Ukraynanın Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri helikopter qəzasında həlak olub

Ukraynanın Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri helikopter qəzasında həlak olub
18 Yanvar 2023
Mətni dəyiş

Hadisə nəticəsində daxili işlər naziri, nazirin birinci müavini, dövlət katibi olmaqla 18 nəfər həyatını itirib 

Bu gün səhər saatlarında Ukraynanın Kiyev vilayətindəki Brovarı şəhərində helikopter qəzası baş verib. Qəza nəticəsində daxili işlər naziri Denis Monastırski, nazirin birinci müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkoviç həlak olublar. 

Bu barədə Dövlət Polisinin rəisi İqor Klimenko jurnalistlərə məlumat verib.

Helikopter uşaq bağçasının yaxınlığına düşüb. Polis rəisinin sözlərinə görə, hadisə nəticəsində 18 nəfər həyatını itirib. Onlardan üçü uşaqdır. O, həlak olanlardan 9 nəfərin helikopterdə olduğunu bildirib:

"29 zərərçəkən xəstəxanadadır, onlardan 15-i uşaqdır. Bütün müvafiq və ixtisaslaşmış xidmətlər hadisə yerində işləyir. Əraziyə baxış keçirilir" - polis rəisi əlavə edib.

Polis rəisi bildirib ki, helikopter Dövlət Fövqəladə Hallar Xidmətinin tapşırıqlarını yerinə yetirirmiş və qəzanın təfərrüatları barədə bu orqan əlavə məlumat yayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun