Gənclər və İdman Nazirliyi yeni loqonun qiymətini açıqlamaqdan boyun qaçırır

Gənclər və İdman Nazirliyi yeni loqonun qiymətini açıqlamaqdan boyun qaçırır
16 May 2022
Mətni dəyiş

Martın 18-də Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yeni loqosunun təqdimatı olub. Tədbirdə çıxış edən nazir Fərid Qayıbov bildirib ki, yeni loqo 100-dək variant arasından seçilib.

Nazirliyin elan etdiyi müsabiqənin qalibi “Paradox” MMC olsa da, bu şirkətlə imzalanan müqavilənin maliyyə dəyəri açıqlanmayıb.

Martın 18-i Gənclər və İdman Nazirliyinə informasiya sorğusu ilə müraciət edib loqonun nə qədər vəsaitə başa gəldiyini, hansı kriteryalar əsasında seçildiyini, kim və ya hansı təşkilat tərəfindən hazırlandığını soruşduq. Ancaq qoyulan müddət ərzində sorğumuza cavab verilmədiyinə görə, aprelin 22-də bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına müraciət etdik. Müraciətdən sonra, mayın 4-də Gənclər və İdman Nazirliyi sorğumuza cavab versə də, bizi maraqlandıran sualların bir çoxunu cavablamaqdan yayınıb.

Belə ki, nazirliyin cavabında qeyd edilib ki, Gənclər və İdman Nazirliyinin loqosunun hazırlanması üçün qurumun rəsmi səhifələrində müsabiqə elan edilib. Təqdim edilmiş 100-dək təklif arasından “Paradox” MMC şirkətinin hazırladığı loqo qalib seçilib.

"Loqonun seçimi tam şəffaf aparılıb, gənc nəslə və idmançılara xas aktivlik, enerji, eləcə də Azərbaycanın beynəlxalq aləmdə Alfa-3 sertifikatlı qəbul edilmiş qısadılmış adı nəzərə alınıb".

Nazirlik cavab məktubunda loqo üçün ödənilən məbləği açıqlamayıb.

Sorğuya verilən cavab qeyd olunan sualları tam əhatə etmədiyi üçün elə mayın 4-də yenidən nazirliyə sorğu ilə müraciət edib loqo üçün ödənilən məbləği açıqlamalarını xahiş etdik, ancaq bu dəfə də sorğumuz cavabsız qaldı.

Mayın 4-də eyni sualla “Paradox” MMC-yə də müraciət etdik, ancaq şirkət də sorğumuzu cavablandırmadı.

Şirkət özəl müəssisə olduğundan sorğuya cavab vermək kimi hüquqi öhdəliyi olmaya bilər, ancaq nazirliyin sorğuya cavab verməməsi nə qədər qanunidir, bu, sual altındadır.

Belə ki, Azərbaycan Respublikası İnformasiya Əldə Etmək Haqqında Qanunun 9.1-ci maddəsinə görə, dövlət orqanları, bələdiyyələr və ictimai funksiyanı yerinə yetirən hüquqi şəxslər, (o cümlədən publik hüquqi şəxslər) həmçinin normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibi hesab olunurlar. Hüquqşünas Ələsgər Məmmədli deyir ki, bunlar əvvəldən planlaşdırılan satınalmalar olduğu üçün prosedur Dövlət Satınalmaları Haqqında Azərbaycan Respublikası Qanunu çərçivəsində aparılmalıdır.

Onun sözlərinə görə, burada bütün prosedurlar şəffaf şəkildə aparılmalı və elan olunmalıdır.

İnformasiya sorğusunun cavablandırılmamasına da münasibət bildirən hüquqşünas deyib ki, yeni qəbul olunan "Media Haqqında" qanunda göstərilib ki, Kütləvi İnformasiya Vasitələrinə məlumat dərhal, mümkün olmadığı halda 24 saat ərzində təqdim edilməlidir: “Eyni zamanda, İnformasiya Əldə Etmək Haqqında Qanunda da göstərilir ki, mətbuat işçilərinin sorğularına cavab KİV haqqında qanunda nəzərdə tutulan qaydada, istisna halda 7 iş günü ərzində verilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun