ÜST: Gənc və sağlam insanlar COVID-19 peyvəndini 2022-ci ilə qədər gözləməli olacaq

ÜST: Gənc və sağlam insanlar COVID-19 peyvəndini 2022-ci ilə qədər gözləməli olacaq
16 Oktyabr 2020
Mətni dəyiş

Ümumdünya Səhiyyə Təşkilatı gənc və sağlam insanların COVID-19 peyvəndini 2022-ci ilə qədər gözləməli ola biləcəyini deyib.

Ümumdünya Səhiyyə Təşkilatının baş elmi işçisi Sumya Svaminatan cümə axşamı deyib ki, prioritet əvvəlcə səhiyyə, hüquq-mühafizə orqanları və təcili yardım kimi ön cəbhə işçilərinə, daha sonra yaşlılara veriləcək.

Svaminatan 2021-ci ilə qədər yeni koronavirusa qarşı azı bir təhlükəsiz və təsirli peyvəndin olacağını ümid etdiyini, lakin bunun yalnız “məhdud miqdarda” olacağını deyib.

Dünyanın müxtəlif yerlərində 170-dən çox potensial COVID-19 peyvəndi müxtəlif mərhələlərdə insanlar üzərində sınaqdan keçirilir və onlardan 10-u artıq son mərhələdən keçib. ABŞ-ın Johnson & Johnson və AstraZeneca əczaçılıq nəhənglərinin hər birində bu yaxınlarda bir könüllünün xəstələnməsindən sonra bu şirkətlər peyvəndlərinin son mərhələsinin sınaqlarını dayandırıb.

Koronavirus vaksinlərinin inkişafı yarışları Avropada infeksiyanın yenidən yayılması fonunda keçirilir. Belə ki, qitə virusun ikinci dalğası astanasındadır. Qışın yaxınlaşması ilə xəstəliyin artacağından ehtiyat edilir.

Bir gündə 6638 yeni yoluxma halının qeydə alınmasından sonra Almaniya kansleri Angela Merkel və ölkənin 16 ştatının qubernatorları çərşənbə günü bar və restoranların erkən bağlanması və ictimai yerlərdə insanların sayının məhdudlaşdırılması da daxil olmaqla, ümummilli məhdudiyyətlərin yeni bir mərhələsini tətbiq etmək qərarına gəlib.

Fransa prezidenti Emmanuel Makron çərşənbə günü axşam saat 21.00-dan səhər saat 6-ya qədər Paris bölgəsi, Lion, Qrenobl, Eks-en-Provens, Montpelle, Lilli, Ruen və Saint-Etien şəhərlərində komendant saatı elan edib. Komendant saatı şənbə günü qüvvəyə minəcək və azı dörd həftə davam edəcək.

Şimali İrlandiya daha sərt tədbirlər görərək, çərşənbə günündən etibarən ölkədə dörd həftəlik karantin elan edib. Ölkə boyu məktəblər iki həftə, yeməklərin sifarişi və çatdırılması xaricində, bütün bar və restoranların bir ay bağlı olacağı bildirilib.

Londondan alınan məlumata görə, Britaniyanın paytaxtı orta, yüksək və çox yüksək risk kimi təyin olunan koronavirus xəbərdarlıq sisteminin ikinci səviyyəsinə keçmək üzrədir. Liverpool şəhəri ən yüksək - üçüncü səviyyədər və rəsmilər bütün restoran və barları bağlamaq məcburiyyətində qalıb.

Amerika Birləşmiş Ştatlarında da son həftələr gündə orta hesabla 50 mindən çox koronavirusa yeni yoluxma hallarının qeydə alındığı bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun