Putinin müsahibəsində Azərbaycan üçün təhlükəli məqamlar - Cəmil Həsənli

Putinin müsahibəsində Azərbaycan üçün təhlükəli məqamlar - Cəmil Həsənli
20 Noyabr 2020
Mətni dəyiş

Cəmil Həsənli

Dağlıq Qarabağ "tənzimləməsi" ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya Prezidenti Vladimir Putinin "Rossiya-24" telekanalına müsahibəsini yüksək qiymətləndirməsinə baxmayaraq Rusiya prezidentinin müsahibəsində Azərbaycan üçün bir sıra təhlükəli məqamlar var.

Amma eyni zamanda müsahibədə Azərbaycanın Dağlıq Qarabağda üstün hüquqları ilə bağlı bəzi etiraflar da səsləndirilir, beynəlxalq hüququn və beynəlxalq münasibətlərin universal prinsiplərinin Azərbaycanın tərəfində oduğu bir qədər dolaşıq formada olsa da dilə gətirilir. Bu "etiraflar" beynəlxalq hüququn və beynəlxalq düzən qaydalarının Azərbaycanın tərəfində olması ilə bağlı idi.

Əvvəla, öz siyasi mahiyyətinə görə bu müsahibə Vladimir Putinin noyabr ayının 13-də imzaladığı "Hümanitar təşəbbüslərlə" bağlı fərmanın davamı sayıla bilər. Həmin fərmanda Rusiya Azərbaycan hakimiyyəti tərəfindən ona verilmiş sülhməramlı missiya mandatından xeyli kənara çıxır və özünü son geosiyasi reallıqlardan sonra Dağlıq Qarabağın tam "sahibi" kimi aparır. Fərmandan belə məlum olur ki, Dağlıq Qarabağda, hələ ki, işğal altında qalan ərazilərində Azərbaycanın görəcəyi bir iş yoxdur.

Hər hansı bir hadisəni obyektiv qiymətləndirmək üçün onun səbəblərini doğru göstərmək vacibdir. Əgər yanlış səbəblərlə yola çıxırsansa əldə etdiyin nəticələr də yanlış olacaq. Bu baxımdan Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsini Sumqayıt hadisələrindən başlaması açıq şəkildə Dağlıq Qarabağda erməni separatizminə bəraət qazandırmaq məqsədi güdür. Halbuki, hətta biz Sovet xüsusi xidmət orqanlarının məlum rolunu nəzərə almasaq belə, Sumqayıt səbəb deyil, nəticə idi.

Çünki, Sumqayıta qədər artıq çox şeylər baş vermiş, hələ 1987-ci ilin oktyabrında Dağlıq Qarabağın Ermənistan SSR-yə birləşdirilməsi tələbləri siyasi məzmun kəsb etmiş, 1988-ci ilin yanvar ayının 25-də azərbaycanlıların Ermənistandan deportasiyası başlamış, fevral ayının 11-12-də Ermənistana birləşməklə bağlı Xankəndində nümayişlər balamış, fevralın 20-də vilayət soveti bu məqsədlə Azərbaycan, Ermənistan və SSRİ Ali Sovetinə müraciətlər göndərmiş, fevralın 24-də Dağlıq Qarabağda ilk qan tökülmüş, iki azərbaycanlı qətlə yetrilmişdi. Əlbəttə, Vladimir Putin bütün bunlardan xəbərsiz deyil. Amma o, məlum müsahibəsində Qarabağ münaqişəsinin səbəblərinin ermənilər üçün sərfəli olan versiyasına əsaslanaraq ermənilərin Qarabağı Ermənistana birləşdirmək tələblərini deyil, Sumqayıt hadisələrini önə çəkməyə üstünlük verdi. Şübhəsiz ki, bu məqsədlidir və məsələni mübahisələndirmək cəhdidir

Azərbaycan ordusunun əzəmətli döyüş əməliyyatlarından sonra cənab İlham Əliyev bəyan etdi ki, Qarabağda heç bir status və status-kvo olmayacaq, təmas xətti olmayacaq, çünki Azərbaycan vahid unitar bir dövlətdir. Göründüyü kimi Azərbaycan xalqını böyük itkilərdən sonra bir qədər rahatlaşdıran bu bəyanat Vladimir Putinin məlum müsahibəsində inkar edildi. O, müxtəlif konekstlərdə açıqladı ki, Dağlıq Qarabağın statusu gələcəkdə həll olunacaq. Yəni hələ uzun bir dövr ərzində Rusiya "status" kəndirini Azərbaycanın boğazına keçirməyə çalışacaq. Bu kəndirin ucu barədə də Xarici İşlər Nazirliyi bir şey demədi.

Müsahibənin ən təhlükəli məqamı müxtəlif variantlarda Dağlıq Qarabağın "müstəqilliyi" və bu "müstəqilliyin” Ermənistan tərəfindən tanınması ilə bağlı idi. Bu məsələdə Vladimir Putinin dünya tərəfindən inkar edilən Abxaziya, Cənubi Osetiya, Krım, Dnestryanı, Donbas təcrübələrinə istinad etməsi separatistləri həvəsləndirmək, işğalçını şirnikləşdirmək xarakteri daşıyır. Müxtəlif erməni təşkilatlarının Moskvada Dağlıq Qarabağı Rusiya təhlükəsizlik çətirinin altına salmaq çağırışları fonunda Xarici İşlər Nazirliyimizin diqqətdən kənar qoyduğu bu məsələ Azərbaycanın suverenliyi və ərazi bütövlüyü üçün növbəti mina təhlükəsi doğurur.

Ən nəhayət, Putinin güvənli müsahibəsindən açıq-aydın duyulur ki, sülhməramlı adı altında Rusiyanın Azərbaycana müdaxilə üçün o, hüquqi əsaslar əldə edib. İndiyə qədər Rusiya yuxarıda adı çəkilən münaqişə regionlarına təcavüzkar kimi, Azərbaycana isə "dost" kimi xüsusi dəvətlə daxil olub. Yəni Ermənistanın aramsız çağırışları və Azərbaycan prezidentinin dəvəti ilə 2000 nəfərlik ən müsair döyüş texnikası ilə silahlanmış Rusiya hərbi kontingenti çox gen götürülmüş Laçın dəhlizinə və Dağlıq Qarabağın işğal altında olan ərazilərinə daxil olub. Halbuki, aktiv savaş dövründə cənab İlham Əliyev nüfuzlu beynəlxalq media qurumlarına müsahibələrində çox açıq, dəlil, sübut, faktlarla izah etmişdi ki, hərbi əməliyyatlar dövründə Rusiya Ermənistanı ən zəruri silah, sursat və hərbi ləvazımatlarla təchiz edir. Xarici İşlər Nazirliynin açıqlaması da göstərdi ki, Azərbaycan hakimiyyətinin bu məsələdə qəfil baş verən U dönüşü ilə bağlı aydın bir izahatı yoxdur.

Vladimir Putinin məlum müsahibəsi ilə bağlı Xarici İşlər Nazirliyinin açıqlaması tarixdən maraqlı bir hadisəni yada salır. E.ə. IV yüzüldə Filipp oğlu Aleksandr İranı işğal edəndə iranlılar özlərini sındırmayaraq dedilər ki, o, Aleksandr deyil, İsgəndərdir, yəni özümüzünküdür. Sonra həmin İsgəndərin buynuzu çıxdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun