Sabiq səfirə qarşı yeni ittihamlar, milyonlarla dolları mənimsəməkdə ittiham olunur

Sabiq səfirə qarşı yeni ittihamlar, milyonlarla dolları mənimsəməkdə ittiham olunur
16 Avqust 2021
Mətni dəyiş

Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənova qarşı irəli sürülən yeni ittihamlar məlum olub.

E.Həsənov hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunur.

Belə ki, ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Daha əvvəl Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham irəli sürülmüşdü.

"Aparılmış istintaqla sabiq səfir Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib", - Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Eldar Həsənovun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı tamamlanıb. "O, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb", - məlumatda vurğulanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun