngi yox, digər su elektrik stansiyalarını da qeyri-qanuni istismar edərək istehsal olunan elektrik enerjisini Ermənistana ixrac edir. 

İki ay öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu məsələyə toxunaraq Ermənistanı ittiham edib. 

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ötən həftə Vaşinqtonda dörd gün ərzində ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə münasibətlərin mümkün normallaşmasına dair danışıqlar aparıblar. ABŞ Dövlət Departamenti danışıqlarda irəliləyiş barədə məlumat versə də, Yerevan əsas məsələlər üzrə fikir ayrılıqlarının hələ də həll olunmadığını bildirib.

Paşinyanın bu həftəsonu Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun