Avstraliyanın Melburn şəhərində koronavirus məhdudiyyətləri yüngülləşdirilir

Avstraliyanın Melburn şəhərində koronavirus məhdudiyyətləri yüngülləşdirilir
29 Oktyabr 2020
Mətni dəyiş

Avstraliyanın ikinci ən böyük şəhəri Melburn restoran, kafe və barların yenidən açılması, açıq təmas idman növlərinin bərpası ilə təxminən dörd aylıq koronavirus məhdudiyyətlərinə son qoyub. Melburn Viktoriya ştatının paytaxtıdır.

Ştatın baş naziri Daniel Andryus mətbuat konfransında məhdudiyyətlərin yumşalmasının 16200 pərakəndə satış mağazasının, 5.800 kafe və restoranın, 1000-ə qədər gözəllik salonunun və 800 barın yenidən açılmasına və 180 min işçinin işə qayıtmasına imkan verəcəyini deyib.

Melburn və ətraf bölgələr avqust ayında bir gündə koronavirusa 700 yeni yoluxma halı və ölkə boyu 907 ölüm halından 819-nun qeydə alındığı episentr idi. Çərşənbə günü iyun ayının 9-dan bəri ilk dəfə olaraq Melburnda yeni yoluxma halının qeydə alınmadığı bildirilib.

Sakinlər hələ də maska taxmalıdır. Evdən işləmək qərarı hələ də qüvvədədir və səyahətlər 25 kilometrdən uzaq olmayaraq məhdudlaşdırılır. Lakin bir çox mağaza və restoran pandemiyanın təsirinə məruz qaldığı halda, digərlərində alış-veriş rekord həddə çatıb, bəzi restoranlar isə masalara sifarişi bir ay əvvəldən alıb.

Səyahət məhdudiyyətlərinin noyabrın 9-da qaldırılacağı, Viktoriya sakinlərinin virusun ikinci dalğasının qarşısını sərt tədbirlərlə alan Avstraliyanın digər bölgələrini ziyarət etməsinə imkan veriləcəyi gözlənilir.

Rəsmilər ölkədə koronavirusa 27 min 500-dən çox yoluxma halının qeydə alındığını bildirib. Bu, digər inkişaf etmiş ölkələrdən xeyli azdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun