Qərb yeni sanksiyalar hazırlayır: Rusiya SWIFT-dən ayrılacaq?

Qərb yeni sanksiyalar hazırlayır: Rusiya SWIFT-dən ayrılacaq?
14 May 2021
Mətni dəyiş

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya hücumu nəinki zəifləmir, əksinə yeni formalar alır. Hazırda söhbət SWIFT sistemindən istifadə perspektivlərindən gedir. Təkcə ABŞ-da deyil, eyni zamanda Avropada da Rusiyanı qlobal banklararası rabitə sistemi olan SWIFT-dən ayırmaq üçün təhdidlər var. Bu yaxınlarda Avropa Parlamenti sərt və koordinasiyalı tədbirlərə çağırış etdi.

Bu təhlükə nə dərəcədə ciddidir və bunun Rusiya iqtisadiyyatı üçün real nəticələri nə ola bilər?

200 ölkədə 11 mindən çox təşkilat məlumat ötürülməsi və ödəmələr üçün SWIFT beynəlxalq banklararası sisteminə qoşulub. Rusiya SWIFT-in ən böyük üç operatorundan biridir və 2014-cü ildən bəri onunla əlaqələrinin kəsilməsi təhlükəsi ilə üzləşib. Səbəblər müxtəlifdir - Krımın ilhaqı, Donbas probleminin dalana dirənməsi və Skripal məsələsi. Ən yenisi isə Aleksey Navalnının zəhərlənməsidir.

Co Bayden Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsinə başlayan kimi Rusiyanı SWIFT-dən qoparacağına söz verdi.

2020-ci ilin dekabr ayında 'Reuters' agentliyi ABŞ prezidentinin komandasının planları ilə tanış olan mənbələrə istinadən Baydenin dövlət qurumlarına edilən haker hücumunda iştirak etdiyi üçün Moskvanı "cəzalandırmaq" niyyəti barədə məlumat verdi: "Bu, 'Rusiya üçün ciddi iqtisadi, maliyyə və ya texnoloji itkilərə' səbəb olmalıdır".

2021-ci ilin aprelində Ukraynanın şərqindəki vəziyyət gərginləşdi, buna görə Qərb birliyi Rusiyanın sanksiyalarını sərtləşdirmək üçün yeni bir bəhanə tapdı. Avropa Parlamentinin aparıcı fraksiyası - Avropa Xalq Partiyasının başçısı Manfred Veberin sözlərinə görə, Moskva "təhlükəli təxribat kursunu davam etdirir".

Buna görə də ABŞ və AB koordinasiyalı cavab verməli idi. "Real variantlara çevrilməli olan" tədbirlər olaraq Veber "oliqarxların hesablarının geniş miqyasda dondurulmasını" və yenidən SWIFT-dən ayrılmasını təklif etdi.

Bir tərəfdən, Rusiya 2014-cü ildə fəaliyyətə başlayan öz Maliyyə Mesajlarını Göndərmə Sisteminə (SPFS) sahibdir. Bütün Rusiya bankları və Avrasiya İqtisadi Birliyi (Aİİ) ölkələrindən onlarla xarici bank bu sistemə bağlıdır. SWIFT-dən ayrıldıqdan sonra banklar rus ekvivalentinə keçəcəklər. Bununla birlikdə, beynəlxalq ödənişlər üçün SPFS hələ tam hüquqlu bir əvəzedici deyil. Buna görə də təsir ciddi olacaqdır.

Mütəxəssislər Rusiyanın dollar və avro ilə ixrac və idxal əməliyyatlarının həcminin əhəmiyyətli olduğunu və bir çox məhsul qrupu üçün alternativ tapmağın mümkünsüzlüyünü qeyd edirlər.

"SWIFT-dən ayrılma Rusiya banklarının əməliyyatlarını iflic edəcək" deyə Beta Financial Technologies indeks şirkətinin baş strateqi Ararat Mkrtçyan xəbərdar edir – “Ən çox zərəri ixracatçılar görəcəklər. Əməliyyat fəaliyyətlərinə xidmət göstərmək üçün yalnız xarici banklarla işləmək məcburiyyətində qalacaqlar. Məhdudiyyətləri aşan bir çox vasitəçi olacaq. Bundan Aİİ ölkələrinin maliyyə qurumları xüsusilə faydalanacaq".

"Rusiya banklarının SWIFT-dən ayrılması yalnız maliyyəni artırmaq və tərəflər arasındakı maliyyə əməliyyatlarını ləngitmək deməkdir. Aydındır ki, ənənəvi zəncirlər pozulacaq və onları bərpa etmək bir az vaxt alacaq. Ancaq bunu bir-iki həftə ərzində etmək olar", deyə QBF-nin aparıcı analitiki Oleq Boqdanov bildirib.

Mütəxəssislər əlavə edir ki, başqa bir üsul isə Rusiya sakinlərinin dollar fondlarının dondurulmasıdır. Bu zaman bazarlarda çaxnaşmanın baş verəcəyi ehtimalı böyükdür. İşləri sakitləşdirmək üçün müəyyən vaxt lazımdır, amma nəticədə maliyyə əlaqələri yenə də bərpa olunacaq.

Bu ilin aprel ayında ABŞ prezidenti Co Bayden Rusiyanın bəzi biznesləri və rəsmi şəxslərinə tətbiq ediləcək sanksiyalar paketini açıqladı. Paket eyni zamanda ABŞ maliyyə institutlarına Rusiya səhm bazarında ölkənin suveren borc səhmlərini almağı da qadağan edir. Vaşinqtonda rəsmilər bildirir ki, məhdudiyyətlər Rusiyanın 2020-ci ildə ABŞ prezident seçkilərinə iddia edilən müdaxiləsinə proporsional cavabdır. Həmçinin keçən il aşkar edilən SolarWinds kiber casusluq hadisəsinin də arxasında Rusiyanın dayandığı iddia edilir. Kreml hər iki ittihamı sərt şəkildə rədd edib.

Avropa Birliyi və Birləşmiş Krallıq müstəqil şəkildə öz məhdudlaşdırıcı sanksiyalarını tətbiq edir. Avropa paytaxtlarında daha sərt embarqoların gələcəyi haqda söhbətlər dolaşır.

Bu günə qədər Rusiyanın milli borc istiqrazlarını hədəfləyən sanksiyalar səviyyəsində radikal addımlar az olub. Ağ ev bildirir ki, bu qadağanın məqsədi dünya iqtisadiyyatına minimum təsir etmək şərti ilə Rusiya iqtisadiyyatına zərbə vurmaqdır. Buna baxmayaraq, bəzi iqtisadi ekspertlər sanksiyalar paketinin simvolik xarakter daşıdığını və əgər istəyərsə istənilən alıcı bütün məhdudiyyətləri yan keçərək Rusiyanın borc səhmlərini əldə edə biləcəyini bildirir.

Qərbin amansız sanksiyaları əlbəttə ki, Rusiyanı incidir. Amma Moskva dollardan və Qərb iqtisadiyyatından asılılığını azaltmağı planlaşdırır.

Həftəsonu RT kanalına müsahibə verən Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ və onun Avropadakı müttəfiqləri tərəfindən sərt iqtisadi addımlara məruz qalan Rusiya öz iqtisadiyyatında Qərbin təsirini azaltmaq üçün işlər görür.

Özünəməxsus sərt xarakterə malik Zaxarova əlavə edib ki, sanksiyalar Rusiyaya olduğu kimi Qərb iqtisadiyyatına da kompleks mənfi təsir edir. Xanım Zaxarovanın sözlərinə görə, iqtisadi vasitələrlə düşmənlik dünya iqtisadiyyatına baha başa gəlir: “Zərərin miqyası barədə fərqli proqnozlar olsa da məbləğ yüz milyardlarla ölçülür”.

Sözçü qeyd edib ki, təəssüf ki, bəzi Qərb dövlətləri, əsasən ABŞ tərəfindən tətbiq edilən və siyasi məqsəd güdən, birtərəfli iqtisadi məhdudlaşdırıcı addımlar müasir dövrümüzün reallığıdır.

“Biz Rusiyaya qarşı sanksiyaları yeni reallıqları qəbul edə bilməyən və öz qrup düşüncəsini tərk etməkdə çətinlik çəkən, Rusiyanın inkişaf cığırını və başqa dövlətlərlə münasibətlərini özünün təyinetmə hüququ olduğunu qəbul etmək istəməyən elitaların “çarəsizlik jesti” kimi görürük. O iddia edib ki, bunun arxasında olan səbəblərdən biri odur ki, Vaşinqton və onun müttəfiqləri “Rusiya iqtisadiyyatının aşkar uğurlarını, onun beynəlxalq rəqabətlilik qabiliyyətinin artmasını və dünya bazarında Rusiya məhsulları və xidmətlərinin artmasını qəbul edə bilmirlər”.

“Rusiyanın SWIFT-dən ayrılması məsələsi hələlik ancaq hipotetikdir” – Mariya Zaxarova şübhələrini dilə gətirib. “Buna baxmayaraq, ölkəmizin beynəlxalq maliyyə instrumentlərinə və ödəmə sistemlərinə çıxışının limitləndirilməsi nəticəsində mümkün ola biləcək riski və iqtisadi zərəri azaltmaq üçün hökumətlərarası araşdırmalar aparılır”. Zaxarova Rusiya Milli Bankının maliyyə mesajlaşma sistemini mümkün alternativ kimi göstərərək onun Avropa, İran və Çinlə əlaqələndirilməsinin hazırda müzakirə olunduğunu bildirib.

Mariya Zaxarova RT-ya müsahibəsində həmçinin bildirib ki, qlobal maliyyə sisteminin ABŞ mərkəzli konfiqurasiyasından uzaqlaşma artıq tədricən həyata keçir. O, Rusiyanın ticari tərəfdaşlarına “bu istiqamətdə koordinasiyalı addımlar”ın atılması üçün çağırış edib. “Bu, təkcə bizim yerli valyutalarımızı gücləndirməyəcək, həmçinin Qərb dövlətləri tərəfindən tətbiq ediləcək istənilən məhdudlaşdırıcı addımlaraın təsirini minimuma endirməyə bizə imkan verəcək”. Zaxarova əlavə edib ki, Türkiyə və Çinlə bağlanan son müqavilələr məhz bu prosesi sürətləndirib. Bu açıqlama Moskvanın daha əvvəl beynəlxalq maliyyə sistemində ABŞ-ın təsirinin azaldılmasının zərurəti barədə ritorikasını daha da qüvvətləndirir. Belə açıqlamaların birində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Bloomberg-ə bildirib ki, ABŞ-ın yeni prezidenti Co Baydenlə konfrontasiyanın qarşısını almaq lazımdır. “Biz davamlı pisniyyətli addımların mənbəyi olan ABŞ-ın maliyyə və istisadi sistemindən asılılığımızı yox etmək üçün özümüzü bu sistemdən izolyasiya etməyə hazır olmalıyıq”.

Son zamanların gərginliyinə baxmayaraq Zaxarova bildirib ki, Rusiya beynəlxalq istisadi arenadan izolyasiya edilməyib. “Ancaq tək-tük dövlətlər öz xarici siyasətini belə aqressiv aparır və bu, onların öz zərərinədir”.

“Bizə sanksiyalar tətbiq edənlərin niyyəti bu olsa da, biz özümüzü ətraf aləmdən təcrid etməyi düşünmürük. Əksinə biz bütün dövlətlərlə problemli məsələlərin müzakirəsinə və onların qarşılıqlı sərfəli həll yollarının tapılmasına tərəfdarıq. Lakin bunlar yalnız bərabərlik və maraqların qarşılıqlı təmin olunması prinsiplərinə əsaslanmalıdır” – rəsmi bildirib – “Biz inanırıq ki, yalnız bu yolla beynəlxalq əlaqələr stabil inkişaf edə bilər”.

Qeyd edək ki, keçən ay çinli həmkarı ilə görüşdə Rusiyanın xarici işlər naziri Serqey Lavrov bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın və Çin Xalq Respublikasının texnoloji imkanlarını məhdudlaşdırmağı öz missiyası elan edib. O həmçinin əlavə edib ki, dollar dünya bazarında əsas ödəmə vasitəsi kimi prioritet rol oynamalı deyil və iki ölkə “Qərb tərəfindən idarə olunan beynəlxalq ödəmə sistemləri”ndən istifadəni azaltmalıdır.

Moskva iddia edir ki, Vaşinqtonun rəqib dövlətlərə qısa zaman ərzində sanksiyalar tətbiq etmək ənənəsi dollara olan etibarı azaldıb. Serqey Lavrovun müavini Aleksander Pankin bu yaxınlarda jurnalistlərlə söhbətində onları xəbərdarlıq edərək bildirmişdi ki, Birləşmiş Ştatların xarici siyasətdə gözlənilməz addımları beynəlxalq müqavilələrdə dolların əsas ödəmə vasitəsi kimi istifadəsinə inamı azaldıb və ona olan etibarı sual altına alıb.

Əvəzində nazir müavini bildirib ki, digər ölkələr mümkün iqtisadi itkilərə və köçürmələrin kəsilməsinə qarşı qabaqlayıcı ölçülər götürməyə məcbur qalıblar. Bu səbəblə alternativ mexanizmlərin inkişaf etdirilməsinə böyük maraq var. Beynəlxalq iqtisadi əməliyyatlarda dollardan başqa valyutaların istifadəsi vüsət alır və dünyanın gündəmində vacib yer tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun