Prokuror "İdeal" şirkətinin keçmiş rəhbərinin 8 il azadlıqdan məhrum edilməsini istəyib

Prokuror "İdeal" şirkətinin keçmiş rəhbərinin 8 il azadlıqdan məhrum edilməsini istəyib
17 Yanvar 2022
Mətni dəyiş
Yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun işi üzrə prosesdə prokuror çıxış edib. O, İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və daha əvvəl üzərinə həbs qoyulmuş əmlakının müsadirə edilməsini istəyib. Vəkillər yekun çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Proses yanvarın 31-də davam edəcək. İstintaq İ.İsmayılovu 2011-2017-ci illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və 680 min manat vəsaiti mənimsəməkdə ittiham edir. İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir, həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. İş adamı həbsindən bir neçə gün əvvəl “Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb. Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb. “İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib. AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarı, “Gazelli Group”un da rəhbəridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun