Latviya 25 rusiyalı mədəniyyət xadiminin ölkəyə girişinə qadağa qoyub

Latviya 25 rusiyalı mədəniyyət xadiminin ölkəyə girişinə qadağa qoyub
24 Mart 2022
Mətni dəyiş

Latviya Xarici İşlər Nazirliyi ölkəyə girişinə qadağa qoyulan 25 rus mədəniyyət xadimini qara siyahıya salıb. Bu barədə LSM portalı məlumat yayıb.

Aktyor Vladimir Maşkov, rejissor Nikita Mixalkov, dirijor Valeri Gergiev, rəqqas Sergey Polunin, müğənni Polina Qaqarina, müğənnilər Nikolay Rastorquev və Stas Mixaylov, idman şərhçisi Dmitri Quberniev, teleaparıcı Tina Kandelaki, pianoçu Denis Matsuev və başqaları “qara siyahı”ya düşüb. İndi onlara qeyri-müəyyən müddətə Latviyaya giriş qadağan edilib.

Latviya Xarici İşlər Nazirliyi bu qərarı siyahıda adları qeyd olunan mədəniyyət xadimləri və jurnalistlərin Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləmələri ilə izah edib.

“Qara siyahı”ya düşənlərin əksəriyyəti Moskvanın “Lujniki” stadionunda keçirilən mitinq-konsertdə iştirak edib. Prezident Vladimir Putinin də iştirak etdiyi tədbir Krımın Rusiyaya birləşdirilməsinin ildönümünə təsadüf edib.

2014-cü ilin martında Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib. Beynəlxalq təşkilatlar Krımın ilhaqını qanunsuz elan ediblər, Rusiyanın hərəkətlərini pisləyiblər, Qərb dövlətləri ona qarşı iqtisadi sanksiyalar tətbiq ediblər. Kreml yarımadanın ilhaqını inkar edir və bunu “tarixi ədalətin bərpası” adlandırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun