TƏBİB rəsmisi: "Yoluxma sayında kəskin azalmalar müşahidə edilir"

TƏBİB rəsmisi: "Yoluxma sayında kəskin azalmalar müşahidə edilir"
26 Dekabr 2020
Mətni dəyiş

“Bir neçə gün öncəyə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 4 mindən çox idi. Bu tendensiya bir-iki həftə davam etdi. Sanki bu, həmin dediyimiz pik vəziyyət idi. İndi pik vəziyyətdən sonra getdikcə azalmalar müşahidə edilir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

“Burada sözsüz ki, görülmüş əks-epidemik tədbirlərin böyük əhəmiyyəti var. İnsanların da tələb olunan qayda-qanunlara riyaət etməsi, müəyyən qadağaların tətbiq olunması, müxtəlif müəssisələrin bağlanması, iş rejiminin məhdudlaşdırılması və s. kompleks tədbirlər nəticəsində hər gün yoluxma sayında azalmalar, bəzən isə kəskin azalmalar müşahidə edilir”, - deyə o bildirib.

Son statistikaya görə, 25 dekabrda Azərbaycanda koronavirus infeksiyasına 1 703 yeni yoluxma faktı qeydə alınıb, 4 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

36 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 211 764 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 160 245 nəfər müalicə olunaraq sağalıb, 2 416 nəfər vəfat edib. Hazırda 49 103 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 300, bu günə qədər isə ümumilikdə 2 129 291 test icra olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun