Azərbaycan avtoritarizmi və Bakının “Hərbi Qənimətlər Parkı”

Azərbaycan avtoritarizmi və Bakının “Hərbi Qənimətlər Parkı”
13 May 2021
Mətni dəyiş
Azərbaycan müxalifəti və vətəndaş cəmiyyətinin bir çox üzvü Ermənistana qarşı başladılan 44 günlük müharibənin nəticəsində qazanılan qələbədən sonra ölkənin avtoritar sisteminin bütün məntiqinin dəyişəcəyinə gizli ümid bəsləyirdi. Hakimiyyəti dəstəklədikləri və hətta müharibəyə qarşı olan marjinal səslərə hücumlar etdikləri üçün, onlarda milli barışığa və ölkənin idarəetməsində cəmiyyətin daha çox söz sahibi olacağına dair ümidlər yarandı. Nəticə isə tam əksinə oldu: İlham Əliyev ənənəvi müxalifətə hücumlara və onları delegitimləşdirməyə davam etdi, əvvəlki repressiv metodları saxladı və ölkənin siyasi sistemində islahatlara hər hansı bir marağının olmadığını göstərdi. Bu yaxınlarda Bakı ərazisində erməni əsgərlərinin dəbilqələrinin asıldığı və karikaturalaşdırılmış manekenləri nümayiş etdirilən “Hərbi Qənimətlər Parkı”nın açılışı çoxlarını şoka saldı. Burada düşmən erməninin qeyri-insani cilddə təqdim edilməsi Azərbaycanda onillərlə mövcud olmuş başqalaşdırma məntiqinin təzahürüdür: “Daxili və xarici düşmən yox edilməlidir”. Bu məntiqə əsasən, xarici düşmən fiziki məhv edilməyə layiqdirsə, daxili müxalifət  - ən azı onun hakim partiyanın legitimliyini qəbul etməyən hissəsi – gözə görünməyə başlayan kimi  təzyiqlərə və təqiblərə məruz qalır. Bu yaxınlarda Milli Şura lideri Cəmil Həsənlinin qızına qarşı aparılan onlayn qaralama kampaniyası və AXCP sədri Əli Kərimlinin bir ildən artıqdır internetə çıxışının məhdudlaşdırılması bunlara nümunədir. Vətəndaş cəmiyyəti nümayəndələri və təşkilatların xaricdən qrant almasının qarşısı alınıb. Azərbaycanın vətəndaş cəmiyyəti 2014-cü ildə sərt bir təzyiqə məruz qaldı; bir çox fəal üzv həbs edildi və iki-üç il sonra sərbəst buraxıldı. Bir neçəsi Azərbaycanda qalmağın riskini nəzərə alaraq mühacirətə üz tutdu. Bəziləri istiqamətlərini sülh quruculuğu kimi, daha təhlükəsiz hesab edilən layihələrə yönləndirdi. Buna baxmayaraq, keçən ilki müharibədə onların da çoxu həvəslə “savaş tərəfdar”ı mövqeyindən çıxış etdilər. Onlar mövqelərini müharibənin Əliyev rejimi deyil, millət uğrunda edilən ədalətli savaş olduğuna səmimi inamla əsaslandırdılar. Bu, beynəlxalq müşahidəçiləri təəccübləndirdi. Çünki millətçi ideologiyasını heç vaxt gizlətməyən müxalifətdən fərqli olaraq, onlar liberal dəyərləri rəhbər tutduqlarını iddia edirdilər. Vətəndaş Cəmiyyətinin bəzi üzvləri müharibənin cəmiyyətin tələbi olduğunu və erməni tərəfinin barışmaz mövqeyinin Azərbaycan tərəfinə başqa çıxış yolu qoymadığını bildirərək ehtiyatlı dəstək nümayiş etdirdi. Bir çoxları isə daha aqressiv, millətçi mövqe sərgilədilər və müharibə əleyhdarı olan kiçik qrupu xaricdən qrant almaqda ittiham etməyə qədər getdilər. Hər bir halda, onlar ibtidai təhsildən bəri bizə yeridilən, əsasında Dağlıq Qarabağ olan milli ideya ilə idarə olunurdu. Qazanılacaq qələbənin bunu dəyişəcəyini, düşmənliyi və onun doğurduğu vəhşiliyi bitirəcəyini gözləmək sadəlövhlük idi. Məlumdur ki, müharibə vaxtı İlham Əliyev erməni əsgərləri “it” adlandırmışdı və onun məşhur “iti qovan kimi” ifadəsi vətəndaş cəmiyyəti və müxalif dairələrdə həvəslə istifadə edilirdi. İndi eyni təhqir müxalifətə qarşı istifadə olunur. 12 aprel – sözügedən parkın açılış mərasimində İ. Əliyev erkən 90-cı illər hakimiyyətinin birinci Qarabağ savaşında itirilmiş və  son müharibədə geri qaytarılmış “Şuşa və Laçın rayonlarının işğalına” görə məsuliyyət daşıdığını bildirərək onlara qarşı “tula” kəlməsindən istifadə etdi. Müharibədən sonra hakim millətçi ideologiya ilə ziddiyyət təşkil edən hər hansı fikrə yer olmadığı, bunu təsəvvür etməyin belə çətinləşdiyi şəraitdə müxalifət və vətəndaş cəmiyyəti qrupları yalnız marjinal, ikinci dərəcəli mövzularda özlərini ifadə edə bilirlər. Müxalifətin dilə gətirdiyi məsələlərdən biri Dağlıq Qarabağda Rusiya sülhməramlılarına qarşı olan mövqeləridir. Lakin Müsavat partiyasının Rusiya Federasiyasının Bakıdakı səfirliyi qarşısında təşkil etdiyi, “İvan, evə get!” sloqanlarıyla müşayiət olunan aksiyada aşağı səviyyədə iştirak bu mövzunun azərbaycanlılar üçün vacib olmadığını göstərir. Ermənilərə nifrət nəsildən-nəslə keçən genetika deyil, hakim elita tərəfindən sadə xalqa təlqin edilmiş, adiləşdirilmiş bir nəsnədir. Çox uzaq tarix sayılmayan 2010-cu ildə erməni katolikosu II Qaragin Bakıya səfər edərək İlham Əliyevlə görüşdü və tərk edilmiş erməni kilsəsində dua etdi. Erməni və azərbaycanlı ictimai fiqurlar, ziyalılar açıq-aşkar digər ölkənin paytaxtına səfərlər edirdilər. Buna baxmayaraq, bu görüşlərdən sonuncusu 2009-cu ildə baş tutub. Hakim rejim hazırda çox güclüdür və onun nə müxalifət və vətəndaş cəmiyyəti ilə, nə də Dağlıq Qarabağ erməniləri ilə hər hansı barışığa ehtiyacı yoxdur. Sonuncunun həyata keçməsi üçün ən azı müəyyən dərəcədə demokratikləşməyə və islahatlara ehtiyac var. Bu isə öz növbəsində siyasi proseslərdə vətəndaş cəmiyyətinin iştirakının artırılmasını nəzərdə tutur. Bu, həmçinin azərbaycanlı milli kimliyinin ermənilərə nifrət və dehumanizasiya üzərində qurulması kimi ilkin şərtləri qəbul etmiş insanların etirazı və əsəbləşməsi ilə də nəticələnə bilər. Hakimiyyətin bunda hansı marağı var? Bəzi simvolik “müxalif” qüvvələr yeni yaranan situasiyadan istifadə edərək, hakim rejimin legitimliyini şübhə altına qoymadan öz ideoloji təməllərini gücləndirdilər. Bunlardan biri Türkiyənin hakim partiyası AK partiya modelini təqlid edən Tural Abbaslı və onun rəhbəri olduğu Ağ partiyadır. 38 yaşlı gənc siyasətçi Tural Abbaslı Rəcəb Tayyib Ərdoğanın sağ millətçi-populist fikirlərini mənimsəyərək özünü “səssizlərin səsi” elan edib. Korrupsiya ittihamları ilə məmurları sərt tənqid edən, “adi insanlar” kimi təqdim etdiyi təbəqələr üçün sosial ədalət tələb edən videoları Facebook və TikTok üzərindən yayılan Abbaslı qısa müddət ərzində populyarlıq qazandı. “Azərbaycan “cool oğlanların” torpağı deyil, əyalətlərdə yaşayan, TikTok-da, facebook-da oturanların torpağıdır. Şəhidlərə baxın, onlar vaxtını çayxanada keçirən gənclər idi. Azərbaycan onlardır! Azərbaycan bizik!” Türkiyənin, özəlliklə Ərdoğanın müharibə zamanı Azərbaycana göstərdiyi dəstəyə görə qəhramana çevrildiyi şəraitdə Tural Abbaslının da belə yüksəlişi təəccüblü deyil. Başqa bir sistematik müxalifət qrupu Respublikaçı Alternativ (ReAl) özünün əvvəlki qərbyönümlü, proqressiv mövqeyindən uzaqlaşaraq daha aşkar sağ görüşləri ifadə etməyə başladı. ReAl partiyasının lideri İlqar Məmmədov Tural Abbaslı ilə birlikdə hakimiyyət nümayəndələrindən də irəli gedərək Azərbaycanda Zəngəzur adı ilə tanınan Ermənistanın cənubundakı Sünik vilayətinə olan ərazi iddialarını aşkar şəkildə ifadə etdi. Onların hakimiyyət tərəfindən də bəyənildiyini Ağdama təşkil edilmiş səfərdə iştiraklarından görmək olar. Müqayisə üçün Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup feminist aktivist tərəfindən təşkil edilmiş aksiyaya nəzər salaq. Polisin “hər hansı aksiyaya icazə verilməyəcəyi” ilə bağlı mesajından əlavə, onlar ekstremist-millətçilər tərəfindən təhdid edildilər və nəticə olaraq builki yürüş keçən ilki ilə müqayisədə daha kiçikmiqyaslı alındı və 30-a qədər fəal həbs edildi. Bu kontekstdən çıxış edərək “Hərbi Qənimətlər Parkının” açılışına təəccüblənməməliyik. Bu, Azərbaycan dövlətində dominantlıq edən “Daxildə və xaricdə avtoritarlıq” məntiqinin bir parçasıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun