İqtisadçı ekspert: 'İri büdcəli dövlət şirkətləri dərhal özəlləşdirilməlidir'

İqtisadçı ekspert: 'İri büdcəli dövlət şirkətləri dərhal özəlləşdirilməlidir'
6 Noyabr 2020
Mətni dəyiş

İqtisad elmləri doktoru Rasim Həsənov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda böyük büdcəli dövlət müəssisələrinin özəlləşdirilməsi məsələlərindən danışıb.

- Prezident İlham Əliyev böyük büdcəli dövlət şirkətlərinin özəllədirməyə və ya xarici şirkətlərin idarəetməsinə verilməsinin mümkünlüyünü bildirib. Sizcə, dövlət şirkətləri özəlləşdirməyə çıxarılmalıdır, yaxud xarici şirkətlərin idarəetməsinə verilməlidir? Bunlardan hansı daha səmərəli olar?

- Hər ikisi mümkündür. Məqsəd dövlət müəssisələrinin, dövlət aktivlərinin səmərəliliyinin yüksəldilməsidir. Dövlət müəssisələri ümumi bir anlayış deyil. Onun içərisində çox müxtəlif xarakterli və təyinatlı müəssisələr var. Ona görə də orada seçim fərdi olmalıdır. Hər bir müəssisəyə ictimai əhəmiyyətliliyinə, iqtisadiyyatda möveyinə və iqtisadiyyatda digər sahələrin işinə təsirinə görə baxaraq əsaslandırılmalı və seçilməlidir.

- Sizcə, Dövlət Neft Şirkəti, “Azərenerji”, “Azərsu”, “Azal” (Azərbaycan Hava Yolları) kimi nəhənglər də özəlləşdirməyə çıxarıla və ya xarici idarəetməyə verilə bilərmi?

- Bu müəssisələr, əlbəttə, birmənalı olaraq özəlləşdirilməyə çıxarıla bilər. Özəlləşdirmə həmin müəssisələrin dövlətsizləşdirilməsinin bir forması olmalıdır. Özəlləşdirilə bilər. Amma o müəssisələrin idarəçiliyə verilməsində yalnız xidmət sahələrinin, məsələn, “Azərsu”, “Azərenerji” kimi sahələrin idarəetməyə verilməsindən danışa bilərik. SOCAR (Dövlət Neft Şirkəti) kimi şirkətin idarəetməyə verilməsi düzgün olmaz. O özəlləşdirilməlidir.

 -  Beynəlxalq prakitkada bu necədir?

- Beynəlxalq praktikada xidmət sahələri üzrə dünyada məşhur olan şirkətlər var. Bu şirkətlər öz sahəsi üzrə idarəetməyə götürür və müəssisəni idarə edir. Bu daha doğrudur. Amma bilavasitə istehsal və digər kommersiya fəaliyyəti ilə məşğul olan müəssisələr özəlləşdirilməlidir.

- Siz bu sahədə tədqiqatlar aparıbsınız. Tədqiqatlarınızın nəticəsi nə deyir?

-  Tədqiqatların nəticəsi birmənalı onu deyir ki, iri dövlət müəssisələrinin indiki idarəçilik forması günün tələblərinə qətiyyən cavab vermir. Təcili surətdə bu məsələ həll olunmalıdır. Nəhayət ki, hökumət də son zamanlar bu sahədə ciddi işlər görməyi planlaşdırır. Hesab edirəm ki, planlaşdırılan ciddi işlərin ümumi ictimai müzakirədən keçirilməsinin böyük əhəmiyyəti var. Buna zərurət var. Çünki, biz 30 illik müstəqillik dövründə təcrübəmizdə bunu dəfələrlə görmüşük. Bir neçə dəfə müəssisələr idarəçiliyə verilib, geri qaytarılıb. Özəlləşdirilən müəssisələrin səmərəliliyi son dərəcə aşağıdır. Bir çox hallarda bunu görürük. Bu gün özəlləşdirilmiş, yaxud özəlləşdirilmək üçün hazırlanmış müəssisələrin iqtisadiyyata nə qədər böyük yük olduğunu görürük. Ona görə də bu kimi məsələlərdə gecikmək olmaz və bu, Azərbaycandakı müasir iqtisadi islahatların prioritetlərindən biri olmalıdır.

-  Sizcə, dövlətin nəzarətində olan böyük büdcəli şirkətlərin hamısı birlikdə özəlləşdirilməyə çıxarılmalıdır və ya ilk olaraq hansı şirkətdən başlamaq lazımdır?

-  Hesab edirəm ki, ilk olaraq xidmət sahələrindən başlamaq lazımdır. Xidmət sahələrinin müəssisələri təkcə iqtisadiyyata xidmət göstərmir, onlar həm də bir iqtisadi mühit formalaşdırır. Ona görə də ilk olaraq bu sahələrdən başlamaq lazımdır. Qeyd etdiyim kimi, bu müəssisələrin hər birinə fərdi yanaşma olduğuna görə, onların eyni vaxtda başlanmasında problem yoxdur.

-  Əsas təndiq olunan sahələrdən biri də ölkədə tenderlərin şəffaf keçirilməməsidir. Məsələn, vaxtı ilə elektrik enejisinin paylanması üzrə Almaniyanın Simens şirkəti ilə Türkiyənin Barmek şirkəti arasındakı qalmaqalın şahidi olmuşuq. Simens tenderdə qalib gəldiyini bildirsə də idarəetmə Barmek şirkətinə verildi. Bu təcrübəyə əsaslanaraq tenderlərin şəffaf və ədalətli olacağına inanırsınızmı?

-  İnanıram ki, şəffaf və ədalətli tenderlərin keçirilməsini təmin etmək olar. Burada əsas məsələ nədir? Müəssisələrin özəlləşdirilməsində marjinal ( tələb və ehtiyaclarını təmin etmək) hədəf və məqsədlər önə çıxarılmamalıdır. Yəni, daha çox pul qazanmaq, daha baha satmaq məqsədləri yox, işi daha yaxşı təşkil etmək formasını tapmaqdan söhbət getməlidir. Güman edirəm ki, siyasi iradə olduqca, bu sahədə ciddi mütəxəssislər var və bu işi təşkil etmək tamamilə mümkündür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun