Rus müxalifətinin lideri Aleksey Navalniyə 3,5 il həbs cəzası verildi

Rus müxalifətinin lideri Aleksey Navalniyə 3,5 il həbs cəzası verildi
3 Fevral 2021
Mətni dəyiş
Moskvanın Simonski məhkəməsi, fevralın 2-də müxalifət lideri Aleksey Navalninin indiyə kimi olan şərti cəzasını gerçək həbs cəzası ilə əvəz edib. Onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib. Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın 2 il yarımını çəkəcək, çünki o 2014-cü ildə bir müddət ev məhbusu olub. Aleksey Navalnı fevralın 2-də onun İv Roşe işi üzrə şərti cəzasını həbsxana müddətinə dəyişdirməli olan məhkəmədə yenidən Rusiya prezidenti Vladimir Putini onun həyatına sui-qəsd cəhdində ittiham edib: "Mən yaxşı adamların, pilotların və həkimlərin sayəsində sağ qalmağımla onlara ölümcül zərbə vurmuşam. Sonra isə qaçıb hardasa bunkerdə mühafizə altında gizlənməmişəm. Daha sonra bundan da dəhşətlisi baş verib. Mən hələ öz zəhərlənməmin təhqiqatında iştirak etmişəm. Biz göstərdik və sübut etdik ki, Putin FTX-dən istifadə edərək qətlə qəsd edib”. Bu sözləri deyərkən Navalnı 20 avqustda zəhərlənməsini və nəticələri dekabrda dərc edilmiş təhqiqatı nəzərdə tuturdu: "Sən demə ixtiyarında nə televiziya, nə də siyasi partiya olmayan siyasi opponentə üstün gəlmək üçün onu sadəcə olaraq kimyəvi silahla öldürmək lazım imiş. Hamı əmin oldu ki, o təsadüfi şəkildə prezident postuna yerləşdirilmiş adi məmurcuqdur. O heç vaxt debatlarda iştirak etməyib və onun yeganə metodu adamları öldürməkdir”. Aleksey Navalnı məhkəmədə etdiyi çıxışda daha sonra deyib: "O özünü nə qədər geosiyasətçi kimi təqdim etməyə çalışsa da...tarixdə adamzəhərləyən kimi qalacaq. Baxın tariximizdə Xilaskar Aleksandr və Müdrik Yaroslav olub. Bu adam isə tarixə tumanzəhərləyən kimi düşəcək. Məni polis mühafizə edir, Moskvanın yarısı ona görə bağlanıb ki, biz onun opponentlərin tumanlarını oğurlayıb kimyəvi maddə ilə zəhərləməsini sübut etmişik”. Aleksey Navalnının təhqiqatının gedişində onun Federal Təhlükəsizlik Xidmətinin iddia edilən əməkdaşı ilə söhbəti olmuşdu. Təhqiqatda deyilirdi ki, FTX əməkdaşı onunla danışanın Navalnı yox, başqa bir rəsmi olduğunu zənn edərək müxalifətçinin tumanına zəhər sürtüldüyünü etiraf edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun