Cəbrayıl köçkünü: "Diz çöküb torpağı öpəcəm, uzun-uzadı evimizə baxacam"

Cəbrayıl köçkünü: "Diz çöküb torpağı öpəcəm, uzun-uzadı evimizə baxacam"
24 Oktyabr 2020
Mətni dəyiş
Yasamal rayonunda yerləşən bu yataqxanada məcburi köçkünlər yaşayır.
86 yaşlı Firuzə Musayeva Cəbrayıl rayonundandır. O vaxt döyüşlər başlayanda hər gün ailəsiylə birlikdə zirzəmidə gizlənirmiş. Rayona atılan bombalardan biri evlərinə çox yaxın yerə düşübmüş:
- Qonşumuzun da evi çox zədələndi, bizimki də. Bomba partlayanda qorxudan ürəyim getmişdi...
 Firuzə Musayeva
Ondan sonra İmişliyə getdik, bir vaxtdan sonra da Bakıya köçdük. Bala, evimə qayıtdığım gün diz çöküb torpağı öpəcəm, uzun-uzadı evimizə baxacam. Bəlkə özüm görə bilməyəcəm o günü, amma uşaqlarım mütləq gedəcək...
 Yusif Şirinov
Firuzə ananın oğlu Yusif Şirinov deyir ki, işğaldan keçən 27 il boyu az qala hər gün Cəbrayılın işğaldan azad edilməsi xəbərini gözləyib:
- Hazırlaşırıq, tezliklə evimizə qayıtmaq istəyirik. Ora çatanda ilk işim həsrətində olduğum torpağı öpmək olacaq. Sonra da məzarlığa gedib əzizlərimin qəbirlərini ziyarət edəcəm...
Zümrüd Əsədova
Zümrüd Əsədova kənddən çıxanda 4 yaşı olduğunu deyir:
- Biz avqustun 23-də çıxdıq evimizdən, rayonumuz işğal edilən gün... Atam heç getmək istəmirdi, evini, yurdunu qoyub getmək pisinə gəlirdi. Saatlıda yaşayan iki dəfə ardımızca "Kamaz" göndərəndən sonra birtəhər razı saldıq.  Atışma səsləri altında, İran sərhəddiylə getdik.
Qapımızda böyük bir qoz ağacı vardı, nənəm həmişə onun altında oturub yuxa salardı. Mən, bacım, qardaşım, məhəllə uşaqları - yığışıb o ağacın altında oynayardıq. Başımızın üstündən qırıcı təyyarələr uçub gedirdi, həm də yaxından uçurdular ki, ağacın budaqları sınıq-sınıq olurdu. Bacım və qardaşım qorxudan ağlamağa başlayırdılar. İndi bunu yadımıza salıb gülürük, çünki belə vaxtlarda o, adətən, qaçıb nənəmin ətəyinin altında gizlənirdi.
Cəbrayılın azad edilməsi xəbərini eşidəndə sevincimdən ağladım. Elə istəyirdim ki, övladlarım da orda böyüsünlər... Böyük oğlumun 13, kiçiyin 11 yaşı var. Əsgərlərimiz haranı işğaldan azad edirlərsə, Azərbaycanın xəritəsində işarələyirlər. Kəndimizin - Soltanlı kəndinin azad olunacağı günü səbirsizliklə gözləyirlər ki, onu da işarələsinlər...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun