Hökumət Eynulla Fətullayevə 4000 avro təzminat ödəməli olacaq

Hökumət Eynulla Fətullayevə 4000 avro təzminat ödəməli olacaq
7 Aprel 2022
Mətni dəyiş
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 7-də jurnalist "Eynulla Fətullayev Azərbaycana qarşı" işi üzrə növbəti qərarını elan edib. Ərizəçinin şikayəti onun həbsdə olarkən üzərindən narkotik tapılması ittihamı ilə bağlı olub. Hüquqşünas Xalid Ağalıyevin bildirməsinə görə, ərizəçi şikayətlənib ki, ona qarşı cinayət işinə baxış ədalətsiz olub, sübutların əldə edilməsində prosessual pozuntular baş verib: "Ərizəçi həmçinin iddia edirdi ki, ona qarşı açılan cinayət işi məhz jurnalist fəaliyyəti ilə bağlı olub. Ərizəçi eləcə də vəkillərindən İntiqam Əliyevin ofisində axtarış aparılması, işə aid sənədlərin götürülməsi ilə Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan fərdi şikayət hüququnun pozulduğunu iddia edirdi". X.Ağalıyev bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi qərarında cavabdeh dövlətin Konvensiyanın 34-cü maddəsi ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini vurğulayıb: "Məhkəmə hesab edib ki, ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsi pozulub – milli məhkəmələr ədalətsiz olub". Qərara əsasən, hökumət ərizəçiyə 4 min avro təzminat ödəməlidir. Ona, hələlik, cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Bu AİHM-in E.Fətullayevlə bağlı ikinci qərarıdır. AİHM 2010-cu ilin aprelində E.Fətullayevin həbs işi ilə bağlı ilk qərarını açıqlamışdı. Qərara əsasən, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro təzminat ödəməli idi. "Gündəlik Azərbaycan", "Realnıy Azərbaycan" qəzetlərinin təsisçisi, baş redaktoru E.Fətullayev 2007-ci ildə etnik düşmənçiliyin qızışdırılması, vergidən yayınma və başqa ittihamlar əsasında açılmış iki cinayət işi üzrə təqsirli hesab olunub, yekunda 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Fətullayev cəza çəkərkən üzərində axtarış aparılıb, heroin tapıldığı açıqlanmışdı. 2009-cu ilin dekabrında həbsi başa çatmamış ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istifadə üçün zəruri olan miqdardan artıq miqdarda saxlanılması) maddəsi ilə yeni cinayət işi açılmışdı. Məhkəmə qarşısına çıxarılan ərizəçini Qaradağ Rayon Məhkəməsi təqsirli saymış və 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Jurnalist 2011-ci ilin mayında əfv fərmanı ilə vaxtından əvvəl azadlığa buraxılıb. E.Fətullayev ittihamları qəbul etmirdi və bunları öz jurnalist fəaliyyəti ilə əlaqələndirirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun