Əməliyyatın yıxdığı tabular, araladığı qapılar - Mayıs Əlizadə

Əməliyyatın yıxdığı tabular, araladığı qapılar - Mayıs Əlizadə
15 Oktyabr 2020
Mətni dəyiş

Mayis Əlizadə

27 sentyabrda başlayan hərbi əməliyyatlar təkcə Qarabağda və ətrafında deyil, regionda domino daşı təsiri yarada bilər. 1918-ci ildə Osmanlı ordusu Azərbaycanın müstəqilliyinə hərbi dəstək verib əvvəlcə hökuməti himayəsinə alaraq elan edilən sərhədlər içinə gətirmiş (Gəncə), daha sonra isə paytaxtı azad etmişdi.

1992-93-cü illərdə həm milli ordu quruculuğuna, həm də Qarabağ savaşına verilən dəstək də istənilən nəticəni özü ilə gətirib-gəlməsə də ordu quruculuğu prosesinin səbr və təmkinlə davam etdirilməsi, nəhayət, nizami bir Azərbaycan ordusu yaradılaraq  hazırda  davam edən əməliyyatlarda əldə edilən  uğurların səbəbkarı oldu.

Bu durum hər şeydən əvvəl, Qafqazda və müəyyən dərəcədə dünyadakı “erməni mifi”ni darmadağın etdiyi kimi, başda Rusiya olmaqla bölgədə marağı olan bütün ölkələri hər şeyə yenidən baxmağa sövq edəcək. Azərbaycan torpaqları tamamilə azad edilənə qədər əməliyyatlar davam etdirilməlidir” - prinsipinin üstündə duran Türkiyənin, bununla kifayətlənməyib siyasi partiyalar və QHT-lər vasitəsilə “Zəngəzuru da istəyirik” tələbini tədavülə daxil etməsi də yeni durum olub 10 iyulda qəbul edilən yeni Milli təhlükəsizlik doktrinasında İranı özünə “ən yaxın dost” kimi müəyyənləşdirən işğalçı ölkəylə Tehran rejimini də bu və ya digər dərəcədə silkələmişdi. Və bunların hamısından önəmlisi -Cənubi Azərbaycan bölgələrindən Qarabağdakı əməliyyatlara verilən dəstəyin milli şüuru indiyə qədər olmadığı qədər “tətikləməsi” olmuşdu.

Bu, Türkiyədən də bariz şəkildə görünmüş və son 10 ildə Təbrizin “Traktor” futbol komandasının qələbələriylə irəliləyərək “Traktor”un avqustda ölkə çempionu olmasıyla belə demək mümkündürsə, zirvəyə çatan milliyyətçilik duyğularının 27 sentyabrda başlayan əməliyyatlarla ən təbii formatda bir impressionist dalğa yaratması bölgədə daha fərqli situasiyanı ortaya çıxarmışdı. Söhbətin 35 milyon türk əsilli insanın  yaşadığı Cənubi Azərbaycan bölgəsindən getdiyini hər kəsin anladığından əminəm.

27 sentyabrda başlayan əməliyyata Cənubi Azərbaycandan  verilən  tərəddüdsüz milliyyətçi dəstək Türkiyədə 1639-dan bəri sürüb gələn tabuları ağır-ağır da olsa yıxmağa namizəddir: Cənubi Azərbaycandan hərbi əməliyyatlara milliyyətçilik təməlində verilən dəstək “Şah İsmayıl-Sultan Səlim”, “sünni-şiə” çərçivələrində həbs edilmiş  tərəddüdlərə yenidən baxmaq üçün pəncərə açdı. 20 yanvar 1990-da sovet tankları Bakı küçələrində 137 vətəndaşımızı qətlə yetirəndə prezident Özalın “onlar şiədir, İran maraqlansın” şəklindəki reaksiyası, Anadoludakı məşhur deyimlə “bir çuval ənciri bərbad etmiş”, Tehran 30 il bu sözlərdən Türkiyə-Azərbaycan münasibətlərinə “çomaq soxmaq” üçün istifadə etməyə çalışmışdı.

27 sentyabrda başlayan hərbi əməliyyatların Cənubi Azərbaycanda “tətiklədiyi” milli şüurun geri dönülməz xarakter alması və mərhum Özalın Tehranın dəyirmanına su daşıyan o sözlərinin tamamilə mənasızlaşması təkcə Bakının və Təbrizin qazancı olmayıb, Ankaranın da “gəlir” xanəsinə yazılmalıdır.

Zira 27 sentyabrda başlayan hərbi əməliyyatlara Cənubi Azərbaycandan verilən milliyyətçi  dəstək Türkiyə cəmiyyətinin “hiss və duyğularını” aşıb-keçmiş vəziyyətə gəlmişdi. Medianın, siyasətin, alimlərin, QHT-lərin hamısı olmasa da bir qismi artıq “iranlı” və ya “azəri” məfhumlarını tədavüldən çıxararaq əvəzində “Güney Azərbaycan” və “Azərbaycan türkü” məfhumlarını  leksikona daxil edirlər.

Pandemiya dövrünün davam etməsinə baxmayaraq, bəzi QHT-lər, eynilə 1990-91-ci illərdə Türkiyə ilə Azərbaycan arasındakı sərhədləri  laxladan toplantıları  indi də Ankara-Təbriz xəttində təşkil etmək üçün planlar hazırlayırlar. Yəni, son illərdə “Traktor” komandasının müəyyən dərəcədə də olsa təzyiqdən xilas etdiyi  hiss və həyəcan üzərindən yürüyən və  “qəlbdən-qəlbə” formatı içindən çıxa bilməyən qarşılıqlı milliyyətçilik duyğuları 27 sentyabrda başlayan əməliyyatın “tətikləməsiylə” özünə tamamilə yeni məcra açır, Türkiyə və Cənubi Azərbaycanı  Qarabağ gerçəkliyi yaxınlaşdırır, Ankara Təbrizi bu gerçəklik vasitəsilə hiss edib anlamaq üçün “beyin məşqləri” aparır. Bunun dövlət siyasəti halına gəlməsi mümkündürmü?

Gəlməməsinin mümkün olmadığı  müşahidə edilməkdədir. Çünki söhbət sərhədin o tərəfində kompakt şəkildə yaşayan bir toplumdan gedir: milli mənşəyi eyni olan 35 milyonluq bir toplum bölgədə nələri “tətikləməz” ki?

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun