AXCP sədrinin mühafizəçisinin həbs müddəti daha beş ay uzadılıb

AXCP sədrinin mühafizəçisinin həbs müddəti daha beş ay uzadılıb
19 Noyabr 2020
Mətni dəyiş

Noyabrın 19-da Bakının Nəsimi rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun barəsində seçilmiş həbs qətimklan tədbirinin müddətini daha beş ay, aprelin 23-dək uzadıb.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, hakim Azər Tağıyev müstəntiq Ramiq Babayevin təqdimatı əsasında prokurorluğun vəsatətini təmin edib.

Qərardan apellyasiya şikayəti veriləcək.

Niyaməddin Əhmədov aprelin 16-da Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

AXCP-nin məlumatına görə, aprelin 28-də fəal saxlanıldığı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb və ağır işgəncələrə məruz qoyulub.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".

Mayın 16-da inzibati həbs müddəti başa çatdıqdan sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, Qabil Məmmədov adlı şəxsin Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, Məmmədov hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb,” məlumatda deyilir.

AXCP fəalının həbsi prezident İlham Əliyevin müxalifəti kəskin tənqidlərindən sonraya təsadüf edib.

AXCP sədri Əli Kərimli bildirib ki, Niyaməddin Əhmədovun terrorçuluğun maliyyələşdirilməsi kimi ağır, gözlənilməz cinayətdə ittihamı sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun