Tofiq Zülfüqarov: “Avropa İttifaqı heç nə təklif etmir”

Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel hesab edir ki, Rusiya və Türkiyə Dağlıq Qarabağ, Suriya və Liviyada münaqişələrdə “astanalaşır” (Suriyada nizamlanma üzrə Astana formatı ilə analogiya), yəni Aİ-ni nizamlanma prosesindən sıxışdırır. Müvafiq bəyanatla o, öz bloqunda çıxış edib. “Dağlıq Qarabağ, Liviya və Suriya kimi münaqişələrdə biz regional münaqişələrin “astanalaşma” (Suriya üzrə Astana formatına uyğun) formasını müşahidə edirik. Bu, Avropanın Rusiya və Türkiyənin xeyrinə regional münaqişələrin nizamlanması prosesindən çıxarılmasına aparır”, – o bildirib. Görəsən “astanalaşma” nə deməkdir? Astana formatı Azərbaycanın xeyrinədirmi? Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu barədə ASTNA-ya danışıb.

Tofiq bəy, Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel hesab edir ki, Rusiya və Türkiyə Dağlıq Qarabağ, Suriya və Liviyada münaqişələrdə “astanalaşır”, yəni Aİ-ni nizamlanma prosesindən sıxışdırır. Borrel nə qədər haqlıdır?

– Bu, göz qabağındadır. Mən hesab edirəm ki, Türkiyə və Rusiyanın Qərblə əlaqələrini əsas götürsək görəcəyik ki, orada müxtəlif səbəblərdən gərginlik mövcuddur. Və bizim bölgədə Rusiya, Türkiyə əməkdaşlığı təbii ki, müsbət nəticələrə gətirib çıxarır. Biz görürük ki, hər halda Azərbaycan üçün olan problemlərin böyük hissəsi həll olunub. İşğal olunmuş ərazilər azad edilib. Həmin ərazilərin bir qismi itkisiz azad olunub, daha doğrusu sülhməramlıların təsiri altında ermənilər oradan çıxarılıb. Yəni, proseslər davam edir. Və təbii ki, biz bunu görməliyik. Rusiya və Türkiyə əməkdaşlığına qarşı çıxan çox qəribə qüvvələr birləşib. Təbii ki, buna qarşı çıxanlar ilk növbədə ermənilərdir. Onların fəallığı Rusiya telekanallarında görünür. İkinci fəal kəsim isə Qərb ölkələridir. Və onlarla əlaqədə olan təşkilatlar və qurumlardır. Azərbaycanda fəaliyyət göstərən qurumları da mən istisna etmirəm. Bu baxımdan söhbətin nədən getdiyi bəllidir. Amma mənim rəyim ondan ibarətdir ki, müharibə nəticəsində əldə edilən  nəticələrin əsas amillərindən biri o olub ki, Azərbaycan Türkiyə və Rusiya arasında yeni səviyyədə hansısa əlaqələrin qurulmasına nail olub. Bu baxımdan Rusiya- Türkiyə əməkdaşlığı bizim xeyrimizədir. Və biz bəzən onların arasında olan problemləri qabartmamalıyıq. Əksinə, çalışmalıyıq ki, bu əməkdaşlıq davam etsin.

“Astanalaşma” nə deməkdir? Astana formatı Dağlıq Qarabağ münaqişəsinə şamil olunursa, müsbət və ya mənfi tərəfləri nə ola bilər? Bu proses bizi Qərbdən uzaqlaşdırmırmı?

– Bu da var. Qərbdən uzaqlaşma və yaxınlaşmanın meyarı Azərbaycanın maraqları olmalıdır. Azərbaycan Qərbdən uzaqlaşarsa, Türkiyənin bu bölgədə fəallaşması Rusiya və Türkiyənin iştirakı ilə geopolitik bir balans yaradar. Hesab edirəm ki, bu balansda bizim imkanlarımız daha çoxdur. O ki qaldı Astana prosesinə, onun Suriyada tətbiq olunması hamının yadındadır. Orada müxtəlif üslublar tətbiq olunub.  Monitorinq mərkəzləri və patrul xidmətinin aparılması. Amma bizə gəldikdə hər halda Rusiya-Türkiyə qərarı ondan ibarət olub ki, post-patrul xidməti Rusiya tərəfindən aparılsın, amma monitorinq müştərək olsun. Bu prosesin Suriyadakından fərqini burada görürük. Mən hesab edirəm ki, post-patrul xidməti bəlkə də indiki mərhələdə o qədər də vacib deyil. Gələcəkdə bəlkə də post-patrul xidmətinin Azərbaycan əsgəri ilə rus əsgərinin birgə aparması daha da məqsədəuyğundur. Çünki bu, yeni təmas xəttinin formalaşmaması təəssüratını vermir. Bizim əsas məqsədimiz ondan ibarət olmalıdır ki, o bölgədə yeni təmas xətləri yaranmasın. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına gəldikdə isə mən hesab edirəm ki, onu təkcə post-patrul xidməti ilə bağlamaq düzgün deyil. Çünki Azərbaycan ordusunda türk mütəxəssislər var və bundan hamının xəbəri var. Hesab edirəm ki, məhz bu əməkdaşlıq nəticəsində bizim ordumuz müharibə vaxtı öz yüksək səviyyəsini göstərə bildi. İkincisi, onu da qeyd etmək lazımdır ki, Azərbaycanda uzun müddətdir Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi təyyarələri yerləşir. Təhlükəsizlik baxımından bu, post-patrul xidmətindən daha vacib amildir.

– Bəs Avropa İttifaqının nizamlanma prosesində hansı rolu olub? Ümumiyyətlə, vardımı? Və onların Borellin dediyi kimi, nizamlanma prosesindən sıxışdırılması münaqişənin həllinə nə kimi təsir edə bilər?

– Biz baxmalıyıq ki, onların təklifinin arxasında nə dayanır. Onların fəallaşmasının rolu elə köhnə Minsk Qrupunun çərçivəsində formalaşan təkliflər və baxışlardır. Prezidentin dediyi kimi, bizdə artıq yeni bir vəziyyət yaranıb. Status- kvo yoxdur. Ona görə biz gözləməliyik ki, Avropa İttifaqı, ya Qərb, ya da ABŞ yeni mövqe və yeni təkliflə çıxış etsinlər ki, onlara diqqət yetirmək lazım olsun. İndiki mərhələdə isə buna əsas yoxdur.

– Proses həm də onu göstərir ki, bu münaqişənin həllində ATƏT-in Minsk Qrupu da kənarda qalıb. Minsk formatının indiki halda hansı müsbət və mənfi təsirləri ola bilər? Çünki hələ də bu formatda davam etdirilməsi ilə bağlı ATƏT rəsmilərindən çağırışlar var.

– Mən ATƏT-in Nazirlər Komitəsinin sonuncu iclasında olan həmsədrlərin bəyanatına baxdım və gördüm ki, orada yeni fikirlər yoxdur. Elə köhnə mövqelərində qalmış kimi görünürlər. Amma vəziyyət kəskin şəkildə dəyişib. Bölgədə fəallıq göstərən iki ölkə var. Həmin bəyanatda rəqabətin olması hiss olunur. Amma bizim üçün bizə xeyir verən və vəziyyəti stabilləşdirə bilən təkliflər görünmür. Gözləyək ki, bir az  onlar da fikirləşsinlər, hansısa təklifləri olsa, onlara baxmaq olar. Amma indiki mərhələdə onların hansısa mühüm rol oynamasına hələlik əsas  yoxdur.

– Sizin dediyinizdən belə çıxır ki, Astana formatı ilə Minsk formatı arasında müqayisə aparsaq, bu prosesdə Azərbaycanın xeyrinə olan Astana formatıdır?

– Format deyəndə ki, biz texniki mərhələləri əsas götürməliyik. Yəni, bu vəziyyətdə bölgədə hansısa işlər görülür, addımlar atılır, bu və ya digər bölgələr azad olunur, Ermənistan ordusu Azərbaycan ərazisini tərk edir və tərk etməkdə davam edir. Orada qeyri-qanuni silahlı birləşmələrin tərk-silah olunması prosesi başlamalıdır. Bu texniki addımlar preliminar sazişə aid olan məsələlərdir. Yəni, hərbi vəziyyətin stabilləşdirilməsi üçün nəzərdə tutulan məsələlərdir. Astana formatına bu aiddir. O ki qaldı digər məsələlərə, gələcəkdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını və hansısa sazişin imzalanmasını istisna etmirəm. Çünki artıq Azərbaycan-Ermənistan sərhəddi bərpa olunub. Və təbii ki, gələcəkdə hansısa məsələləri həll etmək üçün  saziş bağlanmalıdır. İkinci məsələ, bu saziş Azərbaycan-Naxçıvan arasında olan tranzit dəhlizin fəaliyyəti ilə bağlı ola bilər. Amma birmənalı şəkildə deməliyəm ki, Ermənistanın Azərbaycan ərazisində yaşayan ermənilərin gələcək taleyi ilə bağlı hansısa rolunu görmürəm. Çünki tarixi təcrübə göstərir ki, orada konstruktiv rol olmayıb və biz indiki mərhələdə buna qarşı çıxacağıq. Yəni, gələcək problemlər Azərbaycan ərazisinə aiddir və bunlar Azərbaycan ərazisində həll olunacaq. Və Azərbaycan-Rusiya-Türkiyə formalaşmış formatı bizə imkanlar verir ki, məhz bu səpkidə qalan məsələləri həll edə bilək.

– Ümumiyyətlə, siz necə hesab edirsiniz? Nizamlanma prosesinin sürətlənməsi və həll olunması üçün Azərbaycan hansı formata üstünlük verməlidir və ya ümumiyyətlə, yeni formata ehtiyac varsa, necə bir format təklif olunmalıdır?

– Format mövcuddur və burada yeni bir təklif vermək hesab edirəm ki, düzgün deyil. Bu format öz vəzifəsinin öhdəsindən effektiv şəkildə gəlir. Kiminsə siyasi ambisiyalarını nəzərə alan digər formatın formalaşması hələ ki aktual deyil. Əgər onlar daha səmərəli rol oynamaq istəyirlərsə, hansısa təkliflərlə çıxış etsinlər, baxaq. Məsələn, Avropa İttifaqı Azərbaycanın məcburi köçkünlərinin reabilitasiyası, qayıdışı üçün hansısa bir humanitar proqram təklif edə bilər. Buna deyərik ki, hə. Bu, aktual məsələdir. Azərbaycana bu məsələlərdə kömək lazım olacaq. Amma siyasi məsələlərin müzakirəsi üçün artıq 30 il keçib, amma nəticəsi olmayıb. Yəni, iş var ki, onlar bacarırlar, iş var ki, onlar bacarmırlar.